Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Bakı Tehranla iqtisadi əlaqələri inkişaf etdirmək istəyir

Bakı Tehranla iqtisadi əlaqələri inkişaf etdirmək istəyir

Qərb ölkələrinin İrana qarşı sanksiyaları ləğv etməsi qərarı rəsmi Bakının da İran siyasətinə təsir edib. İrana səfər edən avropalı diplomatların sayı artıb. Fransa, Almaniya və Böyük Britaniya İranla iqtisadi və enerji əlaqələri yaratmaq istəyirlər. Bu prosesdə rəsmi Bakı da iştirak etmək istəyir. .
Azərbaycanın İranla iqtisadi əlaqələri genişləndirmək şansları daha çoxdur.
Birincisi, Azərbaycan İrana qonşu ölkədir, iqtisadi və enerji əməkdaşlığı üçün ciddi zəmin var.
İkincisi, İranda yaşayan azərbaycanlılar Tehranın Azərbaycanla sıx əməkdaşlığına lobbiçilik edəcəklər.
Üçüncüsü, Qərb ölkələrinin böyük enerji şirkətləri Azərbaycan üzərindən İranla əməkdaşlıq etmək şansı qazanacaqlar.
Bu məqsədlə Azərbaycan iqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev avqustun 4-də İrana səfər edib. Səfərin məqsədi Azərbaycanla İran arasındakı iqtisadi münasibətlərin real mexanizmini hazırlamaq, ortaq layihələri hərəkətə gətirməkdir.
Şahin Mustafayevi Tehranda İran prezidenti Həsən Ruhani qəbul edib. Nüvə anlaşmasından sonra dünyanın bir çox şirkətlərinin İranda sərmayə yatırmaq niyyətinin olduğunu deyən Həsən Ruhani bildirib ki, İran ilk növbədə Azərbaycan daxil olmaqla, qonşu ölkələrin sərmayə yatırmasına mühüm əhəmiyyət verilir. Şimal-Cənub Dəhlizinin iki ölkə arasında əlaqələr baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edən İran prezidenti vurğulayıb ki, Azərbaycan İranın Qafqaz regionu ilə əlaqələrində qapı rolunu oynaya bilər: “Azərbaycan da İran vasitəsilə Fars körfəzi və Omman dənizinə və oradan dünyanın hər yerinə çata bilər. Bu səbəbdən bu potensialdan istifadə etmək üçün işbirliyini inkişaf etdirmək lazımdır”.
İran prezidenti əlavə edib ki, neft və təbii qaz sektorları iki ölkə arasında münasibətləri genişləndirəcək sahələrdəndir. O, Xəzər dənizində birgə sərmayə yatırmağın digər ortaqlıqlara yol açacağını vurğulayıb.
Buna cavab olaraq Şahin Mustafayev Azərbaycanın İranla enerji, ticarət, nəqliyyat, sənaye, istehsal, neft, neft-kimya və bankçılıq kimi sektorlarda münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
Beləliklə, Həsən Ruhani Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirməyə hazırdır. İran Azərbaycan üçün böyük bazardır. Bu ölkəyə həm investisiya qoymaq olar, həm də enerji layihələrinin işlənməsində iştirak etmək olar. Azərbaycan öz mallarını İran üzərindən Fars körfəzinə daşıya bilər. Bunun reallaşması üçün isə şimal-cənub dəhlizi tikilməlidir. Təsadüfi deyil ki, Şahin Mustafayevlə birgə Tehranda Azərbaycanın Dəmir Yollarının rəhbəri Cavid Qurbanov da olub.
Dəmir yolunun tikintisinin sürətləndirilməsi aktualdır. Bu eyni zamanda Rusiyanın da maraqlarına uyğundur. Bu dəhlizlə Rusiya, Çin, Mərkəzi Asiya və Avropa ölkələri öz mallarını İrana və Fars körfəzinə daşıyacaqlar. Şimal-Cənub dəmir yolu Azərbaycanın regional əhəmiyyətini və gəlirlərini artıracaq. Buna qədər Azərbaycanın Xəzərdəki Ələt dəniz limanı da tam tikiləcək. Yeni liman Çin və Mərkəzi Asiya ölkələrindən yük daşıyan gəmilərin gəlişinə hazır olacaq. Gələcəkdə İranın TANAP boru xətti ilə Avropaya qaz daşımaq mövzusu da Tehranla Bakı arasında müzakirə mövzusuna çevrilə bilər.
Azərbaycanla İran arasındakı iqtisadi əməkdaşlığa İranın Azərbaycan banklarında dondurulmuş 500 milyon dollar həcmindəki aktivlərinin bərpası da təsir edəcək. Bu maliyyə iki ölkə arasındakı ticarət həcminin artımına yönələcək.
Rəsmi Bakıdan daha bir addım tələb olunur. İran sanksiyaların ləğvindən sonra Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv edib. İran bunu o görə edib ki, Azərbaycanla əməkdaşlğı genişləndirmək istəyir. Eyni addımı rəsmi Bakı da atarsa, bu iki ölkə arasındakı gediş-gəlişi artıracaq. Bu Azərbaycana İrandan turist axınını artıracaq. Rəsmi Bakı İranla bərabər Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı da ortadan qaldırmalıdır. Bu məsələni uzatmaq Azərbaycan hakimiyyəti üçün getdikcə çətinləşir.
“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın