Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Azərbaycanda da biznesi olan Qutseriyev kimdir?

Azərbaycanda da biznesi olan Qutseriyev kimdir?

“Mən həyatımda üç dəfə hər şeyi itirmişəm və yenidən başlamışam”; Biznesmeni Bakıda qoruyan İsgəndər Xəlilov olub

Azərbaycanda da iri neft aktivlərinə malik olan inquş milyarder Mixail Qutseriyevin martın 26-da Moskvada oğluna dəbdəbəli toy etməsi ölkəmizin mediasında da ciddi maraqla qarşılanıb.  Telman İsmayılova məxsus “Safisa” şadlıq sarayında keçirilmiş dəbdəbəli toy mərasimində Hollivud ulduzlarından Beyonse, Elton Con, Cenifer Lopes, Stinq, Enrike İqlesias çıxış ediblər. Məlumata görə, ən çox qonorar alan Stinq olub. 
Qutseriyev ona 1.5 milyon dollar ödəyib. Cenifer Lopes 1 milyon, İqlesias 500 min dollar alıb. Qutseriyevin oğlu Səid və yaxın dostları, habelə oliqarxın ailəsi toy mərasiminin ardınca Londona yola düşüblər. Çünki toyun davamı Qutseriyevin vaxtilə Rusiya hakimiyyətinin qəzəbindən qaçaraq sığındığı Britaniya paytaxtında olacaq….
 
Yükdaşıyandan neft şirkəti prezidenti… 
Mixail Qutseriyev 1958-ci ildə martın 9-da Qazaxıstanda anadan olub. Əmək fəaliyyətinə Qroznıda müəssisələrin birində yükdaşıyan kimi başlayıb.  Cambul Texnologiya İnstitutunda axşam şöbəsində, 1995-ci ildə Rusiya hökuməti yanında Maliyyə Akademiyasında, Rusiya Dövlət Neft və Qaz  Universitetində  təhsil alıb.  Plexanov adına İqtisadiyyat Akademiyasında doktoranturada “Azad iqtisadi zona” mövzusunda müdafiə edərək alimlik dərəcəsi alıb.
1992-ci ildə Cövhər Dudayevin hakimiyyətə gəlməsindən sonra bütün biznesini Çeçenistanda qoyub Moskvaya gəlib.  Burada “BİN” adlı maliyyə kompaniyası yaradıb. 1995-ci ildə LDPR-in siyahısından Dövlət Dumasına deputat seçilib.  1999-cu ildə Jirinovskinin partiyasından çıxıb və müstəqil namizəd kimi Dumaya seçilib.  2000-ci ildə “Slavneft”in prezidenti seçilib və mandatından imtina edib.
2002-ci ildə “Russneft” kompaniyasını yaradıb və rəhbərlik edib. Qutseriyev bir neçə ilin ərzində sürətlə varlanaraq ölkənin ən zəngin adamlarından birinə çevrilə bilib. Onun şirkəti “Russneft” də sürətlə böyüməkdə idi…
2007-ci ilin iyununda Qutseriyev  dövlət tərəfindən ciddi təzyiqlərə məruz qaldığından “Russneft”i Kremlə royal olan biznesmen Oleq Deripaskaya satır və “elmlə məşğul olmaq” istədiyini deyir. Deripaska kompaniyanı üç milyard dollara alır. Hələ o zaman deyilirdi ki, inquş biznesmen Kremlin qəzəbinə İnquşetiya müxalifətini maliyyələşdirdiyi üçün gəlib.
2007-ci ilin  avqustunda Moskvanın Tver Rayon Məhkəməsi maliyyə fırıldaqlarında ittiham olunan Qutseriyevin qiyabi həbsinə qərar verir. Qutseriyev yəhudi iş adamı Mixail  Xodorkovski kimi Sibir həbsxanalarına düşmədi və vaxtında Rusiyadan qaçdı. Rusiyadan qaçmağa məcbur olan biznesmen Belarusdakı dostlarının köməyindən istifadə edərək Minskdən özəl təyyarə ilə Londona gedir.
Çingizxanın ölümü… 
 
Elə həmin ərəfədə Qutseriyevin 21 yaşlı oğlu, Londonda təhsil alan və Rusiyaya qayıdaraq atasının biznes strukturlarına rəhbərlik etməyə başlayan Çingizxan Moskvada “Ferrari” avtomobili ilə qəzaya düşür. Qəzadan sonra o, hadisə yerini özü tərk edir, evlərinə qayıdır və bir neçə saatdan sonra sinəsində bərk ağrılar başlayır. Həkimə aparılsa da, onun həyatını xilas etmək mümkün olmur. Qutseriyev oğlu ilə vidalaşmaq üçün Moskvaya gələ bilmir, biznesmen Azərbaycan hakimiyyətinin yüksək dairələrində malik olduğu əlaqələrdən istifadə edərək oğlunun cəsədinin xüsusi təyyarə ilə Bakıya gətirilməsinə nail olur. Daha sonra özü də Bakıya gəlir və burada məxfi şəraitdə mərasim təşkil olunur. Daha sonra Çingizxanın cəsədi dəfn olunmaq üçün Qutseriyevin vətəni olan İnquşetiyaya aparılır.
Məlumatlara görə, Qutseriyevi Bakıda qoruyan iş adamı İsgəndər Xəlilov olub. Məhz Isgəndər Xəlilovun dəstəyi nəticəsində Qutseriyev bir müddət Bakıda təhlükəsiz şəraitdə qala bilib.
İllər sonra Qutseriyev Çingizxanın həlak olmasını belə xatırlayıb:  “Mənim keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Mən Londondayam, oğlum isə Moskvada ölüb. Və mən onun dəfninə gələ bilmirəm, çünki axtarışdayam. Bu günə qədər də özümü qınayıram ki, niyə Çingizxanı özümlə Londona aparmadım. Mən onu Moskvada qoydum ki, Rusiyada hakimlər və məmurlar tərəfindən törədilən eybəcərlikləri öz gözləri ilə görsün. Onu prokurorluğun istintaq komitəsinə dindirməyə çağırdılar. Hesab edirdim ki, bunları görəndən sonra gələcəyi üçün nəticələr çıxaracaq. Məndən sonra Rusiyada qalıb işləməsi üçün onu bu yolla hazırlamaq istəyirdim, istəyirdim bütün çətinlikləri görsün və hazır olsun”.
 “Bəs Çingizxanın ölümü doğrudanmı bədbəxt hadisə idi” sualına Qutseriyev “bəli, bu, həqiqətən bədbəxt hadisə idi. O, avtomobil qəzasında həlak oldu. Bunu Moskvada və Bakıda aparılan ekspertiza da təsdiqləmişdi” – deyə cavab verib.
Bakıya gizli gəlirmiş…
Qutseriyev yaşadığı şokdan çıxandan sonra biznes fəaliyyətinə başlayıb, Britaniyada “GCM Global” adlı böyük şirkət təsis edib. O, sonralar  bildirib ki, Londonda gizləndiyi və beynəlxalq axtarışda olduğu vaxtlarda Azərbaycanda da  biznesini genişləndirib, yeni neft layihələrinə qoşulub və dəfələrlə Türkiyə üzərindən Bakıya gedib-gəlib. Daha maraqlı bir fakt: biznesmen Londonda 400-ə yaxın şeir yazıb, onları iki kitabda toplayıb dərc etdirib.
Yenidən Moskvaya 
 
2010-cu ildə Rusiya Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi Qutseriyev haqqında həbs-qətimkan tədbirini ləğv edib. 3 ilə yaxın axtarışda olduqdan sonra Rusiya hakimiyyəti ilə anlaşan və yenidən bu ölkəyə qayıdaraq biznesə başlayan  Qutseriyev Putinə və Medvedyevə  minnətdarlıq edib: “Onlar işə qarışmasaydı, mənim Rusiyaya qayıtmağım heç vaxt mümkün olmazdı”.
 
İş adamı yenidən təqiblərlə üzləşə biləcəyi barədə deyib ki, artıq heç nədən qorxusu qalmayıb: “Mən həyatımda üç dəfə hər şeyi itirmişəm və yenidən başlamışam. Rusiyasız yaşamaq mənimçün çox çətin olardı. Qayıtdım, oğlumun, qardaşımın, qohumlarımın dəfn olunduğu qəbiristanlığa baş çəkdim. Mənim xaricdə sakitcə, rahat yaşamaq üçün kifayət qədər pulum var. Ancaq atlar, inəklər də yedizdirəndə yaşayır. Biz isə insanıq. Əgər fikirləşsək ki, milyardlar qazanaq və Rusiyadan gedək, o zaman Rusiya kimə qalacaq?”
Məlum olub ki, Qutseriyevin Rusiyaya qayıtmasında AFK “Sistema” şirkətinin sahiblərindən olan Vladimir Yevtuşenkonun və “Sberbank”ın o zamankı rəhbəri German Qrefin rolu olub. Biznesmen deyib ki, onlar cinayət işlərinə xitam verilməsi üçün vasitəçilik ediblər:
“”Sberbank” “Russneft”in əsas kreditorlarından olduğu üçün Qrefin mövqeyi həlledici oldu. Mən ona minnətdaram”.
Qutseriyev Rusiyaya qayıdıb “Russneft”i Deripaskadan geri alandan sonra dərhal səhmlərinin bir hissəsini “Sberbank”a və “Sistema”ya satıb. O deyib ki, səhmlərin bir hissəsinin həmin şirkətlərə verilməsi Rusiyaya qayıtmağı təmin etməyin əvəzində qoyulan şərt deyildi: “Onlar mənə belə şərt qoysaydılar, heç vaxt razılaşmazdım. Mən özüm qayıdandan sonra səhmləri onlara təklif etdim”.
Yenə zirvədə 
“Forbes” jurnalı 2006-cı ilin yanvarında Rusiyanın kommersiya təyinatlı daşınmaz əmlak biznesindən ən çox gəlir əldə edən 30 biznesmenin növbəti illik reytinqini yayıb. İnquş əsilli milyarder və qohumları Sait-Salam Qutseriyev, Mixail Şişxanov isə daşınmaz əmlak icarəsi biznesindən 615 milyon dollar gəlir əldə ediblər.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın