Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Gündəm / “Arkoz”un Naxçıvanda apardığı inşaat işləri nəinki Avropa, heç “Afrika standartlarına” da uyğun gəlmir

“Arkoz”un Naxçıvanda apardığı inşaat işləri nəinki Avropa, heç “Afrika standartlarına” da uyğun gəlmir

“İstisna etmirəm ki, “Arkoz” şirkəti Gürcüstanda hansısa layihəni uğurla həyata keçirir. Buna şübhə etmək üçün əlimdə hər hansı dəlil yoxdur. Mənim bildiyim şirkətin Naxçıvanda gördüyü işlərdir. Təəssüf ki, eyni sözləri şirkətin Naxçıvandakı işləri barədə demək mümkün deyil”.

“Tikilməkdə Olan Layihələrin İdarə Edilməsi” MMC-nin sədri İsmayıl Əhmədov Ovqat.com-a açıqlamasında belə deyib.

O bildirib ki, “Arkoz” şirkətinin rəhbərliyi mətbuata verdiyi açıqlamasında Gürcüstan hökumətinin onlara iri layihələr verdiyini, şirkət isə həmin layihənin inşasına Naxçıvan inşaatçılarını cəlb etdiyini vurğulayıb: “Bununla da sanki Naxçıvanda həyata keçirdikləri layihələrin təhvil verilməməsinin günahını başqalarında axtarırlar. Halbuki, həmin tikintilərdəki vəziyyət açıq-aşkar ortadadır. O cür işi heç bir ciddi hökumət qurumu təhvil götürməz və Naxçıvanın yeni hakimiyyəti də götürmür”. 

Həmsöhbətimiz eyni şirkətin Naxçıvanda başqa, Gürcüstanda başqa cür iş görməsinin səbəbini dövlət orqanlarının məsələyə yanaşmasındakı fərqlə izah edib. Bildirdiyinə görə, Gürcüstanda dövlət orqanları aparılan tikintilərə ciddi nəzarət edirlər: “Böyük ehtimalla, Gürcüstanda layihələrin necə icra olunduğunu ciddi şəkildə yoxlayan qurumlar var. Ən əsası isə, “Arkoz” orada, yəqin ki, layihəsi və smetası müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihələri icra edir. Həmin şirkətin Naxçıvanda apardığı işlərdə isə bu kriteriyaların heç biri olmayıb. Nə tikintilərə nəzarət edilib, nə pulu alıb vicdanlar işləyiblər, nə də tikintinin aparılması üçün müvafiq sənədləşmələr aparılıb. İşin keyfiyyətinə isə ümumiyyətlə əhəmiyyət verilməyib. Sadəcə, Naxçıvanın keçmiş hakimiyyəti ilə əlbir olub, layihələrə ayrılmış vəsaiti talayıblar. Beləliklə də qısa müddət ərzində “Fəhlə Emin” varlanıb olub “Bəy Emin”. Naxçıvan camaatının boğazından kəsdiyi pulları aparıb Gürcüstanda, Türkiyədə və başqa ölkələrdə öz biznesinə yatırıb. Həmin ölkələrdə isə tikintiyə ciddi dövlət nəzarət olduğundan mümkündür ki, işi də keyfiyyətli görürlər”.

İsmayıl Əhmədov Emin Uçara və onun şirkətinin mütəxəssislərinə məsləhət bilib ki, Avropa standartlarından danışmasın. Çünki “Arkoz”un Naxçıvanda apardığı inşaat işləri nəinki Avropa, heç “Afrika standartlarına” da uyğun gəlmir:

“Naxçıvanın nəyi var talayıb özlərinə imperiya qurublar. Bir də utanmadan gördükləri işin keyfiyyətindən danışırlar. Naxçıvan camaatı sizin kim olduğunuzu yaxşı bilir. Başınıza 3-5 özünüzə bənzər adam toplamaqla günəşin üzünü palçıqla malaya bilməzsiniz. Hamıya gün kimi aydındir ki, siz Naxçıvanın o dövrdəki hakimiyyəti ilə əlbir olub, Muxtar Respublikanı talan edibsiniz”.

Emin Uçarı “Fəhlə Emin” adlandırmasının bəzi çevrələr tərəfindən səhv anlaşıldığını və yaxud qəsdən fərqli təsəvvürlər yaradılaraq bir qaşıq suda fırtına qoparıldığını bildirən Əhmədov vurğulayıb ki, bu ifadə ilə kimisə təhqir etmək niyyətində olmayıb. O, sadəcə “Emin Uçar Naxçıvana böyük investisiyalar qoyub” deyənlərin fikirlərini yalanlamaq istədiyindən çox da uzaq olmayan tarixdə yaşanmış bir faktı xatırladıb: “Fakt budur ki, Emin Uçar 30 il əvvəl Naxçıvana parket ustası kimi gəlib. Oraya hər hansı investisiya planı və ya vəsaiti ilə gəlməyib. Əksinə, Vasif Talıbovun yaxınlarının vasitəsilə götürdüyü layihələrdən milyonlar, yüzmilyonlar qazanıb və həmin pulları ölkədən çıxarıb. Üstəlik, naxçıvanlı fəhlələri də istismar edib. Eyni işi görən yerli işçilərə 1, Türkiyədən gətirdiyi işçilərə isə 10 qat əmək haqqı verib. Belə olduğu halda, onun Naxçıvana hansı investisiya yatırdığından danışmaq mümkündür? Mənim dediyim budur. Yoxsa ki, şərəfli peşə sahibi olan fəhlələri aşağılamaq niyyətində deyiləm. Onlar həqiqətən də alın təri ilə çörək pulu qazanan zümrədirlər. Halal pulla dolanıb övladlarının boğazından haram tikə keçirmirlər. Emin Uçarda bu mənada fəhlə halallığı da olmayıb. Əksinə öz məsləkdaşlarına qul-kölə kimi baxıb və onları istismar edib”.

O ki qaldı “Arkoz”un Gürcüstan hökumətindən götürdüyü işlərə Naxçıvan inşaatçılarını cəlb etməsinə, İsmayıl Əhmədov bunun da Emin Uçarın Muxtar Respublika əhalisinə duyduğu sayğıdan irəli gəlmədiyini düşünür: “Əvvəla, Gürcüstanda götürülən layihələrdə Naxçıvan fəhlələri ilə yanaşı Türkiyə mühədisləri də işləyirlər. Əgər “Arkoz” Naxçıvandakı iş qiymətləndirilməsini Gürcüstanda da davam etdirirsə, deməli bizim fəhlələr orada da Türkiyə vətəndaşları olan həmkarlarından 3 qat, 5 qat aşağı maaş alırlar. Şəxsən mənim fikrimcə, “Arkoz” naxçıvanlı fəhlələrə aşağı maaş verdiyi üçün Gürcüstandakı işlərə bu insanları cəlb edib. İnanıram ki, Emin Uçar Afrika cəngəlliklərində iş götürsəydi, oraya da fəhlələri Naxçıvandan aparardı. Çünki o, Naxçıvan fəhlələrinə dünyanın ən ucuz işçi qüvvəsi kimi baxır. Budurmu, Naxçıvana və naxçıvanlılara göstərilən hörmət?”.

Həmsöhbətimiz sonda onu da vurğulayıb ki, yaxın günlərdə Naxçıvanda yeni tikinti layihələri həyata keçiriləcək və yerli fəhlələr haqq etdikləri maaşları alacaqlar: “Ümumiyyətlə dövlət büdcəsindən bu il Naxçıvanda aparılacaq inşaat işlərinə 245 milyon manata qədər vəsait ayrılıb. Bir çox böyük layhələr həyata keçiriləcək. Fəhlələr, mühəndislər də haqq etdikləri maaşları alacaqlar. İnanıram ki, işsizlik ucbatından Gürcüstana gedib öz əməklərini ucuz qiymətə “Arkoz”a satmağa məcbur olan fəhlələr geri qayıdacaq və öz məmləkətlərinin yenidən inşasına qatılacaqlar. Fəhlə əməyinə verilən qiyməti onda görəcəklər və keçmişdə necə istismar olunduqlarının fərqinə varacaqlar”.

Həmçinin oxuyun

Təbrizdə naümid qalan ata və Bakıda yol gözləyən qızının faciəsi: Miqrasiya Xidməti onları niyə ayrı salıb?

Sizə Təbrilzi bir ata ilə onun 5 yaşlı uşağının üzləşdiyi problemdən yazacam. Bir xeyli müddətdir …