Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Arif Məmmədov haqda həbs qərarının müdhiş sirri

Arif Məmmədov haqda həbs qərarının müdhiş sirri

Azərbaycanın diplomatiya tarixində görünməmiş hadisə; Avropa Şurası yanında Daimi Nümayəndəliyin keçmiş rəhbəri maliyyə maxinasiyalarında ittiham edildi və “İnterpol”a verildi; onun Avropada həbsini çətinləşdirən bir sıra səbəblər var; mümkündür ki, sabiq diplomatı “qanundankənar” elan etməklə istəyirlər ki…

Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov axtarışa verilib. A.Məmmədovun adı mayın 19-da Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı “facebook” səhifəsində yazdığı statusdan sonra gündəmə gəlib. A.Məmmədov həmin statusda məmurları ittiham etmişdi. Onun fikirləri isə hakimiyyət düşərgəsi tərəfindən sərt təpki ilə qarşılanmış, YAP rəhbərliyi isə onu “erməni qanlı” belə adlandırmışdı. A.Məmmədov da bu ittihamları cavabsız qoymayaraq hakimiyyəti yenə sərt tənqid edərək müxalifəti dəstəkləyən mesajlar vermişdi.

İyulun 14-də o, 2013-cü ildən işlədiyi İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri vəzifəsindən geri çağırıldı. Bundan dərhal sonra  Hesablama Palatasının  kollegiyasının iclasında A.Məmmədovun 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) rəhbəri işlədiyi dövrdə  büdcə vəsaitlərindən qanunsuz istifadə və dövlətə külli miqdarda zərər vurulması ehtimalını nəzərə alınaraq toplanmış materiallara Baş Prokurorluğuna göndərilməsinə qərar verildi. Maraqlıdır ki, Hesablama Palatası daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə daxil olan çox mühüm bir məsələni “Arif Məmmədovun əməllərdə ”dövlət sirrinin qorunmaması” şübhələri olduğunu da qeyd etmişdi.
*    *    *
Avqustun 12-də Baş Prokurorluq A.Məmmədov barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmaların nəticələri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Hesablama Palatasının təqdim etdiyi faktlar təsdiqlənib və toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq bəyan edib ki, A.Məmmədovun Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsində işləyərkən şəxsi avtomobil alarkən diplomatik nümayəndəliklərə tətbiq edilən 27.5%-lik güzəştdən sui-istifadə edib, Daimi Nümayəndəliyin bank hesabına 43 min avro pul köçürüb və sonradan həmin vəsaiti “BMW” Strasburq şirkətinə ödəyib. Əldə etdiyi “BMW X5″ markalı avtomobili rəsmi sənədlərdə saxtakarlıq edərək daimi nümayəndəlik üçün aldığını göstərməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq 8 min avro məbləğində vəsaiti vergidən qəsdən yayındırıb. Qısa müddətdən sonra o, həmin avtomobili kənar şəxsə satıb.
A.Məmmədovun Fransanın vergi qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dövlətin səlahiyyətli orqanlarına sorğu göndərilib.
Sabiq diplomat həmçinin, nümayəndəliyin xəzinədarı vəzifəsini qanunazidd olaraq öz üzərinə götürməklə sosial-mədəni və digər tədbirlərin keçirilməsi üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verib. Belə ki, 2010-cu ildə Stasburqda təşkil edilən “Novruz” şənliyi “Türksoy” Beynəlxalq Türk Mədəniyyət Təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi halda, A.Məmmədov həmin tədbirin guya nümayəndəlik tərəfindən keçirilməsi adı ilə xəzinədən 11600 avro məbləğində maliyyə vəsaitini silməklə mənimsəyib.
İstintaqla həmçinin müəyyən edilib ki, 4 oktyabr 2007-ci il və 19 sentyabr 2012-ci illərdə deputatların Strasburqa səfəri zamanı qəbul, ziyafət və digər məqsədlər üçün ümumilikdə 19900 avro məbləğində xərclərin Milli Məclis tərəfindən ödənildiyi halda, A.Məmmədov həmin pul vəsaitini tədbirlərin guya daimi nümayəndəlik tərəfindən həyata keçirilməsi barədə saxta sənədlər tərtib etməklə mənimsəyib.
A.Məmmədov vəzifə saxtakarlığı edərək 2007-ci ilin iyun-oktyabr ayları üzrə ona hesablanmış 18500 avro məbləğində əmək haqqını əvvəlcədən almış və yenidən həmin ilin oktyabr ayı üzrə 3700 avro məbləğində vəsaiti təkrarən əmək haqqı şəklində alaraq mənimsəyib.
Bundan başqa o, yaşadığı evdə işlətdiyi elektrik enerjisinə görə ödənişləri mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq öz vəsaiti hesabına həyata keçirməli olduğu halda, büdcə vəsaitlərini təyinatdan kənar istifadə edərək 2007-2012-ci illərdə həmin məqsədlə 6500 avronu dövlət vəsaiti hesabına ödəyib.
 
A.Məmmədov həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin balansında olan və dəyəri 25.300 avro təşkil edən 2 ədəd avtomobili Dövlət Əmlak Komitəsinin razılığını almadan qanunsuz olaraq 7.100 avroya rəsmiləşdirib satmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
A.Məmmədov mövcud qanunvericilik aktlarının tələblərini kobud surətdə pozaraq 2007-2012-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin məqsədyönlü və təyinatı üzrə istifadəsini təmin etməyib, eləcə də həmin dövrdə410 min 830 avro məbləğində büdcə vəsaitini təsdiqedici sənədlər olmadan xərcləyib.
Sonda bildirilir ki, toplanmış faktlar əsasında A.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
***
A.Məmmədov hələ Hesablama Palatasının Baş Prokurorluğu müraciəti zamanı bildirmişdi ki, səfirlikdə işlədiyi müddət ərzində dəfələrlə tələb edib ki, maliyyə yoxlaması göndərilsin.
“Aydındır ki, orada hər hansı israfçılıq, yeyinti-filan olsaydı, mən bunu etməzdim. Heç bir xüsusi xərclərdən də söhbət gedə bilməz” deyə, sabiq səfir bildirmişdi.  A.Məmmədov  həbs təhlükəsi ilə bağlı da danışaraq bunları demişdi: “Onlar əlbəttə, məni zərərsizləşdirmək, hərəkət və fəaliyyət imkanlarımı məhdudlaşdırmaq, eyni zamanda hətta həbsimə nail olmaq istəyərlər. Amma bu, onlara nəsib olmayacaq və biz fəaliyyətimizi davam etdirəcəyik”.
Arif Məmmədovun hazırda harada olduğu bilinmir. Xatırladaq ki, sabiq səfirlə bağlı qalmaqal yeni başlayanda, yəni iyun ayında A.Məmmədovun Norveçdən sığınacaq istədiyi barədə məlumatlar yayılmışdı. Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil isə sığınacaq istənilməsi ilə bağlı dəqiqləşdirmə etmədən, “onunla kontakdayam” deməklə kifayətlənmişdi.
Maraqlıdır ki, A.Məmmədova ilk sahib çıxan Milli Şura  və AXCP rəhbərliyi də son dönəmlər onunla məsafə saxlamağa çalışırlar, hətta bəzi cəbhəçilər “facebook”da onu “bloklayıblar”. Halbuki qalmaqal yaranan vaxt bu qurum rəhbərləri A.Məmmədovu  az qala milli-azadlıq mücahidinə çevirmişdilər. Elə A.Məmmədov da müxalifətdən ancaq Milli Şura rəhbərliyinə, müxalifət qəzeti olaraq isə “Azadlıq”a inanmağa çağırış etmişdi.
Qeyd edək ki, bu Azərbaycanın müstəqillikdən üzü bəri diplomatiya tarixində ilk dəfədir ki, dövləti xaricdə təmsil etmiş şəxs barədə bu cür sərt qərar verilir. Aydındır ki, A.Məmmədovun çox həssas bir dönəmdə-Avropa Oyunlarının keçirilməsi ərəfəsində bu cür qalmaqal yaratması hakimiyyətin ciddi narazılığına səbəb olmuşdu. Hətta xarici işlər naziri Elmar Məmmədyarovun istefası belə gündəmə gəlmişdi.
Qalmaqallı diplomatın həbsinə qərar verilməsinin səbəbləri sırasında onun baş nazirin sabiq birinci müavini Abbas Abbasovla çox yaxın münasibətlərinin də rolu olduğuna dair məlumatlar vardı. Hətta belə bir iddia vardı ki, A.Məmmədovu  rəsmi Bakı ilə düşmənçiliyə məhz Abbas Abbasov təhrik edib. A.Məmmədovun Abbas Abbasovun artıq sabiq hesab oluna bilən deputat oğlu Aydın Abbasovla da xüsusi münasibətləri olduğu barədə xəbərlər yayılmışdı. Daha bir məlumata görə isə A. Məmmədov avqustun 10-da sosial şəbəkələrdə paylaşdığı status iqtidarı qəzəbləndirib. Söhbət A.Məmmədovun jurnalist Rasim Əliyevin döyülüb –  öldürülməsinə   etiraz olaraq  cəmiyyəti, jurnalistləri və müxalifət partiyalarını 15 avqust saat 12:00-da “Ağ Marş” keçirməyə çağırışından gedir. A.Məmmədov Şəhidlər Xiyabanının qarşısında yığışmağı, oradan Park Bulvara demokratiya yürüşü etməyi, aksiyaya gələnlərin ağ geyimdə olmasını təklif etmişdi. A.Məmmədov onunla bağlı sərt mövqeyin Prezident Administrasiyasından qaynaqlandığını iddia etsə də, konkret ad çəkmir.
*     *     *
A.Məmmədov İnterpol xətti ilə axtarışa verilsə də, onun həbsini çətinləşdirən bir sıra səbəblər var. Məsələn, sabiq diplomatın hakimiyyətlə konflikti məmurların tənqidi ilə başlayıb ki, bu A.Məmmədovun istənilən ölkəyə sığınmasına və onunla bağlı istintaqın “qərəzli və məqsədli” aparıldığını iddia etməyə əsas verir. Səfirlikdə yeyinti faktlarının niyə bu qədər uzun müddət üzə çıxarılmaması da sabiq səfirin işinə yarıya bilər. A.Məmmədovun həbsi istər-istəməz beynəlxalq reaksiya doğuracaq ki, bu da rəsmi Bakıya əlavə başağrısı gətirə bilər. Nəhayət, o da mümkündür ki, iqtidar sabiq diplomatı “qanundankənar” elan etməklə onun sadəcə, susmasını istəyir.
“Yeni Müsavat”

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın