Bazar , Avqust 25 2019
Ana səhifə / Gündəm / “Avis” apteklərində özbaşınalıq davam edir – ŞİKAYƏT VAR

“Avis” apteklərində özbaşınalıq davam edir – ŞİKAYƏT VAR

Bu günlərdə əməkdaşımızın “Avis” apteklər şəbəkəsinə aid olan məntəqələrdən birində rastlaşdığı kobud özbaşınalıq, bizi ümumiyyətlə bu şəbəkə barədə müəyyən araşdırmalar aparmağa sövq etdi. Qeyd edək ki, bir çox mənbələr tərəfindən təqdim olunan açıqlamalarda “Avis” apteklər şəbəkəsinə Səhiyyə nazirinin müavini Elsevər Ağayevin nəzarət etdiyi bildirilir. Bu məlumatın dəqiqliyində israr edə bilmərik. Amma istənilən halda, bu şəbəkəyə aid apteklərdə müşahidə olunan yüksək, bəzən hətta Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən iki dəfəyə qədər artıq olan qiymətlər, müştərilərin haqlı iradlarına qarşı nümayiş etdirilən etinasızlıq aptek sahiblərinin arxasında həqiqətən də yüksək çinli vəzifə sahibinin durduğuna dəlalət edir. Şəbəkə ilə bağlı əldə etdiyimiz məlumatlarda da təsdiq olunur ki, “Avis” apteklərində, son vaxtlar ölkədə müşahidə olunan bahalaşmadan sui-istifadə edərək istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasına yol verilir. Bu şəbəkənin apteklərində dərmanlar digər apteklərlə müqayisədə ikiqat baha satılır. Buna görə də, istənilən “Avis” aptekdən bir dəfə dərman alan istehlakçı ikinci dəfə artıq ora müraciət etməməyə çalışır.

Məlumdur ki, bir müddət bundan əvvəl ölkə başçısı dərmanların qiymətlərinin süni şəkildə qaldırılması ilə bağlı öz narahatlığını bildirmiş və Səhiyyə nazirinə dərman bazarında baş verən özbaşınalıqların aradan qaldırılması istiqamətində lazımi işlərin görülməsiylə bağlı tapşırıq vermişdi. Ən əsası da bu qiymətlər artıq Tarif Şurası tərəfindən mərkəzləşdirilmiş formada tənzimlənir. Lakin hələ də “Avis” apteklər şəbəkəsi bu qaydalara riayət etmək niyyətini büruzə verməyib. Təbii ki, bu hal əhalini də narahat etməyə bilməz. Əldə etdiyimiz digər bir məlumatda isə, “Avis” apteklərində qiymət artımından başqa digər problemlərin də olduğu vurğulanır: “Bu apteklərdə satılan əksər dərman preparatlarının içlik vərəqələri tərcümə olunmayıb. Şəbəkənin apteklərə payladığı preparatlarda dərmanların içlik vərəqələri bir çox hallarda başqa dillərdədir. Məsələ ondadır ki, dərmanların içlik vərəqələrinin başqa dillərdə olması bir sıra hallarda istehlakçılar üçün problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, xəstə dərmandan düzgün istifadə edə bilmir. Bəzən belə hallar hətta xəstənin canı bahasına başa gəlir. Əksər qadağan olunmuş dərmanlar isə, reseptsiz satılır. Halbuki elə dərmanlar var ki, xüsusi göstəriş və icazə verildikdə və yalnız reseptlə satıla bilər…”

Mətbuatda yayılan digər bir məlumatlara görə isə, “Avis” apteklərində həm də satışı qadağan olunmuş, həmçinin vaxtı keçmiş dərman preparatları satılır: “Nazirlik bir sıra dərman vasitələrinin reseptsiz satışına qadağa qoyub. “Avis” apteklərində isə, həmin dərmanları asanlıqla əldə etmək mümkündür. Sözügedən aptek psixotrop maddələrin satışı ilə də məşğuldur. Məlum olduğu kimi, hüquq-mühafizə orqanlarının nümayəndələri mütəmadi olaraq apteklərdə yoxlama aparır və psixotrop maddələrin satılıb-satılmadığını araşdırırlar. Görülən bütün tədbirlərə rəğmən, “Avis” apteklər şəbəkəsinin rəhbər şəxslərinin həmin maddələri satdıqları iddia edilir…”

Qeyd edək ki, bir müddət bundan əvvəl “Avis” apteklər şəbəkəsinin direktoru Elmir Məhərovun həbsi də ictimaiyyətin diqqətindən yayınmamışdı. Belə ki, bu ilin yanvar ayının sonlarında Elmir Məhərov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Elmir Məhərov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaq) və 200.1-ci (istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə ittiham olunurdu.

Lakin az müddət sonra şəbəkə yenidən fəaliyyətə başladı. Həm də müşahidə olunan nöqsanlardan bu qənaətə gəlmək olur ki, “Avis” apteklər şəbəkəsinin rəhbərləri baş verənlərdən heç bir nəticə çıxarmayıblar.

Qarşı tərəfin də məsələyə münasibətini dərc edə bilərik.

dia.az

Həmçinin oxuyun

“AZAL 208 milyon zərərlə işləyib, amma rəhbəri ən varlı adamdır”

“Rəsmi rəqəmlərə görə AZAL 2018-ci ili də zərərlə başa vurub. 2018-ci ilin yekunlarına görə, yerli …

Bir cavab yazın