Ana səhifə / Gündəm / AZAL vətəndaşları aldadır – biletlər ucuzlaşmayıb

AZAL vətəndaşları aldadır – biletlər ucuzlaşmayıb

Ekspertlər bildirirlər ki, qiymət azalması xəbəri ilə ictimai rəyi sakitləşdirməyə çalışırlar, əslində vətəndaş çaşdırılır…

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) qiymətləri endirməsi ilə bağlı məlumat yayıb. Ancaq ekspertlər ciddi bir endirimin olmadığını bildirir və bu addımla AZAL-ın ictimaiyyəti çaşdırdığını qeyd edirlər.

Qeyd edək ki, iyulun 21-də AZAL özünün aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər), həmçinin aviaşirkətin bütün mövcud reysləri üzrə təyyarələrdə aşağı tarifli yerlərin yeni blokunu tətbiq edib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu tədbirlər dövlət başçısı İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq görülüb.

İyulun 16-da “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasında İdarə heyətinin sədri Cahangir Əsgərov hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının araşdırılmasını, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb.

İyulun 21-də “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclası keçirilib. İclasda aviabiletlərin cari qiymətlərinin azaldılması üçün təkliflər dinlənilib. Məruzələr nəticəsində bu məsələ ilə bağlı konkret tədbirlərin görülməsinə qərar verilib. Xüsusilə “Azərbaycan Hava Yolları” aşağıda göstərilən istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) yaradacaq:

– Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;
– Bakı-İstanbul-Bakı – bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;
– Bakı-Moskva-Bakı – bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;
– Bakı-Dubay-Bakı – bu ilin oktyabrından başlayaraq hər gün bir uçuş.

Yeni reyslərin başlama tarixinin müxtəlif olması xidmət göstərilməsi üçün hava limanları ilə müqavilələrin imzalanması, xarici hava limanlarında icazələrin alınması kimi prosedur məsələlərlə əlaqədardır.

Bu sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşımalarının biznes-modeli tətbiq olunacaq. Uçuşlar “Embraer” təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq. Bundan əlavə, “Azərbaycan Hava Yolları”nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar qəbul edilib. Bu tarif siyasəti yeni lou-koster istiqamətlərə şamil olunmayacaq.

Beləliklə, bu ilin avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq.

Ekspertlər isə bildirirlər ki, AZAL-ın qiymət endirimi barədə bildirişi həqiqəti əks etdirmir. Bu, gözdən pərdə asmaq üçün atılmış addımdır. Qiymətlərin avro ilə müəyyən edilməsi isə təkcə qanun pozuntusu deyil, həm də manata olan güvənsizlik işarəsidir.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində AZAL-ın qiymət azaltması ictimai rəyi yumşaltmağa və sakitləşdirməyə hesablanmış addımdır: “Əslində heç bir azalmadan söhbət getmir. Çünki açıqlanan rəqəmlər də bunu sübut edir ki, AZAL müəyyən reyslərdə müəyyən biletlərə endirim edib. Müəyyən reyslərdə biletlərin 30 faizini ucuz qiymətlərlə satacaq və bunun necə tənzimlənəcəyi bəlli deyil. Bu məsələ hansı qaydalara görə tənzimlənəcək, bununla da bağlı heç bir rəsmi açıqlama yoxdur. Yəni mən rəsmi müraciət etdikdə, necə bilməliyəm ki, 30 faizlik yerlər tutulub? Mənə eyni təyyarəyə daha baha qiymətə bilet satacaqlar. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi isə hətta 99 avroya ucuz biletləri alsaq belə, bu biletlərlə cəmi 5 kiloqram əl çantasını pulsuz keçirməyə icazə tanınır. Amma hər əlavə çamadana görə 50 avro ödəniş etməlisiniz.

İndiki kursla hesablayanda, 99 avro 115-117 manata bərabərdir. İkitərəfli bilet alsanız, bu, 230 civarında olur. 230 manat civarında olan biletin bir çamadanı da olsa, əlavə 50 avro verməlisiniz, bu, 55 manat edir. Qayıdanda həmin çamadanla qayıtsanız, yenidən 50 avro ödəməlisiniz. əgər alış-veriş etmisinizsə, əlavə bir çamadanınız da varsa, 100 avro verməlisiniz. Bu da 380 manata qədər gəlib çıxır. Bu, endirim deyil. Sadəcə, bu xəbərləri yaymaqla ictimai rəyi sakitləşdirməyə çalışırlar. Göstərməyə çalışırlar ki, prezidentin müdaxiləsindən sonra AZAL hər hansı bir addım atdı. Əslində heç bir addım atılmayıb və bunun özü heç bir problemi həll etməyəcək. Dəfələrlə demişik ki, bunun yeganə yolu AZAL-a rəqib kampaniyaların ölkəyə girişinin təmin olunmasıdır. Yəni AZAL mütləq rəqabətli mühitin olmasına çalışmalıdır, 4-5 kampaniya Azərbaycana birbaşa daxil olmalıdır. Gürcüstanda artıq 12 aviaşirkət çalışır. Bu da rəqabətli mühit yaradıb orada. AZAL-ın əlindən aeroportun işlədilməsi alınmalıdır. Çünki bu, məntiqsizdir. AZAL özünə xeyir edəcəyi səviyyədə aeroport işlətmələrini görür, digər şirkətlərə daha böyük qiymətlər oxuyur. Bunun özü ciddi problemdir və həll olunmalıdır”.

Ekspertin sözlərinə görə, qiymətlərin avroda elan olunması qanunvericiliyə ziddir: “Ölkə qanunvericiliyinə görə, ölkə ərazisində bütün ticarət qiymətləri milli valyuta ilə göstərilməlidir. Burada qanun pozuntusu var. İkinci məsələ ondan ibarətdir ki, AZAL cəmiyyətə bir mesaj verir, yəni Azərbaycan manatına güvənmək olmaz. Azərbaycan manatının məzənnəsi oynaya bilər, manat dəyərdən düşə bilər. Ona görə xarici valyutada qiymət təqdim edib, bilet alınan günə olan məzənə ilə satacağıq. Bu, əslində cəmiyyətə çox neqativ bir mesajdır. Bu, birbaşa qanun pozuntusudur. AZAL-la bağlı problem bu addımlarla, bu cür endirimlərlə heç vaxt həll olunmayacaq. Bunun üçün rəqabətli mühit yaradılmalıdır ki, AZAL özünü bazarda tək hiss etməsin və istədiyi kimi qiymət qoymasın”.

RÖYA

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın