Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Bəxtiyar Vahabzadənin daha 2 əlyazısı, İskəndər Həmidovun isə yalanı üzə çıxdı

Bəxtiyar Vahabzadənin daha 2 əlyazısı, İskəndər Həmidovun isə yalanı üzə çıxdı

Bir neçə gün əvvəl, Strateq.az saytında mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin 1992-93-cü illərdə Daxili İşlər naziri olmuş İskəndər Həmidova yazdığı məktubun əlyazısını təqdim etmişdik (Bax.: “Bəxtiyar Vahabzadənin Daxili işlər nazirinə şok məktubu üzə çıxdı” məqaləsində). Bu məqalə, eləcə də əlyazının surəti yayılan kimi, mediada və sosial şəbəkələrdə dərhal geniş müzakirə açıldı, rəylər öyrənildi. Müzakirələrdə mərhum prezident Elçibəyin komandasının o vaxtkı idarəçilik üslübü mövzusunda geniş diskussiya aparılmaqla yanaşı, tanınmış xalq şairimizə o dövrdə bir nazir səviyyəsində göstərilən münasibətdən narazılığını ifadə edənlər də oldu, bizi bu məktubu yaymaqda qınayanlar da… Hətta Bəxtiyar Vahabzadə ilə bağlı bilmədiyimiz, media üçün yeni sayılan maraqlı xatirələrini bölüşən məşhurlar da tapıldı. Ancaq heç gözləmədiyimiz reaksiyanı isə yazıda adı çəkilən qəhrəmanlarımızdan birindən –sabiq Daxili İşlər naziri İskəndər Həmidovdan aldıq. Əvvəlcə “XuralTAC”-a (Əvəz Zeynallıya), daha sonra da “Hürriyyət” qəzetinə (moderator.az-ın baş redaktoru Zülfüqar Hüseynzadəyə) müsahibə verən İskəndər Həmidov məktubu “cəfəngiyyat” adlandıraraq, “…Məktubun nə stilistikası, nə da xətt Bəxtiyar Vahabzadəyə məxsus deyil”, – söylədi, bizi “sifariş” yerinə yetirməkdə, ona qarşı hansısa qarayaxma kampaniyası aparmaqda suçladı. Və hətta fürsətdən yararlanıb, hökumətin şəninə bir-iki tərif  yağdırdıqdan sonra “Bəxtiyar Vahabzadə mənimlə bağlı Heydər Əliyevə də məktub yazıb, onu niyə vermirlər?” deyə, giley və arzusunu da çatdırdı. Sosial şəbəkələrdə isə İskəndər bəyin bu cavabını əsas götürərək “olmayan bir şeyi yazmaqda məqsədiniz nədir” sualıyla qolunu çırmalayıb hay-həşirlə üstümüzə gələnlər də ortaya çıxdı…

Biz bir daha bildiririk ki, böyük xalq sevgisi qazanmış unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin üzərində imzası olan, nişanəsini saxlayan nəinki sənədləri, onun xoş xatirəsini andıran hər cümləni,  hər sətri belə, sevə-sevə yayınlamağa hazırıq – necə ki, bundan qabaq daha bir möhtəşəm şairimiz Məmməd Arazın, tanınmış yazıçımız Mirzə İbrahimovun məktublarını yayınlamışdıq.

Hələliksə, özünü peşəkar polis işçisi sayan və əminliklə “…Məktubun nə stilistikası, nə də xətt Bəxtiyar Vahabzadəyə məxsus deyil” söyləyən, bununla da bizi yalançı və saxtakar çıxarmağa çalışan İskəndər bəyə, eləcə də onun dəstəkçilərinə araşdırıb müqayisə etmələri üçün rəhmətlik Bəxtiyar Vahabzadənin 3 fərqli tarixlərdə və ayrı- ayrı məqsədlərlə yazılmış əlyazılarını  təqdim edirik: sənədin biri Bəxtiyar Vahabzadənin 4 iyun 1969-cu ildə öz əliylə yazdığı tərcümeyi-halın, biri Məsud Vəliyevin “Azərbaycan Sovet nəsrinin inkişaf yolları” əsərinə 2 iyun 1968-ci ildə yazdığı rəyin, biri isə İskəndər Həmidova yazdığı məktubun surətləridir…

İndi oxuyun, sənədləri tutuşdurub müqayisə edin və kimin yalan danışdığına da özünüz qərar verin:

1. Bəxtiyar Vahabzadənin 1969-cu ildə yazdığı tərcümeyi-halı

Bextiyar-1.JPG

Bextiyar-2.JPG

Bextiyar-3.JPG

 

2. Bəxtiyar Vahabzadənin 1968-ci ildə Məsud Vəliyevin əsərinə yazdığı rəy

Bextiyar-rey.JPG

3. Bəxtiyar Vahabzadənin Daxili İşlər naziri İskəndər Həmidova yazdığı məktub

bextiyar.jpg

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın