Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Bakı niyə velosiped üçün uğurlu şəhər deyil?

Bakı niyə velosiped üçün uğurlu şəhər deyil?

Reallıqlar və gerçək səbəblər barədə bilmədiklərimiz

Velosiped biz bakılıların yaralı yeridir. Sağlamlığa faydalı olan bu nəqliyyat növünü sevsək də, onu sürməyə yerimiz və şəraitimiz yoxdur. Adi misal: uşaqlarımıza velosiped alırıq, amma onların parkda rahat velosiped sürməsi üçün yer olmadığını bilirik. 
Hər addımbaşı toqquşma, adamların “ay uşaq, başqa tərəfdə sür” giley-güzarı, danlaması… Qarışıq, basırıq parklarda uşaqların yıxılması, dizini qanatması, qol-qıçını sındırması ehtimalını da nəzərə alsaq, bakılılar üçün bunun niyə əzablı proses olduğunu anlamaq mümkündür. 
Bilmirsən özünü valideynlərin narazılığından qoruyasan, ya terrorçu sürücülərdən
Bakı qəsəbələrindən birində yaşayan Gülnar Əliyeva deyir ki, əvvəl televizorda velosiped sürənlərə baxıb xeyli həvəslənib. Özünə yeni velosiped alıb, bir neçə dəfə Bakı bulvarında sürməyə çalışıb, amma…: “Adamların şikayətindən bezirsən. Valideynlər adamın üstünə qışqırır, çünki balaca uşaqları əzəcəyimizdən qorxurlar. Cavan oğlanlar söz atır, demək olar ki, adamı terror edirlər. Peşman olursan velosiped sürməyinə. Bakı bulvarında velosiped yolları olsa da, camaat onun velosiped yolu olduğunu bilmir. Buna görə də tez-tez toqquşuruq”.
Müsahibimiz deyir ki, hazırda velosipedlə ancaq gəzinti etmək mümkündür. Çünki onları getdikləri hansısa binanın qabağında saxlamaq imkanları yoxdur, oğurlaya bilərlər. Amma Gülnar xanım velosipedin təhlükəli cəhətlərindən də danışdı. Dedi ki, velosipedinin işığı yoxdur və qaranlıqda yolu görə bilmir. Bundan başqa, maşınların velosipedçini vurub qaçma ehtimalı da böyükdür: “Ən vacib məqam isə odur ki, Bakı yolları velosiped üçün tamamilə əlverişsizdir. Səriştəsiz və qayda-qanuna riayət etməyən sürücülər insanı qorxudur. Nə bilirsən ki, yolla getdiyin yerdə maşın gəlib səni vurmayacaq? Yolun kənarı ilə sürsən belə, bu təhlükədən sığortalanmırsan”.
Kirayə velosipedlər – adı var, özü yox…
G.Əliyeva onu da dedi ki, indi velosiped sürən xanımların işi lap çətindir. Çünki kişi sürücülər, piyadalar onlara söz atır, yolda vəziyyətini çətinləşdirirlər: “Adama özünü pis hiss etdirmək üçün hər şeyi edirlər. Biz də velosiped sürmək yerinə özümüzü qorumaqla daha çox məşğul oluruq”.
Velosipedlə bağlı tanınmış ekspert Altay Göyüşovun da xatirələri var. O, daha öncə bizə müsahibələrindən birində bu barədə danışıb. Deyib ki, Bakıda bəzi dünya şəhərlərində olduğu kimi kirayə velosipedlər verilsə də, bu, görüntüdə belədir. Belə ki, əsas qüsur velosipedi götürəndə şəxsiyyət vəsiqəsinin girov qoyulmasıdır  və bu, qanunsuzdur. Bundan başqa, icarə velosiped götürənlərə çox kiçik ərazidə sürməyə icazə verilir. Polis sərhədi “pozmaq istəyənlərin” qarşısını dərhal alır.
Avropa şəhərlərində velosiped populyar nəqliyyat vasitəsidir. Parisdə velosipedlərin ilk yarım saatı pulsuzdur. Bundan başqa, orada velosipedlərin dayanacaqları var. İstədiyin dayanacaqda saxlayıb, velosipedi bağlaya bilirsən. Qeyd edək ki, təbiətə və ekoloji nəqliyyata olan xüsusi diqqətləri ilə seçilən 7,6 milyon nəfər olan İsveçrə əhalisi 2010-cu ildə yeni maşından çox yeni velosiped alıb. “Velosuisse” velosipedini təchiz edən İsveçrə assosiasiyasının məlumatına görə, keçmiş illərdə ölkədə 351 min yeni “dəmir atlar” satıblar. İsveçrədə 2010-cu ildə 2008-ci ildən 3 dəfə, 2005-ci ildən isə 22 dəfə çox – 39 min elektrik velosipedi satılıb. Bununla bahəm, adıçəkilən İsveçrə assosiasiyası “Auto-Suisse” avtomobilini idxal edir və 2010-cu ildə İsveçrədə velosipedlərdən 57 min az – 294 min yeni avtomobil satılıb.
 
Qaydanı pozanlar 20 manat cərimə ödəyir
Bulvar İdarəsindən aldığımız məlumata görə, hazırda burada 90-a yaxın velosiped var. Şəxsiyyət vəsiqəsini qoymaqla icarəyə velosiped götürmək olar. Burada yalnız velosiped üçün nəzərdə tutulan hissədə gəzintiyə icazə verilir. Piyada zolağında və köhnə bulvarda hərəkət etmək qadağandır. Qaydanı pozanlar 20 manat cərimə ödəməlidir. Əgər velosiped müştərinin əlində xarab olarsa, bu, onun boynunda qalır. Onun xərci də müxtəlif ola bilər.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov velosipedçilər üçün ümidverici xəbər verdi. Nazirlik rəsmisi milli.az xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda velosiped yolları olacaq, amma bunlar gələcək üçün nəzərdə tutulub. Onun sözlərinə görə, velo-yollarla əlaqədar nazirliyə gənclərin müraciəti var. İnsanların velosipedlə, xüsusilə də şəhərin tarixi yerlərində hərəkəti gələcəkdə nəzərə alınacaq.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirdilər ki, velosiped yolunun olmaması onların təhlükəsizliyinin təmin edilməməsi demək deyil. Onlar yolun kənarı ilə başqa nəqliyyat vasitələrinin hərəkətinə mane olmamaqla hərəkət edə bilərlər. Velosipedlərin kütləvi halda istifadəsi olarsa, onlar üçün xüsusi yol salmaq olar. DYP-dən həmçinin bildirdilər ki, ölkədə velosiped sürənlərin sayı çox olmadığı üçün xüsusi zolağa da zərurət yoxdur.
Sovet Azərbaycanında isə paytaxtın baş planında velosiped yolları nəzərdə tutulubmuş. Ona görə də indi gözlənilən odur ki, velo-yollar haqqında qərar qəbul olunsun və layihəçilər hər hansı kompleksi və ya yaşayış rayonunu layihələndirəndə velosiped üçün də xüsusi zolaq yaratsınlar. Maşın yolu, piyada yolu kimi. Tədqiqat göstərib ki, həftədə velosipedlə 30 kilometr yol qət etməklə ürək xəstəliklərinin yaranma riskini düz 50 faiz azaltmaq mümkündür. Bu gəzinti zamanı müxtəlif qrup əzələlər işləyir və bu, yalnız ürəyə deyil, digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir. Velosiped sürməklə artıq çəkidən də xilas olmaq mümkündür. 1 saat velosiped sürən şəxs təxminən 300 kilokalori atır. Hər gün yarım saat velosiped sürmək 11 kiloqram piyi əritməyə imkan verir.
Yol hərəkəti haqqında 1968-ci ildə dünyada qəbul olunmuş konvensiyada isə bildirilib ki, nəqliyyat kimi velosipedin inkişafı üçün tədbirlər görülsün və bununla bağlı dövlətlərə xüsusi təklif də verilib. Buna görə də bir çox ölkələrdə yol infrastrukturunda velosipedlərin də hərəkəti nəzərə alındı və eni bir metr olmaqla velosiped zolaqları salındı. Konvensiyada velosipedçilərin yolda hərəkəti barədə də məlumatlar yer alıb”.
 
Velosiped üçün xüsusi zolaqlar gündəmdə deyil
Bakıda velosipedlərin hərəkəti üçün xüsusi zolaqlar çəkilməsi hələlik gündəmdə deyil. Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin mətbuata verdiyi məlumata görə, hələlik bu, planda deyil. Onun sözlərinə görə, gələcəkdə şəhərdə yeni yol salınarsa bu məsələyə baxıla bilər.
“Bunu mövcud yollarda etmək mümkün deyil. Bununla bağlı standartlar da müəyyənləşməyib. Lakin yaxın gələcəkdə yenidən qurulan yollarda belə bir təcrübə tətbiq edilə bilər”, – deyə Anar Nəcəfli bildirib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın