Cümə , Oktyabr 22 2021
Ana səhifə / Gündəm / AZAL-ın covid pasportu oyunu – Niyə əhaliyə dəqiq məlumat verilmir?

AZAL-ın covid pasportu oyunu – Niyə əhaliyə dəqiq məlumat verilmir?

“Azərbaycan Hava Yolları” (AZAL) xarici ölkələrə uçuş zamanı sərnişinlərdən PCR testləri ilə yanaşı COVID-19 pasportu da tələb edib.

Bu barədə şikayətlə Bakupost.az -a müraciət edən sərnişinlər bildirib ki, AZAL-ın tətbiq etdiyi qaydalar sırasında pasportla bağlı heç bir tələb olmadığı halda, uçuş zamanı onlardan buna dair sənəd tələb olunub.

AZAL-ın rəsmi “Facebook” hesabında COVID-19 pasportu ilə bağlı vətəndaşların xeyli sayda sorğusu var. Lakin heç biri cavablandırılmır.

Bəs uçuşlarda PCR testi ilə birlikdə pasportun da tələb edilməsinə ehtiyac varmı?

Millət vəkili Fazil Mustafa açıqlamasında uçuşlar zamanı sərnişinlərdən COVID-19 pasportunun tələb edilməsinin düzgün olmadığını bildirib:

“COVID-19 pasportu ilə məsələ həll olunmur. Hər hansı bir şəxsin kovid pasportu ola bilər, amma ehtimal var ki, o, yenidən koronavirusa yoluxsun. Bu, onu deməyə əsas vermir ki, pasportu olan uçuşlara buraxılmalıdır. Temperatur, maska və s. bu kimi yoxlanışlar da aparılmalıdır. Əgər koronovirusla bağlı əlamətlər yoxdursa, o zaman uçuşa icazə verilməlidir. Hərədən bir sənəd tələb edərək insanları acınacaqlı duruma düşürürlər. Eləsi var, son 6 ay ərzində xəstəliyi keçirib, amma qeydiyyata düşməyib və ya vaksin vurdurmayıb. Bunların hamısından pasport tələb etmək düzgün deyil.

Konkret olaraq xəstəliklə bağlı əvvəlki vaxtlarda uçuşlara dair hansı qaydalar, tələblər var idisə, o da tətbiq edilməlidir. Yəni test verilsin, əgər koronavirus aşkarlanmayıbsa uçuşa buraxılsın. Vətəndaşa əziyyət vermək, sərnişini test üçün məhz AZAL-ın özünün seçdiyi klinikalara göndərib pul ödətmək və bu kimi digər məsələlər başa düşülməzdir. Onsuz da testlərdən də pul qazanırsınız. İmkan verin, testini verib, təyyarəyə minib getsin. Pasport nə deməkdir? Nə oyunbazlıqdır?”.

“Smart Hotel Menecment” şirkətinin direktoru, Skal Turizm Peşəkarları Assosasiyasının prezidenti Ceyhun Aşurov isə qeyd edib ki, təşkil olunan uçuşu qəbul edən bəzi ölkələrdə COVID-19 pasportuna dair tələblər var:

“Bu tələb AZAL-a məxsus deyil. Amma bəzi ölkələr var ki, kovid testi ilə yanaşı pasport da istəyirlər. Yəni pasportun olmasını müsbət sayırlar. Düşündükdə deyə bilərik ki, nə fərqi var, PCR testi verilirsə COVID-19 pasportu niyə istənilsin? Əslində, bu, gələcək üçün nəzərdə tutulub. Gələcəkdə kimin COVID-19 pasportu varsa onu yetərli sayacaqlar. Çünki PCR testinin aradan çıxdığı bir vaxtda, sabitləşmə qeydə alındıqdan sonra, müəyyən azalmalar fonunda demək olar ki, bütün sahələrdə COVID-19 pasportları tələb olunacaq. Həm xərc, həm də zaman baxımından testlərə ehtiyac qalmayacaq. Sırf bu baxımdan pasport yetərli hesab olunacaq. Hazırda bizim ölkədə yalnız test tələbi mütləqdir. Pasportu isə qeyd etdiyim kimi, bəzi ölkələr tələb edir”.

Məsələ ilə bağlı AZAL-la əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, bütün hallarda uçuşlar zamanı test tələb olunur. COVID-19 pasportu ilə bağlı sualımıza isə cavab verilmədi.

Qeyd edək ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, COVID-19 pasportunun tələb edildiyi sahələr sırasında hava nəqliyyatı yoxdur.

Həmçinin oxuyun

Özünü doğramaq istəyən həkim danışdı: “Soyuducu xarab olmuşdu…”

Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant Əsədli Aynur Azad qızı intihar etməyə cəhd …