Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “Astaraçay”da qanunlar necə pozulur? – ARAŞDIRMA

“Astaraçay”da qanunlar necə pozulur? – ARAŞDIRMA

“Astaraçay” MMC-nin fəaliyyəti ilə bağlı AzToday.az-ın apardığı araşdırmanın bir hissəsini dərc etmişdik.

Araşdırmamızda qeyd etmişdik ki, ölkəmizdə qeyri- neft sektoru Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən prioritet elan edildikdən sonra bu sahədə dövlət tərəfindən kifayət qədər əhəmiyyətli addımlar atılmışdır. Xüsusən regionlarda zavod və fabriklərin, istehsalat müəssisələrinin tikintisinə göstərilən hərtərəfli dövlət qayğısı öz müsbət nəticəsini verməkdədir. Hər il yüzlərlə sahibkara “Sahibkarlığa Kömək Milli Fondu” və “Aqro-Lizinq” ASC-i maddi və texniki dəstək göstərirlər.

Ancaq bununla belə vurğulamaq lazımdır ki, dövlətin güzəştlərini və ölkə başçısı İlham Əliyev cənablarının apardığı iqtisadi siyasəti doğrulda bilməyən, yaradılan şəraitlərdən sui-istifadə edən sahibkarlar da var. Məsələnin ən ilginc tərəfi isə budur ki, bu tip sahibkarlar arxalarında dayananan iri məmurlara, oliqarxlara güvənirlər.

Ötən yazımızın konkret mahiyyətinə gəldikdə isə həmin yazımızda “Astaraçay” MMC-nin istehsal etdiyi çayların və qara düyünün keyfiyyətindən və daxili bazara satışa çıxarılmağının gecikdirilməyindən yazmışdıq. Qeyd edək ki, fabrikin istehsal etdiyi qara düyülərin keyfiyyəti ilə bağlı söz-söhbət hələ ilin əvvəlindən başlayıb. Belə ki, Bakı şəhəri, Ş.Abdullayev, ev 9 ünvanında yaşayan Səltənət Zülfüqarova Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən marketlərdən birindən aldığı 7 manat 79 qəpiklik Astara pəhriz düyüsündən (900 qramlıq pəhriz düyüsü) istifadə zamanı düyünün suya qara rəng verməsinin şahidi olub: «Düyünü içində su olan qazana atanda suyun rəngi dəyişdi. Buna görə də onu bişirmədim. Çünki suyun qara rəngə boyanmasından ehtiyat etdim».

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə o zaman mətbuata bildirmişdi ki, zəng edib müəssisənin rəhbərliyi ilə bu barədə söhbət edib: «Onların dediklərinə görə, bu düyü arteriyaları gücləndirir və xərçəngə tutulma riskini azaldır. Qara düyünün tərkibində olan fosfor, maqnezium, marqanes, sink, zülal, amin turşuları B vitamini insan orqanizmində enerji balansını qoruyur, saçların tökülməsini, qan azlığının qarşısını alır. İstehsalçı Astaraçay Məhdud Məsuliyyətli Cəmiyyətidir. Astara rayonu, Kakalos kəndi. Saxlama müddəti istehsal tarixindən etibarən 18 aydır. Rəhbərliyə dedim, indiki məhsulunuz bu qədər xəstəlikləri «müalicə edir», niyə Nobel mükafatı almırsınız?».

Hadisə baş verən ərəfədə digər mətbuat orqanlarında gedən məlumatlarda isə, məhsulun üzərində onun Astara və Lənkəran rayonlarında yetişdirildiyi, 100 faiz təbii qara düyü olduğu qeyd edilsə də, qara düyüyə tünd rəng verən antioksidantlar zərərli maddələri udur: «Deyilənlərə görə, Tələt Məmmədovun direktoru olduğu MMC-də istehsal olunan çay və düyülər tərkibinə görə beynəlxalq standartlara cavab vermir. Belə ki, həmin məhsulların tərkibi orqanizm üçün təhlükəlidir. Məhz buna görə də vətəndaşların əksəriyyəti adıçəkilən şirkətin istehsal etdiyi çay və düyünün keyfiyyətsiz, dadsız olmasından şikayətlənirlər”.

Göründüyü kimi bir zamanlar istehlakçının yanında olan, hətta müəssisə rəhbərini ironiya olaraq “Nobel” mükafatı almamaqda günahlandıran Azad istehlakçılar Birliyinin sədri sonradan “Astaraçay” MMC-nin istehsal etdiyi qara düyülərin reklamı ilə məşğul oldu. Əlbəttə, burada bir qəbahət yoxdur. Ölkənin bir çox qanunları kimi reklam haqqında qanunları da istənilən bir şəxsin reklama çəkilmək hüququnun olduğunu qeyd edir.

Ötən yazımızda “Astaraçay” MMC-nin konkret olaraq istehsal etdiyi qara düyünün satışa gecikməsini vurğulayaraq burada hansısa gizli iş birliyinin ola biləcəyini ehtimal etmişdik. Əməkdaşımızın şəhərin İnşaatçılar, “Şamaxinka”, Memar Əcəmi, Bakıxanov ərazilərindəki marketlərdə apardığı müşahidələr nəticəsində “Neptun”, “Səbət”, “Rahatmarket” və digər nisbətən xırda marketlərdə “Astaraçay”ın istehsal etdiyi qara düyünün olmamasını qeyd etmişdik. Hələ ötən yazımızda vurğulamışdıq ki, “Astaraçay” MMC xeyli müddətdir ki, sahələrdəki düyülərinin biçinini yekunlaşdırıb. Ancaq o zaman sual meydana çıxır, bəs niyə şirkət məhsullarını yerli bazara çıxarmır?

Saytımız bu məsələ ilə bağlı əldə etdiyi bəzi iddia dolu məlumatları də dərc etmişdik. Həmin məlumatlarda şirkətin istehsal etdiyi məhsulları bazara çıxarmaması əsasən 3 səbəbdən ola biləcəyi iddia olunurdu. İlk ehtimal ondan ibarət idi ki, ola bilsin şirkət daxili bazarı xarici məhsulların ixtiyarına məqsədli şəkildə buraxıb. Belə ki, bazarda qara düyüyə təlabat kifayət qədər var. İstehlakçıları əsasən onkoloji və şəkər xəstəliklərinin daşıyıcıları olan insanlar nə qədər kasıb olsalar da bu məhsulu almaq məcburiyyətindədirlər. Dövlətin maddi vəsaiti hesabına ərsəyə gəlmiş “Astaraçay” MMC əslində bu insanları yerli məhsul üzünə həsrət qoymaqla onların həm də müflis olmasına şərait yaradır. Məlumata görə, ola bilsin ki, şirkət xarici məhsulu ölkəyə gətirən şirkətlə hansısa danışıqlara gedərək öz məhsulunun bazara çıxarılmasını ləngidir.

İkinci versiya da maraqlıdır. Belə ki, ola bilsin şirkət ümumiyyətlə məhsulunu qeyri-qanuni olaraq “Dikiy riss” yarlığı altında bazara çıxarır. Məqsəd isə daha çox pul qazanmaqdır. Çünki məhsul yerli adla çıxarılanda qiyməti qat-qat ucuz olur. Şirkətin arxasında böyük vəzifəli oliqarxın olduğuna nəzər saldıqda bu məlumat olduqca inandırıcı görünür.

Üçüncü versiya isə ümumiyyətlə şirkətin istehsal prosesini düzgün qura bilməməsi ilə bağlıdır. Məhsulların sahədə ləngiməsi, gec biçilməsi bazara ləngiməklə bərabər həm də böyük məhsul itkisi deməkdir ki, bu da dövlətin büdcəsindən gedir.

Bu yazıdan sonra “Astaraçay” MMC saytımıza göndərdiyi etiraz məktubunda konkret olaraq məsələyə aydınlıq gətirmək əvəzinə daha çox müəssisənin müdiri Tələt Məmmədovun bioqrafiyası barədə geniş məlumat verib.(Qarşı tərəf olaraq bu yazını saytımızda da dərc etdik). Həmin məlumatda hörmətli Tələt Məmmədovun Ulu Öndər Heydər Əliyev tərəfindən 1984-cü ildə Rusiyaya ali təhsil almağa göndərildiyi, sonradan isə Tələt müəllimin Rusiyada qalaraq bizneslə məşğul olduğu, uğur qazandığı, yüzdən çox insana ailələrinə aparmaq üçün halal çörək qazanmaq imkanı yaratdığı qeyd olunmuşdur.

Öncə onu bildirək ki, Ulu Öndər Heydər Əliyevin Azərbayacana rəhbərlik etdiyi birinci dönəmdə SSRİ-nin müxtəlif yerlərində fəaliyyət göstərən ali məktəblərdə təhsil almaq üçün ölkəmizdən 1969- 1986- cı illərdə minlərlə gənc göndərildi. Bu birmənalı olaraq Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi.

Əlbəttə, biz şirkətin ünvanımıza göndərdiyi məktubda öz müdirləri, hörmətli Tələt müəllim barəsində yazılan müsbət xarakteristikaya qəlbən sevinirik. Azərbaycanlı olaraq ölkəmizdən kənarda fəaliyyət göstərən, uğur qazanan, insanlara ailələrinə halal çörək aparmaq üçün imkan yaradan insanlarla sözün əsl mənasında fəxr edirik. Bu cür əməlləri ilə həm də bu insanlar dünyada xalqımızın müsbət imicinin formalaşmasına yardımçı olurlar. Ancaq təəssüf edirik ki, hörmətli Tələt Məmmədovun “Kənd təsərrüfatı, avtomobil və aviasiya texnikalarında elektron idarəetmə sistemləri” üzrə ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra, ikinci ali təhsilinin hüquqşunaslıq olduğunu vurğulayan şirkət nədənsə hüquq təhsilinin neçənci ildə və hansı ali məktəbdə alındığını qeyd etməmişdir…

Ola bilsin ki, MMC-nin hörmətli rəhbərinin zəngin həyatının bu hissəsini qeyd etmək məktubu hazırlayan şəxs və yaxud şəxslər tərəfindən unudulub. Bunu dəqiq deyə bilmərik. Ancaq məktubu hazırlayan şəxsin və yaxud şəxslərin “İstehlakçıların hüquqlarının müdafisəsi haqqında Azərbaycan Respublikasının qanunu”nun 1.7-ci maddəsini unutduqlarına dəqiq əminik. Əks təqdirdə şirkətin adından göndərilən rəsmi məktubda ”Amma onu da qeyd etməliyik ki, istehsal etdiyimiz məhsulun hansı marketlərdə satışa çıxarılması və ya özümüzə məxsus satış mərkəzlərində satışın həyata keçirilməsi bizim müstəsna hüququmuzdur və buna görə bizə qarşı hər hansı iddianın sürülməsi əsassız və qanunsuzdur.” cümləsini yazmazdılar. Bu ifadə qüsurdur. Həm də qanunvericilikdə göstərildiyi kimi- mühüm qüsur!Yuxarıda qeyd etdiyimiz qanun toplusunda mühüm qüsur deyilən bir anlayış- bənd var. Həmin bəndə görə, “mühüm qüsur: maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur”. Göründüyü kimi şirkətin “biz malımızı harada istəsək orada sata bilərik” ifadəsi mənəvi məsuliyyət anlayışının və normativ hüquq anlayışının pozuntusu deməkdir.

Müstəqil Azərbaycan Respublikasının Vergilər Nazirliyinin qeydiyyatından keçən, illik dğvriyyəsi milyon dollarlarla ölçülən yüzlərlə özəl müəssisələr var. Ancaq hələ heç bir müəssisə yetkilisi “biz malımızı harada istəsək orada sata bilərik” deməyib. Bu cümlə dolayısı ilə dövlətə və dövlət başçısının apardığı uğurlu daxili iqtisadi siyasətə qarşı birmənalı olaraq sabotajdır.

Biz media orqanı olaraq bu gün ölkəmizdə bütün sahələrdə olan müsbət irəliləyişi, uğurları işıqlandırmaqla bərabər, həm də, baş verən neqativ halları yazılarımızda göstərməklə bu cür halların aradan qaldırılmasına xidmət etmiş oluruq. Respublika Prezidenti İlham Əliyev cənablarının prioritet elan etdiyi qeyri – neft sektorunun inkişafına informativ dəstəyimizi hər zaman vermişik.

Ancaq müşahidələrimiz onu göstərir ki, bəzi sahələrdə qeyri – neft sektoru hələ də neft sektorundan asılı vəziyyətdə qalıb.

Bu xüsusda daha geniş araşdırmamız növbəti yazımızda…

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın