Cümə , Yanvar 22 2021
Ana səhifə / Gündəm / Azərbaycanda çörək niyə bahalaşır? – ARAŞDIRMA

Azərbaycanda çörək niyə bahalaşır? – ARAŞDIRMA

Mirəli Qaşqay küçəsində yerləşən topdan və pərakəndə satış mərkəzlərinin əksəriyyətində çörəyin qiyməti demək olar ki, əvvəllər olduğu kimi 30-40 qəpiyə satılır.

“Nə davadır, nə qar yağıb, nə də çovğundur. Çörək niyə qalxmalıdır”, satıcı sual edir və satdığı çörəklərin nə çəkisində, nə də qiymətində dəyişiklik olduğunu deyir.

Həmin küçədə yerləşən digər bir mağazada isə eyni sexin 700 qramlıq çörəyi 45 qəpiyə satılır. Satıcının sözlərinə görə, ötən həftə sonu çörək gətirən şirkət nümayəndələri çörəyin qiymətinin artdığını deyib və səbəb də göstərməyiblər.

“O çörəyi əvvəllər 35 qəpiyə satırdıq. Amma yenə də bizdə ucuzdur. Hər yanda 50 qəpikdir, amma bizdə 45 qəpikdir”, satıcı deyir.

Hər zaman çörək və un satışı həyata keçirən topdansatış mərkəzlərindən biri isə dediyinə görə, bir neçə gün əvvəl çörək və unun satışını tamamilə dayandırıb. O, səbəb kimi həddindən çox bahalaşma və insanların alış qabiliyyətinin aşağı düşməsini göstərir.

“Unu indi heç 27,50 manata istəyirsən də vermirlər”, mağaza nümayəndəsi deyir. “Biz dözümlü millətik, nə qədər yükləsələr də daşıyacağıq.”

Nəzarətsizlik

Bəzi mağazalarda çörəyin qiyməti artsa da, çörəyi köhnə qiymətlə təklif edir
Image captionBəzi mağazalarda çörəyin qiyməti artsa da, çörəyi köhnə qiymətlə təklif edir

Azərbaycan hökuməti bir müddət əvvəl un və çörəyin satışına standart qiymətlər tətbiq etməyə başlayıb. Belə olan halda çörəyin qiymətinin bəzi yerlərdə bahalaşmasının səbəbi nədir?

Bunu izah etməsi üçün İqtisadiyyat Nazirliyinə dəfələrlə müraciət cəhdimiz nəticəsiz qalıb.

Bizə danışan çörək mağazası sahibləri isə səbəb kimi inflyasiyanı, elektrik və suyun qiymətinin bahalaşmasını göstərirlər.

Ekspertlərin fikrincə, hökumət bazara nəzarəti sona qədər saxlaya bilməyəcək.

“Bütövlükdə ayrı-ayrı bazarlarda qiymət bahalaşması gedir, o cümlədən çörək və çörək məmulatlarında. Bu halda onların [un və çörəyin] qiymətini sabit saxlamaq mümkün deyil”, iqtisadi təhlilçi Qubad İbadoğlu BBC Azərbaycancaya müsahibəsində deyir.

Şəhər mərkəzində fəaliyyət göstərən mağazaların bəziləri qiyməti artırsa da, bir hissəsi çörəyin dəyərini olduğu kimi sabit saxlayıb.

Bu ilin yanvar ayında un və un məhsullarına, eləcə də çörəyə tətbiq edilən əlavə dəyər vergisi rəsmi qərarla ləğv olunub.

Image copyrightPRESİDENT.AZ

Yeni qərara əsasən 500 qramlıq çörəyin qiyməti 30 qəpik, 700 qramlıq çörək isə 40 qəpik müəyyən olunub. 50 kiloluq bir kisə una 23-24 manat qiymət təyin olunub.

Həmin dövrdə İqtisadiyyat və Sənaye Nazirliyi dəfələrlə un və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı “ən ciddi məsuliyyət tədbirləri” görüləcəyini bəyan etmişdi.

Azərbaycanda yetişdirilən buğdanın çörək hazırlamağa yararlı olmadığını əsas gətirən çörək zavodları xaricdən aldıqları unun artan qiyməti sırasına kommunal xərclərin də qatılmasından sonra “qiyməti sabit saxlamaq bundan sonra çətin olacaq” deyir.

Yararsız buğda

Bəzi mağazalar bahalaşma səbəbindən un və çörəyin satışını dayandırıb
Image captionBəzi mağazalar bahalaşma səbəbindən un və çörəyin satışını dayandırıb

Çörəklərin qiymətinin artması səbəbi ilə bağlı sual Bakıxanovda yerləşən çörək sexi əməkdaşını qəzəbləndirir.

“Bizdə çörək 1,50 manatdır. Onun içindən qızıl üzük çıxır, uduşlu çörəkdir”, deyə sualımızı əsəbi halda cavablandırır.

Gilan №1 Çörək Zavodunun satış üzrə direktoru “qiymət artımı hələ yoxdur” desə də, yaxın vaxtlarda artımın olacağını istisna etmir.

“Çörəyi biz yanvar ayından bu yana ziyana satırıq onsuz da. Ancaq sadəcə bəlli bir təlimata əsasən biz səbirli şəkildə gözləyirik. Ancaq artıq son dəyişiliklər ki oldu, suyun və elektrik enerjisinin qiyməti artdı, kanalizasiya artdı, artıq qiymət qalxmalıdır”, zavodun satış müdiri rəhbərliyin “qərarını” gözlədiyini vurğulayır.

Satış müdiri deyir ki, Azərbaycanda çörək üçün istehsal olunan “buğda yararsızdır”, buna görə də Qazaxıstandan ya da Rusiyadan gələn buğdadan istifadə etməli olurlar.

“Ordan da dollarla gəlir. Kurs da günü-gündən artır deyə çörəyin qiyməti qalxmalıdır”, deyə şirkət nümayəndəsi bahalaşmanın qaçılmaz olmasından bəhs edir.

Kənd Təsərrüfatı Nazirliyi bəyan edir ki, Azərbaycanda çörək istehsalı üçün “kifayət qədər” yumşaq taxıl istehsal olunur və “heç bir bəhanə olmadan tədarükçülər götürsün buğdanı və qiyməti artırmadan istehlakçılara versin”.

Qiymətlərə nəzarəti həyata keçirən İqtisadiyyat nazirliyindən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

“Yeganə alternativ”

Kənd Təsərrüfatı Nazirliyi 2016-cı ilin cari dövrünə qədər ərzaq buğdasının istehsalının artdığını və keyfiyyətində problem olmadığını deyirImage copyrightRIA NOVOSTİ
Image caption2016-cı ilin cari dövrünə qədər ərzaq buğdasının istehsalı artıb və keyfiyyətində problem yoxdur, Kənd Təsərrüfatı nazirliyi deyir

Kənd təsərrüfatı nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyir ki, bu il 965 min hektardan çox ərazidə əkilən taxılın 98 faizi biçilib və 2 milyon 801 min ton taxıl istehsal olunub.

Ərzaq buğdasının istehsalı isə 1 milyon 831 min 256 ton olub ki, onun da 80 faizi çörək istehsalı üçün istifadəyə yararlı olan yumşaq buğdanın payına düşür.

“Bu gün kəndli müştəri axtarır ki, öz məhsulunu satsın. Qiymət artımı bürokratik əngəl ola bilər. Ola bilər hansısa sahibkar öz marağından istifadə edir, buna əsas yoxdur”, nazirlik rəsmisi ötən illə müqayisədə bu il ərzaq buğdasının istehsalının artdığını və keyfiyyətində problem olmadığını deyir.

İqtisadçı Qubad İbadoğlu deyir ki, çörək bişirmə sənayesində, taxıl üyütmə sexlərində məsrəfin daxilində ən çox çəkiyə daxil olan elektrik enerjisidir və buna görə də hesab edir ki, bu amil çörəyin qiymətinin artmasında əhəmiyyətli rol oynayır.

Təhlilçi deyir ki, çörək istehsalı üzrə ixtisaslaşanlar məsrəf artımına görə ziyana düşmək məcburiyyətindədirlər. Buna görə də çalışırlar ziyanı aradan qaldırsınlar və xərcləri istehlakçılarla bölüşdürsünlər. Belə olan halda isə “yeganə alternativ qiymətin bahalaşmasında görürlər”.

“Bu bazar özəl bazardır. Hökümət orda qiymətləri tənzimləmək səlahiyyətinə malik deyil və inzibati müdaxilələrlə nə isə etmək mümkündür, amma bütovlükdə götürəndə bazarda baş verənlərin hökumətin nəzarətində olduğunu demək absurd olardı”, cənab İbadoğlu deyir. BBC

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın