Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Gündəm / “Aztelecom”un həbsdə olan rəisinin bacısı oğlu kimin “obyektini” mənimsəyib? – ŞOK VİDEO

“Aztelecom”un həbsdə olan rəisinin bacısı oğlu kimin “obyektini” mənimsəyib? – ŞOK VİDEO

Məhəmməd Məmmədovun vətəndaşın mülkünü ələ keçirmiş bacısı oğlu Cəfər Babayevdən Baş prokurora şikayət edildi…
Bakı şəhər sakini Əliyev Tahir İmran oğlu Baş Prokuror Zakir Qaralova ünvanlı şikayətinin bir surətini «Təzadlar»a göndərib… Söhbət “Aztelecom” İB-nin həbsdə olan rəisi Məhəmməd Məmmədovun bacısı oğlu Cəfər Babayevin vətəndaşın mülkünü ələ keçirərək mənimsəməsindən, onun mülkiyyət hüququnu kobud surətdə pozmasından gedir…
Onu da qeyd edək ki, Cəfər Babayevin mövqeyini öyrənmək üçün bir müddət əvvəl onunla telefon əlaqəsi yaratdıq, lakin onun mobil telefonu söndürülmüşdü…
Aşağıda T.Əliyevin şikayət məktubunu ixtisarla təqdim edirik:
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova!
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab K.Əliyevə!
Surəti: “Təzadlar” qəzeti redaksiyasına!

Bakı şəhəri Mircəlal küçəsi145, mənzil 152-də yaşayan Əliyev Tahir İmran oğlu tərəfindən şikayət…
Nəzərinizə çatdırıram ki, ötən ilin sonlarında korrupsiya əməllərinə və MTN-nin sabiq naziri Eldar Mahmudovun və komandasının qanunsuz əməlləri ilə bağlı işdən çıxarılan bəzi məmurların törətdikləri əməllərin altını hələ də çəkirik. E.Mahmudovun ətrafında olan bir çox general və zabitlər həbs olundu. Onların hazırladıqları dövlət çevrilişinə dəstək verənlərdən bəziləri, bu sırada rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsi ilə vidalaşdı, nazirliyin aparat rəhbərliyi Vidadi Zeynalov, Bakı telefon rabitəsi istehsalat birliyinin (BTRİB) rəisi Beytullah Hüseynov, “Aztelecom” İB rəisi Məhəmməd Məmmədov və digərləri haqqında həbs qətimkan tədbiri seçildi. Hazırda bildiyimizə görə bu rabitəçilərin yol verdiyi korrupsiya əməllərini Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları araşdırır və istintaq gedir. Elə ona görə mən də bu insanlardan zərər çəkmiş şəxs kimi sizə müraciət etmək qərarına gəldim.
Hörmətli cənablar!
Məlumat üçün bildirim ki, uzun müddət Rabitə Nazirliyinin təsərrüfat hesablı emalatxanasının keçmiş Hüsü Hacıyev küçəsi-9-da, indiki Azərbaycan prospekti 9-da yerləşən filialında telefon ustası işləmişəm. Həm nazirliyin balansında olan idarələrin, həm də şəxsi ev telefonlarının təmiri ilə məşğul olmuşam. İşlədiyim 17 il ərzində obyektdən nazirliyə hər ay vaxtlı-vaxtında qoyulan planı ödəmişəm. Bundan əlavə, obyektin saxlanmasını və aybaay işıq pulunun ödənilməsini təmin etmişəm. Artıq məqamı çatanda həmin obyekti özəlləşdirmək qərarına gəldim. Bütün sənədlər hazırlanıb lazımı yerlərə təqdim edildi. Bu sənədlər əsasında mənə qeydiyyat vəsiqəsi (kupça) verilməsi məqsədəuyğun hesab edildi. Həmin ərəfədə hazırda həbsdə olan Məhəmməd Məmmədov BTRİB-in rəisi vəzifəsini daşıyırdı. Obyekti özəlləşdirmək istəyimdən xəbər tutan M.Məmmədov tutduğu vəzifəsindən sui-istifadə edərək, qeyri-qanuni şəkildə həmin obyekti bacısı oğlu Cəfər Babayevin adına özəlləşdirdi. Hara şikayətə getdimsə, oradan M.Məmmədovun təzyiqini gördüm. M.Məmmədov “Aztelecom”İB-nın direktoru olanda da şikayət etdim, lakin bu cəhdlərim də uğursuz alındı. M.Məmmədov hətta buna görə məni və ailəmi hədələtdirdi. Mən də qorxumdan bir daha səsimi çıxartmadım.
Bu qanunsuz özəlləşmədən artıq 13 il keçir. Nəhayət, 13 ildən sonra haqq-ədalət öz yerini tapdı və mənim kimi yüzlərlə insanın haqqını yemiş M.Məmmədov artıq həbsxanadadır. Mən bilirəm ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları digər həbs olunanlarla yanaşı M.Məmmədovun da obyektlərinin axtarışındadırlar. Hazırda göstərdiyim Azərbaycan prospekti-9 (Mərkəzi Univermaq adlanan «SUM»-un yanında) yerləşən həmin obyekti M.Məmmədovun bacısı oğlu Cəfər Babayev aylığı 600 manata icarəyə verib. Mən Cəfərin (050) 211-.. – nömrəli mobil telefonuna zəng vurub, 13 il əvvəl yol verdikləri qanunsuzluğu və saxta yolla mənim işlətdiyim obyektə kupça aldığını yadına saldım. Xahiş etdim ki, gec də olsa, həmin obyekti özümə qaytarsın. Ancaq Cəfər “Deyəsən, yaranmış vəziyyətdən istifadə etmək istəyirsən?” sualını verib, məqsəddən yayınmaq istədi. Lakin ona izah etməyə çalışdım ki, dayın M.Məmmədovun vəzifəsindən sui-istifadə edərək siz məni 17 il işlədiyim obyektdən heç bir kompensasiya vermədən çölə atdınız. Bəs, bunu Allah götürərmi? Bu neçə ildə mənim heç bir yerə şikayət etməyimə imkan verməmisiniz. Özümü və ailəmi hədələmisiniz. Bəs, mən nə etməli idim? İndi gec də olsa, ya mənim obyektimi qaytarın, ya da mənə kompensasiya ödəyin. Lakin Cəfər bunları eşidəndən sonra, “Get işinlə məşğul ol” deyərək telefonu bağladı və bir daha həmin telefon nömrəsinə zəng çatmadı.
Hörmətli cənablar!
İndi sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim “Aztelecom”İB-nın sabiq direktoru M.Məmmədovun vəzifəsindən sui-istifadə edərək 13 il əvvəl pozmuş olduğu hüququmun bərpasına kömək edəsiniz. Onlar ya mənim obyektimi özümə qaytarsınlar, ya da mənə kompensasiya ödəsinlər. M.Məmmədovun bu özbaşınalığının nəticəsində mən obyektdən çölə atıldım və uzun illər işsiz qaldım. Bu illər ərzində mən xeyli maddi ziyan və mənəvi əzab çəkmişəm. İnanıram ki, gec də olsa, mənə qarşı qanunsuzluğa yol verənlər sizin sayənizdə ciddi cəzalanacaqlar və mənim pozulmuş hüququm bərpa olunacaq.
Əvvəlcədən sizə dərin təşəkkürümü bildirirəm və əminəm ki, haqq-ədalət öz yerini alacaq.
Hörmətlə: Tahir İmran oğlu Əliyev
Redaksiyadan: Yazı çapa hazırlanarkən yenidən Cəfər Babayevin mobil telefonuna zəng vurduq, lakin telefon söndürülmüşdü. Onun da mövqeyini dinləməyə hazırıq.
Elçin Məmmədli

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın