Ana səhifə / Gündəm / Bələdiyyə sədri iş adamının əmlakını qəsb edir, prokuror susur…

Bələdiyyə sədri iş adamının əmlakını qəsb edir, prokuror susur…

“Mənim hələ 1992-ci ildə dövlət aktı ilə aldığım qanuni 2 hektar torpaq sahəmin bir hissəsi bələdiyyə tərəfindən qeyri-qanuni şəkildə başqa adamlara satılıb”.

Bunu virtualaz.org saytına açıqlamasında yaşadığı rayondakı vəziyyətdən şikayət edən Masallı rayon sakini Akif Əsgərov deyib.

Şikayətçi bildirir ki, Masallı Rayon İcra Hakimiyyəti (RİH), Masallı şəhər bələdiyyəsi və rayon prokurorluğu qanun pozuntusuna yol verib:“Masallı rayonunda dövlət aktı ilə torpaq alıb sənədləşdirmişəm. Təsis etdiyim “Mətin” MMC də Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçib. Amma bələdiyyə 2001-ci ildən bizim işimizə maneələr yaratmağa başladı. Gah daşımızı, gah taxtanı oğurladılar, gah da işığı kəsdilər və s.

Aldığım 2 hektar torpaq sahəsini hasara almışdım. Müəssisədə işləyən fəhlələr üçün soyunub-geyinmə otağı, hamam-tualet tikilmişdi. Bizim müəssisə müxtəlif bitkilərin əkini ilə məşğuldur.

2009-cu ildən etibarən bələdiyyə mənə məxsus torpağı başqa adamlara satmağa başladı. Mənə bu barədə fəhlələr xəbər verdi. Bundan sonra rayon icra hakimiyyətinə şikayət elədim. İcra başçısı bələdiyyə sədrini danladı, ona tapşırıq verdi ki, torpağa görə mənə kompensasiya ödənilsin”.

A.Əsgərov deyir ki, bir müddət sonra o, Rusiyaya gedəndə bu hal yenidən təkrarlanıb: “Bələdiyyə mənim torpağımı bir neçə nəfərə satdı və həmin adamlarla məni üz-üzə qoydu. Mən buna görə bələdiyyəyə üz tutanda bildirirdilər ki, torpağı biz zəbt etməmişik, filankəs tutub, ondan tələb elə. Nəticədə mənim yarım hektar torpaq sahəm əlimdən çıxdı. Oranı təzədən hasara almaq, fəhlələrə geyinib-soyunma otağı tikmək üçün 50 min manata yaxın xərcim çıxmışdı. İki il ərzində avadanlıq yığdım ki, yenidən fəaliyyətimizi davam etdirək.

2014-cü il, iyulun 7-də mənə yenidən zəng gəldi ki, bələdiyyə hasarı uçurub, fəhlələrin qaldığı yeri dağıdıb. Bələdiyyə sədri Azər Baxşıyev özü də hasarı dağıdarkən təhlükəsizlik kamerasına düşüb. Bu hadisədən sonra – iyulun 11-də Masallı Rayon Prokurorluğuna müraciət etdim. Prokurorluqdan mənə bildirdilər ki, bələdiyyə sədri səhv edib, cinayət törədib, bunu etməməli idi, sən onu məhkəməyə ver.

Mən də elə etdim. Amma məhkəmə də mənə cavab verdi ki, kimi, nəyin əsasında həbs edək. Hakim dedi ki, qoy prokurorluq cinayət işi qaldırsın, məlumatı mənə göndərsin, mən də onun əsasında hərəkət edim.

Məhkəmədən mənə verilən bu cavabı rayon prokurorluğuna da çatdırdım. Amma bu iki dövlət qurumunun heç biri qanunsuzluğun qarşısını almaq üçün heç nə etmədi”.

Rayon ərazisində aidiyyəti qurumlara müraciətlərindən heç bir müsbət nəticə əldə edə bilməyən A.Əsgərov nəhayət, son çıxış yolunu Respublika Baş Prokurorluğuna müraciət etməkdə görüb.

Şikayətçinin sözlərinə görə, o, Baş Prokurorluqda ayrı-ayrı vaxtlarda idarə prokuroru, şöbə rəisi, nəhayət, baş prokurorun müavini Rüstəm Usubovla görüşüb: “Müraciət etdiyim hər yerdə mənə söz verdilər ki, bu məsələ araşdırılacaq, rayonda baş verənlər qanunsuzluqdur. Bu iş Masallı Rayon Prokurorluğuna göndərilir, orada da qərar verirlər ki, işdə cinayət tərkibi yoxdur və cinayət işi başlanmır. Rayon prokurorluğunun bu qərarından məhkəməyə şikayət verdik. Hakim də bu qərarı ləğv etdi ki, sübutlar, şəkillər var, məsələ yenidən araşdırılsın. Mənim ərazidəki hasarlara qoyduğum təhlükəsizlik kameralarında bütün görüntülər var. Hətta bələdiyyə sədrinin özünü hasarı təpiklədiyi də aydın görünür. Rayon prokuroru isə məsələnin üstünü bağlayır ki, bir tərəfdə rayon icra başçısıdır, digər tərəfdə bələdiyyə sədri, mən kimi həbs edim…

İndi də istəyirəm ki, məsələni ictimailəşdirim. Mətbuat vasitəsilə prezidentə səslənirəm ki, bu qanunsuzluğa son qoyulsun”.

A.Əsgərov məsələyə aydınlıq gətirmək üçün dəfələrlə bələdiyyə sədrinin özü ilə də görüşdüyünü, amma bunun da nəticəsiz qaldığını deyir: “Niyə belə iş tutduğunu bələdiyyə sədri Azər Baxşıyevin özündən də soruşuruq. O da deyir ona icra başçısı tapşırır ki, uçursun. Azər Baxşıyev dedi ki, onun yerində başqa sədr olsa, o da eyni şeyi edəcək. Baş Prokurorluqdan isə mənə bildirildi ki, bu məsələ araşdırılacaq. Baş Prokurorluqdan Masallı Rayon Prokurorluğuna zəng ediblər. Mən rayon prokurorunun qəbulunda olanda isə o, bunu inkar etdi. Dedi ki, ona heç bir zəng gəlməyib, gərək yazılı müraciət daxil olsun. Bir də müraciət edəndə isə deyir ki, bu işi həll edə bilmir, çünki başçı buna icazə vermir”.

Akif Əsgərov təhlükəsizlik kamerasındakı görüntülərdən çıxardığı fotoları da redaksiyamıza təqdim edib. Onun sözlərinə görə, görüntülərdə hasarı uçurmaq məqsədilə təpikləyən şəxs bələdiyyə sədri Azər Baxşıyevdir.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın