Şənbə , Noyabr 28 2020
Ana səhifə / Gündəm / Azərbaycanda politoloqlar necə pul qazanır? – Araşdırma

Azərbaycanda politoloqlar necə pul qazanır? – Araşdırma

 

Dünyanın aparıcı ölkələrində tanınmış politoloqların aylıq gəlirləri kifayət qədər yüksək olur. Onlar təhsil müəssisələrində mühazirələr deməklə, mətbuata şərhlər verməklə pul qazanırlar.
Məsələn, ABŞ sabiq dövlət katibi Hillari Klinton vəzifəsindən uzaqladığı 16 ay müddətində 12 milyon dollar qazanıb. “Bloomberg” agentliyinin açıqlamasına görə, Klinton 12 milyonu dediyi mühazirələrdən və yazdığı kitablardan əldə edib.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də hakimiyyətdən getdikdən sonra ABŞ-ın Tafts universitetinin yanında Fletçer adına hüquq və diplomatiya məktəbində (The Fletcher School of Law and Diplomacy at Tufts University) Avropa idarəetməsi üzrə mühazirələr deyib. Bunun müqabilində məbləğ açıqlanmasa da eks-prezidentin yüksək qonorar aldığını bildirilir.
Bəs, bizdə vəziyyət necədir? Azərbaycanda politoloqlar harada işləyilər və nə qədər qazanırlar?
AzVision.az bu sualla üzrə olan politoloqlara müraciət edib.
Politoloq Qabil Hüseynli bildirir ki, Azərbaycanda onların konkret iş yeri yoxdur: “Məsələn, mən elmlər doktoruyam, Texniki Universitetin professoruyam. Əsas qazancım da oradan aldığım maaşdır. Politoloji şərhlərə və ekspert rəylərinə görə heç kimdən pul almıram. Yəqin ki, digər həmkarlarım da belə edirlər”.
Televiziyalardakı çıxışlarına görə qonorar almadığını deyən Q.Hüseynlinin sözlərinə görə, politoloji fəaliyyəti əsasən insanların maariflənməsinə yönəlib: “Bizim politoloji fəaliyyətimiz xalqımızın maariflənməsinə, dövlətin siyasətinin təbliğinə, dövlətçiliyə qaşrı çevrilmiş ideoloji təbliğatların qarşısını almağa istiqamətlənib”.
Mühazirə üçün dəvətlərə gəlincə, politoloq bildirib ki, əvvəllər dəvət olunsa da buna görə pul tələb etməyib.
“O zamanlar dəvət olunduğum yerlər fabrik və zavodlar, əmək kollektivləri idi. Orada kollektivin qarşısında çıxışlar edirdim. Bəzən də rayonlara səfərlərimiz təşkil olunurdu. Yenə də bu işi partiya tapşırığı kimi yerinə yetirirdik. Oxuduğumuz mühazirəyə və yol xərclərinə görə heç bir ödəniş edilmirdi. Fikrimcə, o vaxt təbliğat və təşviqat işləri ilə daha çox məşğul olurduq”.
Keçmiş deputat, elmlər doktoru Fikrət Sadıqovun əsas gəliri universitetdən aldığı maaşdır.
“Bizdə politoloqların qazancı yüksək deyil. Onların bir çoxu politoloji fəaliyyətlə yanaşı dərs deyir, ya elmi idarələrdə işləyir, ya tədqiqatlarla məşğuldur, ya da ki, layhiələrdə iştirak edirlər. Politoloqun müəyyən yazıları, məqalələri çap oluna bilər, amma reallıq ondan ibarətdir ki, həmin qazanc yüksək səviyyədə deyil. Bu, sadəcə özünü və ailəsini dolandırmağa kifayət edəcək məbləğdir”.
Politoloq hazırda ali məktəbdə dərs deyir: “Qərb Universitetində dərs deyirəm, bu universitetin professoruyam. Ondan öncə isə Politologiya İnstitutunda, indiki Dövlət İdarəçilik Akademiyasında işləyirdim. 5 kitabın və yüzlərlə məqalənin müəllifiyəm”.
Həmin kitab və məqalələrdən əldə etdiyi gəlir barədə isə politoloq bunları deyib: “Onu o qədər də yüksək gəlir saymaq olmaz. Qeyd etdiyim kimi, gündəlik ehtiyacları ödəmək üçün kifayət edən gəlirdir. Bunlar villalara, bahalı maşınlara kifayət etməyən məbləğdir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, hazırda politoloqların vəziyyəti acınacaqlı deyil, amma daha yaxşı ola bilər:
“Mənim “Atlas” Araşdırmalar Mərkəzim var, hələ qeydiyyatdan keçirə bilməsəm də müxtəlif layihələr reallaşdırıram. Analizlər yazıram, iki dildə bülleten hazırlayıram, bir sözlə, ciddi narazılığım yoxdur. İşimin həcmini daha da artıra bilərdim, amam çox təəssüf ki, müəyyən maneələr var. İndiki sosial vəziyyətlə müqayisə edəndə isə qazancımın çox az olduğunu düşünmürəm”.
Heç bir ali məktəbdə müəllim olmadığını deyən E.Şahinoğlu təklif olaraq dərs deməyə hazır olduğunu bildirib:
“Nə mühazirə üçün, nə də davamlı dərs demək üçün heç bir ali məktəbdən təklif gəlməyib. Amma təklif gəlsə, qəbul edərəm. İndi 43 yaşım var, onun 23 ilini jurnalistika və politologiya fəaliyyətinə sərf eləmişəm. On ildən çoxdur ki, siyasi analitik, politoloq kimi çalışıram. Amma 9 ildir ki, rəhbəri olduğum mərkəzi ədliyyə Nazirliyində qeydiyyatdan keçirə bilmirəm bu da məni dövlət tərəfindən həyata keçirilən layihələrdən kənarda qoyur”.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, azərbaycanlı politoloqların demək olar ki, qazancı yoxdur:
“Hansısa konfransda çıxış etsələr, yaxud da hansısa təhlilə ehtiyac olanda müraciət edilərsə, müəyyən gəlirlər olur. Bu təkliflər də adətən ya tədqiqat mərkəzlərindən, ya da xarici mediadan gəlir. Qalan hallarda isə təşkilat qrant ala bilər, ya da hansısa dolayı yollarla qazana bilər. Hərənin öz fəaliyyət dairəsi, öz vicdanı var. Bizim təşkilat heç vaxt nə qrant, nə də kimdənsə yardım almayıb”.
Mərkəzin faktiki qazancına gəlincə, Ə.Oruclu deyib ki, əslində araşdırma mərkəzinin qazancı onun tapdığı intellektual məhsuldan aslıdır:
“Amma Azərbaycanda bu bazar yoxdur. Bizim siyasətçilərin siyasi ekspertlərin şərhinə ehtiyacı yoxdur, çünki onlar özləri daha ağıllıdırlar və hər şeyi bilirlər”.
Politoloq Elman Nəsirovun sözlərinə görə, azərbaycnalı politoloqların əsas fəaliyyəti yazılı və elektron KİV-lə, radio və televiziya ilə qurulub: “Bizim onlarla əməkdaşlığımız sırf ictimai əsaslarla həyata keçirilir. Biz Azərbaycan dövlətinin milli maraqlarına xidmət edən siyasətin təbliğatı və Azərbaycan həqiqətlərinin KİV-də yayılması işi ilə məşğuluq. Təhlili yazılarımız və televiziyalardakı çıxışlarımızla bağlı onlar bizə heç bir ödəniş etmir”.
Politoloq hazırda müəllim kimi fəaliyyət göstərdiyini qeyd edib. “Mən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Araşdırmalar İnstitutunun direktoruyam. Eyni zamanda da akademiyanın professoruyam. Mənim qazancım bu işlərə görə dövlətdən aldığım maaşdır”.
Politoloq Zərdüşt Əlizadə isə qazancının qeyri-sabit olduğunu deyir: “Mənim gəlirim aldığım təqaüd, etdiyim tərcümələr və dəvətlər alanda dediyim dərslərdəndir. Politoloji fəaliyyətimə görə qazancım yoxdur. Bu, Sovet dövründə də belə idi, intellektual əmək çox vaxt lazımi qiymət görmür”.

Həmçinin oxuyun

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan …

Bir cavab yazın