Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Azərbaycanda donuz qripi varmı?

Azərbaycanda donuz qripi varmı?

Liya Bayramova: “Epidemik vəziyyət stabildir və tam nəzarətdədir”; Adil Qeybulla: “Hansı tədbirlərin görülməsindən asılı olmayaraq donuz qripinin Azərbaycana keçmə imkanı kifayət qədərdir”

Seyfəddin Əsəd: “Bu elə bir xəstəlikdir ki, onu gizlətmək mümkün deyil”

Dünyanı ağuşuna alan və insanlarda təşviş yaradan donuz qripi sürətə yayılmaqda davam edir. Hava-damcı yolu ilə yayılan bu xəstəliyə yaxalananların sayı Azərbaycana qonşu olan ölkələrdə – Türkiyə, Rusiya, Gürcüstan və İranda xüsusilə artıb. Belə ki, bu ilin əvvəlindən donuz qripindən ölənlərin sayı Türkiyədə 57, Rusiyada isə 100 nəfərdən çoxdur.
Azərbaycanlıların da bu ölkələrə tez-tez səyahət etdiyini nəzərə alsaq, donuz qripinin Azərbaycana gəlməsinin an məsələsi olduğunu deyə bilərik. Ancaq Səhiyyə Nazirliyi açıqlamalarında Azərbaycanda donuz qripi virusuna rast gəlinmədiyini, bununla bağlı tədbirlər görüldüyünü deyərək əhalini narahat olmamağa çağırır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liliya Bayramova “Yeni Müsavat”a açıqlamasında Azərbaycanda indiyə kimi donuz qripi virusuna rast gəlinmədiyini dedi: “Əgər bir insan özündə donuz qripi olduğunu bilsə, susarmı?! Təbii ki, yox. Özündən şübhəsi olan insanlar Taun əleyhinə Mərkəzi Laboratoriyada qan nümunələri verir və yoxlanılır. Allaha şükürlər olsun ki, indiyə kimi Azərbaycanda donuz qripinə rast gəlinməyib.  Epidemik vəziyyət stabildir və tam nəzarətdədir. Məktəblərdə, bağçalarda dezinfeksiya işləri aparılır. Kim donuz qripinə yoluxmasından şübhələnirsə, gəlib öz xahişi ilə qan nümunələri verir. Əgər Azərbaycanda bu cür ciddi bir xəstəlik olarsa, onu necə gizlətmək olar?!”
L.Bayramova bir neçə xəstəxanada donuz qripi ilə əlaqədar palatalar ayrıldığını və tam nəzarətdə olduğunu bildirdi: “Kliniki Tibbi Mərkəzdə (KTM), Ağciyər xəstəxanasında və 7 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanasında donuz qripi ilə əlaqədar palatalar da ayrılıb və tam nəzarətdədir. İnsanlar adi mövsümi xarakterli qriplə bağlı müraciət edirlər. Amma bu donuz qripi deyil. Donuz qripi diaqnozu ilə  heç kim hansısa xəstəxanada yatmır”.
Qeyd edək ki, donuz qripi təhlükəsinə qarşı Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki məktəb və bağçalar daxil olmaqla, ümumilikdə 471 məktəb və 417 uşaq bağçasında dezinfeksiya işləri aparılıb.
Tibb elmləri doktoru, professor Adil Qeybulla donuz qripinin Azərbaycana gələ bilməsinin an məsələsi olduğunu bildirdi: “Donuz qripi hava damcı yolu ilə yayılan infeksiya olduğuna görə, H1N1 virusunun çox yayğın olduğuna görə bu xəstəlik daim nəzarətdə olmalıdır. Hansı tədbirlərin görülməsindən asılı olmayaraq bu virusun qonşu ölkələrdən Azərbaycana keçmə imkanı kifayət qədərdir. Düzdür, karantin tədbirlərinin, sərhəd keçid zonalarına nəzarətin və digər profilaktik tədbirlərin önəmi çoxdur. Amma bu, donuz qripinin ölkəmizdə yayılmasının qarşısını almaq üçün kifayət deyil. Təsəvvür edin ki, Türkiyə kimi səhiyyəsi qat-qat bizdən yüksək olan bir dövlət də bu problemlə üzləşib və xeyli insan tələfatı varmış. Ona görə də ”bizdə bu qrip yoxdur və olmayacaq” kimi bəyanat verməkdənsə məsələyə daha ciddi yanaşmaq lazımdır”.
Təbii üsullarla müalicə mütəxəssisi, həkim Seyfəddin Əsəd isə Azərbaycana donuz qripi gələrsə, onu gizlətməyin mümkünsüz olduğunu dedi: “Bu elə bir xəstəlikdir ki, onu gizlətmək mümkün deyil. Hamının gözü qarşısında insanın qızdırması qalxır, halı pisləşir, tənəffüs sistemi pozulur və ölür. Donuz qripi baş verəndə bu proses dayanmır. Dövlət bunun qarşısını ala bilmir. Əgər kimsə donuz qripi olsa, bunu hər kəs, dövlət qurumları, media da biləcək. Türkiyə kimi bir dövlət bunun qarşısını almaqda çətinlik çəkir”.
Donuz qripinin fəsadları ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bildirir ki, əhalinin bəzi qrupları yaşı 65-dən çox olanlar, qocalar və əlillər üçün olan stasionar müəssisələrdə yaşayanlar, hamilə qadınlar, xroniki xəstələr, o cümlədən ürək, nevroloji xəstəlikdən əziyyət çəkənlər, 6 ayından 59 ayınadək (6 yaşadək) olan uşaqlarda donuz qripi xəstəliyinin ağır formada inkişaf etməsi ilə bağlı böyük risk var. ÜST-nin Avropa Regional Bürosunun İctimai sağlamlığın təhlükəsizliyi və yoluxucu xəstəliklər bölməsinin direktoru Nedret Emiroğlu mtbuata açıqlamasında bildirib ki,  2009-cu ildə pandemiya yaradan, donuz qripi kimi tanınan A/H1N1 virusuna yoluxma nəticəsində 100000 – 400000 nəfər insan dünyasını dəyişib. Bu virus hələ də mövsümi qrip viruslarından biri kimi, insanların arasında yayılmaqda davam edir: “A/H1N1-in bu pandemiyasından sonra hər il kəskin respirator virus infeksiyalarının mövsümü dövründə müxtəlif viruslar üstünlük təşkil etsə də, H1N1 virusu H3N2 ilə bərabər dövr edir. 2015-2016-cı il mövsümündə Avropanın bir neçə ölkəsində H1N1 qripi ilə əlaqədar xəstəliyin ağır və ölümlə nəticələnməsi halları müşahidə olunur”.
ÜST rəsmisi qeyd edib ki, virusun yayıldığı ölkələrdə, xüsusilə gənclər, hamilə qadınlar arasında A/H1N1 qripindən ağır yoluxma və ölüm hallarının artımı gözlənilə bilər.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın