Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Gündəm / “Bakubus”da “təmizləmə”, həbslər də gözlənilir…

“Bakubus”da “təmizləmə”, həbslər də gözlənilir…

Həbsdəki sürücünün oğlu “Atletlər kəndi”ndəki qəza ilə bağlı “Yeni Müsavat”a yeni faktlar açıqladı

I Avropa Oyunları başlamamışdan öncə “Atletlər kəndi”ndə baş vermiş xoşagəlməz olayın – avtobusun 3 atletin üzərindən keçməsi mətbuatın gündəmindən düşmür. İstintaqın ilkin nəticələri haqda məlumatların olmaması olay haqda ən müxtəlif versiyaların yayılmasına gətirib çıxarır.

Bəzi saytların özəl mənbələr vasitəsilə əldə etdiyi bilgilərə görə məlum qəza ilə bağlı “Bakubus” MMC-də “təmizləmələr” həyata keçirilib.

Saytın yazdıqlarından sitat: “Belə ki, ”Bakubus” MMC-nin bir neçə vəzifəli şəxsi işdən çıxarılıb, bəziləri isə məsuliyyətə cəlb olunub. İstintaqın sonunda həbs edilənlərin olacağı gözlənilir. “Bakubus” MMC-yə rəhbərlik edən şəxs də işdən kənarlaşdırılıb. Yol-nəqliyyat hadisəsini törətdiyi üçün həbsə alınmış avtobusun sürücüsü Vəli Əhmədovla (“Kürd Vəli”) bağlı da maraqlı məlumatlar əldə etmişik. Məlumata görə, “Bakubus” MMC-də işə götürülənlərin hər birinin şəxsi işi Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən yoxlanılıb. Ancaq buna baxmayaraq, əvvəllər həbsdə olan Vəli Əhmədov “Bakubus” MMC-də sürücü kimi işə qəbul edilib. Hazırda həbsdə olan Vəli Əhmədovun psixikasında problemlərin yarandığı da bizə verilən məlumatlar sırasındadır”.

V.Əhmədovun oğlu Orxan Əhmədov isə “Yeni Müsavat”a deyib ki, atasının əvvəllər həbsdə olması haqda məlumatlar doğru deyil: “Psixoloji problemi olan insanı ora işə götürərlər? Hərə bir söz deyir. Biri deyir, ”prava”sı yoxdur, amma ingilis dilini bilir deyə işə götürüblər”. Mənim atamı tanıyanlar tanıyır. 25 ildir ki, sürücüdür, hamı da tanıyır, bilir ki, necə şoferdir, necə avtobus idarə edir. Bəlkə də onun kimi avtobusu idarə edən 5 sürücü yoxdur”.

O.Əhmədov əminliklə bildirir ki, qəza təsadüf nəticəsində baş verib. İsrarla deyir ki, qəza ilə bağlı yayılan videoda qəzanın təsadüfən törədilməsini sübut edən detallar var.

Məlumat üçün deyək ki, qəza ilə bağlı yayılan 24 saniyəlik videodan görünür ki, avtobus beton əsaslı 2 yol nişanının üstünə çıxaraq yolun sağ zolağına tərəf dönmə manevri edir və orada hərəkətdə olan piyadaların bir neçəsinin üstündən keçməklə yoluna davam edir.
O.Əhmədov həmin videoda hansı məqamı nəzərdə tutduğunu dəqiqiləşdirmir. Sadəcə, israr edir ki, videoya baxan hər kəs o qəzanın təsadüfən törədilməsini sübut edən detalları görə bilər.

“Mənim atam avtobusda tək olmayıb, orada nə baş verdiyini görənlər olub. Avtobusda nasazlıq olub. Əgər terror olsaydı, indi mən sizinlə danışmazdım” deyə, O.Əhmədov bildirib.

Yada salaq ki, baş vermiş olayla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatda qeyd olunurdu ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib. Adları çəkilən idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilib, sonradan isə müalicələrini davam etdirmələri üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilmələri təmin edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.

E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

Nazirliyin Baş Müfəttişi işdən qovuldu – Rüşvət aldığına görə…

Gəncədə aptek sahibindən rüşvət alan əmək müfəttişi vəzifəsindən azad olunub. Unikal.org-un əldə etdiyi məlumata görə, …

Bir cavab yazın