Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Gündəm / “Arxalı şirkət rəhbərliyi hərəni bir cür qorxudaraq yola salıb”

“Arxalı şirkət rəhbərliyi hərəni bir cür qorxudaraq yola salıb”

Azərbaycanda uzun illərdir ki, arxasında əsas etibarilə iri məmurların durduğu tikinti şirkətlərinin nə qanunlara, nə də vətəndaşların mülkiyyət hüquqlarına məhəl qoymaması adi hal alıb. Ölkədə demək olar elə bir tikinti şirkəti yoxdur ki, vətəndaşların bu və ya digər formada hüquqlarını tapdamasın və buna görə məhkəməyə verilməsin.

Belkə şirkətlərdən biri də xüsusilə Suraxanı rayonu ərazisində binalar inşa edən “Ana Kür MTK”-dır. Hacıbala Abutalıbovun dönəmində Bakı Şəhər icra Hakimiyyətindən gen-bol icazə sərəncamları alan bu şirkətin arxasında uzun illər ölkənin əsas hüquq-mühafizə orqanlarından birinə rəhbərlik etmiş və keçən il “vurulmuş” bir məmurun durduğu iddia olunur.

Vahid Abdullayev adlı şəxsin rəhbərlik etdiyi həmin şirkət BŞİH-in 22.07.2014-cü il tarixli 352 nömrəli sərəncamı və 26.12.2019-cu ildə verilmiş tikintiyə icazə sənədilə Yeni Günəşli “D” Massivi ərazisində hündürmərtəbəli bina tikintisinə başlayıb. Lakin tikinti üçün ayrılan ərazidə vətəndaşların qanuni sənədlərlə inşa etdirdikləri ticarət obyektləri olub. Buna baxmayaraq, şirkətə icazə sənədi verilib və belə görünür ki, şirkət rəhbərliyinin həmin vətəndaşlarla sözügedən obyektlərin sökülməsi üçün qarşılıqlı razılaşma əldə etməsi nəzərdə tutulub. Lakin şirkətin nə razılaşmaya, nə də qanunlara məhəl qoymadığı iddia olunur.

Belə ki, “AzPolitika.info”-ya müraciət edən Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41 ünvanında yaşayan Abdullayev Böyükağa Abdulla oğlu Suraxanı Rayon İca Hakimiyyətinin başçısı tərəfindən 1998-ci ildə 1667 saylı və 1877 saylı sərəncamlar əsasında həmin ərazidə mağaza tikintisinə icazə alıb. Mağazanı tikib başa çatdırdıqdan sonra, vətəndaş 2000-ci ildə Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə aidiyyəti üzrə müraciət edib və həmin idarədən obyektin mövcudluğunu təsdiq edən Texniki Pasportu alıb. Yəni tam qanuni şəkildə sözügedən obyekti sənədləşdirib.

Vahid Abdullayev

Lakin nə “Ana Kür”ə tikinti icazəsi verən dövlət qurumları, nə də şirkətin özü həmin qanuni tikilinin sökülməsinə dair vətəndaşdan razılıq almayıb. Buna baxmayaraq, 150 kv. metrə yaxın ərazisi olan obyekt sökülüb. Bununla bağlı şikayətində B.Abdullayev yazır: “Qanunların aliliyini rəhbər tutub bir çox aidiyyəti qurumlara şikayətlər etmişəm. Hal-hazırda da şikayətlərimi davam etdirməkdəyəm. İnanıram və ümid edirəm ki, gec-tez haqq öz yerini tapacaq. 1998-ci ildə Suraxanı Rayon İcra Hakimiyyəti Aparatına müraciət etmişəm. Müraciətimə baxılıb və mənə mağaza tikmək üçün yer ayrılıb (Sərəncamları əlavə edirəm). Ayrılan yerdə mağaza tikmişəm. Mövcud mağazaya 2000-ci ildə müvafiq dövlət qurumu tərəfindən Tikinti Pasportu verilib. 2011-ci ildə sifarişlə həbs olunmuşam, hazırda da, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə və aidiyyatı qurumlara olan şikayətlərim araşdırılmaqdadır.

2020-ci ildə isə həmin ərazidə “Ana Kür” MTK adında şirkət peyda olub. Şirkətin nümayəndələri mənim kimi obyekt sahiblərinə yaxınlaşmış və bildirmişdi ki, obyektlərin yerləşdiyi ərazidə yüksək mərtəbəli bina tikmək üçün icazə sənədinə malikdir. Buna baxmayaraq, bizim obyektlərin kompensasiyasını ödəyəcək. Nəticədə sözügedən MTK-nın arxalı rəhbərliyi hərəni bir cür qorxudaraq, az-çox pul verərək yola salıb. Lakin mənim həmin vaxt məlum səbəbdən orada olmamağımdan sui-istifadə edən şirkət ailəmi aldadıb, mağazamı qanunsuz olaraq zəbt edib və sonradan onu sökərək yerində bina tikməyə başlayıb.”

Azadlığa çıxdıqdan sonra müvafiq orqanlara müraciət edən şikayətçi qeyd edir ki, onun şikayət məktublarını dövlət qurumları bir-birinin üzərinə atır və sonda da vətəndaşla şirkətin qarşılıqlı şəkildə razılaşmasını “tövsiyə edir”.

Ancaq “Ana-Kür MTK” nə qanunlara, nə dövlət qurumlarına, nə də vətəndaşın mülkiyyət hüququna məhəl qoyur: “Prezident Administrasiyası tərəfindən şikayətim nəzarətə götürülüb. Nəzarət məktubu tikintiyə icazə verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyəti Aparatına göndərilib (Cavab məktublarını əlavə edirəm.). Ancaq bununla məmurlar sadəcə, məsələni bir-birilərinin üstünə atırlar, onu konkret həll etməkdən və qanuni tədbir görməkdən yayınırlar.

Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə müraciət etmişəm. Mən inanıram və tam əminliklə deyirəm ki, mənim kimi məzlumun əmlakını əlindən alan MTK-lar və onlara himayədarlıq edən məmurlar gec-tez cəzalarına çatacaqlar və mənim əmlakım özümə qaytarılacaq.”

Sonda B.Abdullayev bu müraciətinin ölkə rəhbərliyi və müvafiq dövlət qurumları tərəfindən eşidiləcəyini, nəzərə alnacağını və onun mülkiyyət hüququnun bərpası üçün qanuni addımlar atılacağını gözlədiyini bildirir.

Onu da qeyd edək ki, bu, sözügedən tikinti şirkətinin fəaliyyətilə bağlı yeganə şikayət deyil. Mətbuatda Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin ”D” Massivi, 13 nönmrəli binanın sakinlərinin “Ana Kür” MTK-nın ərazidəki ağacları kütləvi şəkildə qırması və yerində iki 16 mərtəbəli bina ucaltması ilə bağlı müraciətinə və digər şikayətlərə rast gəlinir.

“AzPolitika.info” şikayətdə adı keçən “Ana Kür” MTK-nın da mövqeyini dərc etməyə hazırdır.

Həmçinin oxuyun

Jurnalistin texniki baxışla bağlı yazdığına aydınlıq gətirildi

Jurnalist Məhəmmədəli Qəribli istifadəsində olan avtomobilin texniki baxışı ilə bağlı ona xəbərdarlıq mesajı göndərilmədən 50 …