Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Gündəm / Azərbaycan-ABŞ münasibətlərində yaxınlaşma ola bilərmi?

Azərbaycan-ABŞ münasibətlərində yaxınlaşma ola bilərmi?

Azərbaycan prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının müstəqllik günü münasibətilə bu ölkənin prezidenti Barak Obamaya göndərdiyi məktub diqqəti çəkdi.
Məktubda yazılırdı ki, Azərbaycan ABŞ-la münasibətlərə böyük əhəmiyyət verir, iki ölkə arasındakı əlaqələr hərtərəfli və dinamik inkişaf yolu keçərək bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İlham Əliyev məktubda Azərbaycanla ABŞ arasında əməkdaşlığın konkret sahələrini vurğulayıb. Bu enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə, sülhyaratma missiyasında birgə iştirak və Azərbaycanın Avropanın bir sıra ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfədir. Bunların hər biri ABŞ üçün vacib istiqamətlərdir. İlham Əliyev bununla bildirir ki, Azərbaycan ABŞ-ın maraq kəsb etdiyi bütün sahələrdə Vaşinqtonla əməkdaşlığı davam etdirməyə hazırdır.
İlham Əliyevin Barak Obamaya yazdığı məktubda Dağlıq Qarabağla bağlı da Vaşinqtona mühüm mesaj var. Məktubda bununla bağlı belə bir cümlə var: “Biz ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və cənab prezident, şəxsən Sizin Ermənistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, işğal edilmiş ərazilərimizin azad edilməsi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox həmvətənimizin doğma yerlərinə qaytarılması üzrə səylərinizin tezliklə nəticə verəcəyinə ümid edirik”. Bu cümlə o deməkdir ki, İlham Əliyev Barak Obamanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik siyasətindən razı deyil.
Məktubda insan haqları və demokratiya mövzularında ABŞ-la əməkdaşlığa dair cümlə yoxdur. Bu isə o deməkdir ki, İlham Əliyev insan haqları və demokratiya mövzularında Vaşinqtonun Azərbaycanın daxili işlərinə qarşımasını istəmir. Vaşinqton isə bu mövzuları arxa plana atmaq istəmir və bu faktor rəsmi Bakını narahat edir. Bunun nəticəsidir ki, İlham Əliyevin Barak Obamaya yazdığı dost məktuba baxmayaraq, ABŞ-ın Bakıdakı səfirliyinin müstəqillik günü ilə bağlı tədbirdə Azərbaycan hakimiyyəti ən aşağı səviyyədə təmsil olundu. Əvvəkli illərdə bu tədbirə nazirlər qatılardılar. Məsələn keçən il ABŞ-ın müstəqllik gününə rəsmilərdən maliyyə naziri Samir Şərifov qatılmış, nitq söyləmişdi. O, həmçinin Azərbaycan-ABŞ hökumətlərarası komissiyanın həmsədridir. Bu dəfə isə tədbirə gənclər və idman nazirinin müavinini göndərdilər. Bu rəsmi Bakının Vaşinqtona mesajıdır ki, Azərbaycan hakimiyyəti ABŞ-ın regional siyasətindən narazıdır.
Vaşinqtonda Azərbaycanla bağlı keçirilən dinləmələr, keçmiş diplomatların və konqresmenlərin tənqidi fikirləri rəsmi Bakını qıcıqlandırır. Dövlət Departamentinin insan haqlarıyla bağlı yayınladığı illik hesabatlarda Azərbaycanla bağlı hissəsi həmişəki kimi tənqididir. Ümumiyyətlə Dövlət Departamentinin insan haqlarıyla bağlı illik hesabatları Vaşinqtonun xarici siyasətinə əlavə problemlər yaradır. Çünki başqa heç bir ölkə digər ölkələrin vəziyyəti ilə bağlı rəsmi hesabat yayınlamır. Həmin hesabatlardakı tənqidi qeydlər ABŞ-ın bir çox ölkə ilə münasibətlərinə mənfi təsir edir. Bu cür praktika Fransa, Almaniya, Böyük Britaniya və digər demokratik ölkələrdə yoxdur. Bu ölkələrdə bu cür hesabatlar daxili istifadə üçün hazırlanır. Məqsəd digər ölkələrlə münasibətləri gərginləşdirməməkdir.
Rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin istiləşməsinə ehtiyac var. Azərbaycana qarşı 907-cü düzəlişin ləğvindən tutmuş Dağlıq Qarabağ münaqişəsinin həllində Vaşinqtonun fəallaşmaya qədər atılan addımlar münasibətlərə impuls verə bilər.
Misal üçün Dağlıq Qarabağla bağlı növbəti müzakirə məhz ABŞ ərazisində keçiriləcək. ATƏT-in Minsk Qrupu həmsədrləri keçən həftə Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında görüşlər keçiriblər. Bu görüşlərdə münaqişənin həlli yolları müzakirə olunub. İkinci dəfə isə Azərbaycan və Ermənistan prezidentləri BMT sessiyası çərçivəsində sentyabrda Nyu-Yorkda görüşəcəklər. Əlbəttə, bu görüşlərdə ciddi nəticənin əldə olunacağı problematikdir. Ancaq görüşlərin Rusiya ərazisindən tədricən ABŞ ərazisinə köçürülməsi Vaşinqtonun danışıqlar prosesindəki rolunun artmasına xidmət edir.
Vaşinqton verdiyi mesajlarla da Bakı ilə münasibətləri istiləşdirə bilər. Məsələn, Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollarlıq kredit verib, bu ölkədə “İskəndər” raketlərini yerləşdirəcək. Vaşinqton bu faktlara münasibət bildirsə, narahatlığını ortaya qoysa, bu Azərbaycanın siyasi dairələrində və cəmiyyətində müsbət qarşılanacaq. Və ya amerikalı həmsədr Ceyms Uorlik və digər amerikalı diplomatlar Dağlıq Qarabağda saxlanılan 2 azərbaycanlı girovun azad olunması vacibliyini bildiriblər. ABŞ Ruisyada həbsdə saxlanılan ukraynalı döyüşçü Nadejda Savşenkonun azadlığa buraxılması mövzusunu daima gündəmdə saxlayır. Vaşinqtonun 2 azərbaycanlı girovla bağlı da İrəvana təzyiqləri artırması imkanı var.
ABŞ-ın Azərbaycanda sıçrayışa səbəb olacaq hansısa iqtisadi layihəni reallaşmasına ehtiyac var. 1990-cı illərdə neft kontraktı imzalandıqda ABŞ-ın “AMOCO” şirkəti Azərbaycanda böyük paya sahib idi. “AMOCO”-nun mövqeyi ABŞ-ın mövqeyi kimi qiymətləndirilirdi. Bu səbədən rəsmi Bakı o illərdə ABŞ-la çox sıx əlaqələr qurmuşdu. “AMOCO” siyasi lobbiçiliklə də məşğul olurdu. Məhz “AMOCO” şirkətinin vasitəçiliyi ilə məşhur amerikalı politoloq və keçmiş müşavir Zbiqnev Bjezinski Bakıya səfərə gəlmişdi. Vaşinqton indi də TAP layihəsinə siyasi dəstəyini artıra bilər. Bu Azərbaycanın siyasi dairələrində və ictimaiyyətində müsbət qarşılanacaq. Bu faktor iki ölkə arasında münasibətlərin istiləşməsi üçün yeni istiqamət olacaq.
Hazırda Qərb ölkələrindən Azərbaycanla əməkdaşlıqda ən fəalı Fransadır. Bu ölkə Azərbaycanda sənaye müəssisələrinin tikintisində iştirak edir, nüvə mərkəzinin tikintisi ilə bağlı geniş fikir mübadiləsi aparır, Bakıda böyük Paris məhəlləsi tikilir, yeni ortaq layihələr müzakirə olunur. ABŞ-ın da Azərbaycanda oxşar strategiyaya ehtiyac var. Azərbaycanın pul ehtiyatları tədricən azalır, rəsmi Bakı xarici investisilyalarda maraqlıdır. ABŞ iqtisadi sahədə Azərbaycanla əməkdaşlığı genişləndirməyə nail ola bilər. Bunun siyasi əlaqələrə də müsbət təsiri olacaq. Hazırda isə iki ölkənin iqtisadi müstəvidə ortaq maraqları azdır. ABŞ Kuba və Venesuella siyasətini dəyişdirdiyi kimi Azərbaycanla münasibətlərə də yenidən baxmalıdır. Vaşinqton Kuba və Venesuella ilə bağlı siyasətini ona görə dəyişdi ki, Rusiya Cənubi Amerikada fəallaşmağa başlamışdı. Bunun qarşısını almaq üçün Barak Obama administrasiyası nəticəsi olmayan sanksiya siyasətindən əl çəkdi. ABŞ hökuməti eyni ilə Azərbaycanda da Rusiyanın maraqlarının artmasını istəmirsə, Bakı ilə münasibətlərdə dəyişiklik etməli, maraqlı iqtisadi, sosial və mədəni layihələr təklif etməlidir.
“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı restoran …

Bir cavab yazın