Cümə , Sentyabr 30 2022
Ana səhifə / Gündəm / Azərbaycanda general yeni pomidor sortu yetişdirib

Azərbaycanda general yeni pomidor sortu yetişdirib

Son günlər sosial şəbəkələrdə müzakirə olunan bir mövzu əksər vətəndaşlarımız kimi, bizim də diqqətimizi cəlb etdi. Söhbət Azərbaycanda Zirə, Şəmkir, Xaçmaz “pomidor brendləri”nə alternativ olaraq yetişdirilən yeni sort pomidordan gedir. Əlbəttə, sual verə bilərsiniz ki, burda nə var, əgər son illər yediyimiz tərəvəz növlərinin böyük əksəriyyəti torpaqdan kənarda, süni yollarla becərilirsə, müasir üsullarla Zirə, Şəmkir və Xaçmaz pomidorlarından daha dadlı, ləziz pomidor niyə də yetişdirilməsin?!Təbii ki, bu düşüncədə olan oxuclarımızın fikirlərinə haqq qazandırmamaq mümkün deyil. Amma söhbət ondan gedir ki, yeni sort pomidorun yetişdirilməsi heç də hansısa kənd təsərrüfatı mütəxəssisimizin beyninin məhsulu deyil. Sosial şəbəkələrdə “Penitensiar pomidoru” adı verilən bu tərəvəz növünün “ixtiraçısı”nın Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar Xidmət rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov olduğu bildirilir. Görünür, elə bu səbəbdən də yeni pomidor növü – “Penitensiar pomidoru” hər kəsin marağına səbəb olub.Əlbəttə, ilk baxışdan general C.Həsənovun yeni pomidor sortu yetişdirməsi heç də qeyri-adi hadisə sayılmamalıdır. Deyə bilərik ki, general olanda nə olar, görünür, adam kənd təsərrüfatı sahəsinə böyük maraq göstərir! Amma nəzərə alsaq ki, bu gün Penitensiar Xidmətin tabeçiliyində olan həbsxanalarda olduqca acınacaqlı durum yaşanır, içəridə Azərbaycan qanunları deyil, kriminal qrupların “qanunları” hökm sürür, üstəlik, narkotik alveri günbəgün çiçəklənir, dövlətimizin təhlükəsizliyinə qarşı ciddi proseslər baş verir, belə bir vəziyyətdə xidmət rəisinin gedib pomidor yetişdirməklə məşğul olması heç də normal hadisə sayıla bilməz. Yəqin, elə general-leytenantın başı əkin-səpin işinə qarışdığından türmələrdə “nadzorlar” da özləri üçün biznes sahələri yaradıblar. Hansı ki, burada hər şey satın almaq olar, necə deyərlər, puluna minnət…Dəyərli oxucuların diqqətinə çatdıraq ki, sosial şəbəkələrdə vətəndaşlarımız Ceyhun Həsənovun Salyanın Xələc kəndində və Qızılağacda özünə məxsus min hektardan çox torpaq sahələrində yeni növ pomidor sortu yetişdirməsi və digər tərəvəz növləri əkib-becərməklə məşğul olması ilə bağlı iradlarını məhz bu şəkildə bildirirlər: “A kişi, pomidor yetişdirmək arzusundasansa, get, Kənd Təsərrüfatı Nazirliyində özünə bir iş tap, Penitensiar Xidmətdə nə işin var?”. Əslində, tamamilə haqlı təklifdir. Bir halda ki, general-leytenant işini-gücünü atıb, pomidor alverinə girişib, o halda gedib aqronomluğa başlasa, həm öz biznesi, həm də kənd təsərrüfatımızın inkişafı üçün daha böyük fayda verməzmi?!İndi bəzi ağzıgöyçəklər deyəcəklər ki, bu adamdan nə istəyirsiniz, ölkədə sərbəst bazar iqtisadiyyatı mövcuddur, istəsə pomidor əkər, istəsə də lap Sabirabad qarpızı! Əlbəttə, bizim general-leytenantın pomidor yetişdirməsinə iradımız yoxdur. Heç onun min hektardan çox yararlı torpaq sahələrini necə ələ keçirməsi haqda da sorğu-sual etmək fikrində deyilik. Amma bu gün Penitensiar Xidmətin nəzarətində olan cəzaçəkmə müəssisələrində vəziyyətin acınacaqlı halda olması, türmələrin ölkəmizin təhlükəsizliyi üçün aşkar təhdid mənbəyinə çevrilməsi hər bir vətəndaş kimi bizi də narahat etməyə bilməz. Bəlkə Ceyhun Həsənov onu xidmət rəisi vəzifəsinə təyin etdirən məmurdan ehtiyat edərək istefa vermək istəmir, amma biz yetkili şəxslərin və qurumların diqqətinə çatdırmaq istəyirik: bir halda ki, bu adam uşaqlıq arzusu olan aqronomluğa belə böyük həvəs göstərir, niyə onun öz sevdiyi peşəsi ilə məşğul olmasına imkan vermirsiniz, zorla Penitensiar Xidmətin başında saxlayırsınız?! Günah deyilmi?Yeri gəlmişkən, bu günlərdə mətbuatda general-leytenantın oğlunun da biznesə başladığı haqda informasiya yayıldı. Belə ki, demokrat.az saytının məlumatına görə, şənbə günü Salyan rayonu ərazisində C.Həsənovun oğlunun da iştirakı ilə “Yolüstü” adlı restoranın təmtəraqlı açılış mərasimi keçirilib. Qeyd olunur ki, Bakı-Astara magistralının hər iki kənarında yerləşən bu restoran Ceyhun Həsənovun doğulduğu kəndin adını daşıyır. Salyan sakinləri deyir ki, general-leytenantın oğlu yeni açdığı restorana “Yolüstü” adı verməklə, atasına böyük “jest” etmiş olub.Beləliklə, Ceyhun Həsənov kimi, oğlunun da uğurlu biznesin başlanğıcını qoyduğunu düşünmək olar. Hər halda, “Penitensiar pomidoru” son günlər vətəndaşlarımızın böyük marağına səbəb olduğundan, yəqin ki, bu ləziz təamın dadına baxmaq istəyənlər tezliklə general oğlunun restoranına axın edəcəklər. Üstəlik, burada müştərilər C.Həsənovun yetişdirdiyi digər tərəvəz məhsullarının da dadına baxa biləcəklər.O ki qaldı satışdan geri qayıdan və restorandan artıq qalan, boşalmış və yarıxarab pomidorlara, heç şübhəsiz, Ceyhun Həsənov həmin məhsulları da işə keçirməyin yolunu tapıb. Yox, fikrinizə başqa şey gəlməsin, general-leytenantın tomat zavodu açdığı haqda bilgimiz yoxdur. Amma sosial şəbəkələrdə deyilənlərdən də belə anlaşılır ki, həmin pomidorlar türmələrdə “vitrinə düzülür”. Özü də bayırda satıldığından bir neçə dəfə baha qiymətə.Hürriyyet.az

Həmçinin oxuyun

2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edildi

Prezident İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam …