Şənbə , May 25 2019
Ana səhifə / Gündəm / Azərbaycan AŞPA-dan çıxa bilərmi?

Azərbaycan AŞPA-dan çıxa bilərmi?

Azərbaycan rəsmilərinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 23 iyunda Azərbaycanla bağlı qəbul etdiyi tənqidi qətnaməyə reaksiyaları belə oldu ki, Rəsmi Bakı AŞPA-da üzvlük məsələsinə yenidən baxa bilər.
Bu o deməkdirmi ki, Azərbaycan AŞPA üzvlüyündən çıxa bilər?
Əgər belə bir qərar qəbul edilsə bu hakimiyyətin varislik prinsipinə zidd olacaq. Çünki Azərbaycan AŞPA-ya keçmiş prezident Heydər Əliyevin dövründə üzv olub. 1996-cı ildən başlanan danışıqlar 2001-ci ildə tamamlanmış və Azərbaycan AŞPA-ya tamhüquqlu üzv olmuşdu. Bunun baş verməsi üçün Heydər Əliyev həm daxildə, həm də xaricdə intensiv danışıqlar aparmışdı. Heydər Əliyevin komandası müxalifəti sazişə imza atmağa razı salmışdı ki, onların bu prosesə etirazı olmasın. Heydər Əliyev digər tərəfdən AŞPA-ya üzv olarkən üzərinə öhdəlik götürmüşdü ki, siyasi məhbuslar azad olunacaq. Rəsmi Bakı üzvlükdən sonra bu şərti də yerinə yetirdi.
Heç bir dövlət AŞPA-dan könüllü olaraq çıxmayıb. AŞPA-da hər hansı ölkəni müəyyən səbəblərdən səsvermə hüququndan məhrum ediblər, ancaq çıxarılma proseduru həyata keçirilməyib. Hətta Rusiya belə bir neçə dəfə belə bir təhlükə ilə üzləşib. Birinci dəfə Çeçenistan müharibəsinə görə, ikinci dəfə isə Krımın işğalına görə Rusiya səsvermə hüququndan məhrum edilib. Rusiya rəsmiləri bu qərarlarına görə AŞPA-nı tənqid ediblər, ancaq qurumu tərk edəcəkləri barədə açıqlama verməyiblər.
Rəsmi Bakı da “AŞPA-da üzvlüyümüzü yenidən nəzərdən keçirəcəyik” desə də, bu qurumu tərk etməyə risq etməz.
Birincisi, Azərbaycan AŞPA-dan çıxarsa bu təşkilatda Ermənistan fəaliyyətini davam etdirəcək. Bu isə o deməkdir ki, Ermənistan AŞPA-dakı lobbi fəaliyyəti nəticəsində Azərbaycan əleyhinə qətnamələr qəbul etdirə bilər.
İkincisi, AŞPA Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Azərbaycanın xeyrinə bir neçə qətnamə qəbul edib. Azərbaycanın AŞPA-nı tərk etməsi bu qətnamələrin də üstündən xətt çəkəcək.
Üçüncüsü, Azərbaycanın AŞPA-dan çıxması Azərbaycanın Avropadan uzaqlaşması demək olacaq. Onsuz da Azərbaycan Avropa Birliyi ilə assosiativ saziş imzalamadı. Bunun ardınca AŞPA-dan da çıxarsa Azərbaycan Avropa ölkəsi statusunu itirəcək.
Dördüncüsü, Azərbaycanın AŞPA-da üzvlüyü imkan verir ki, balanslaşdırılmış xarici siyasət yürütsün. AŞPA-dan çıxmaq isə Azərbaycanı Rusiya ilə yaxınlaşmaq alternativi qarşısında qoyacaq. Bu variant isə Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab vermir.
Bu səbəblərə görə Azərbaycan AŞPA-dan çıxmayacaq. Əksinə rəsmi Bakı AŞPA ilə münasibətləri normallaşdırmaq üçün imkanlar axtarmalıdır. Bunun ən yaxşı yolu həbsdə olan bir qrup siyasi xadimin və ictimai fəalın amnistiya edilməsidir. Azərbaycan hakimiyyəti növbəti amnistiya haqqında düşünür. Sadəcə, bu qərarı xarici təzyiq altında vermək istəmir. Avropa Oyunları ərəfəsində və oyunlar günü Azərbaycan hakimiyyətinə həm ABŞ, həm də Avropa strukturları və mətbuatı tərəfindən güclü təzyiq oldu. Rəsmi Bakı bu təzyiqi neytrallaşdırmaq və Qərbin diqqətini Avropa Oyunlarına cəlb etmək üçün amnistiya qərarı vermədi. Çünki rəsmi Bakı təzyiq altında qərar vermək istəmir.
Hazırda bu təzyiqlər nisbətən azalıb və Avropa Oyunları da arxada qalıb. Bu mənada siyasi və ictimai fəalların azadlığıa buraxılması, məhkəməsi olmayanların isə ev həbsinə buraxılmasına heç nə mane olmur. Belə bir addım Azərbaycanla Qərb dövlətləri və təşkilatları arasındakı münasibətləri normallaşdırardı. Bu Azərbaycana imkan verəcək ki, Qərbin diqqətini Azərbaycandakı insan haqları və demokratiya mövzularından Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltsin.
“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

Bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – İcra başçısını qəbulunda olay

Abşeron rayonu icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bu günlərdə Masazırda sakinlərlə görüşü vaxtı gözlənilməz anlar …

Bir cavab yazın