Çərşənbə , İyul 17 2019
Ana səhifə / Gündəm / Ana və iki uşağının öldüyü yol – Nə piyada zolağı, nə də işıqfor var…

Ana və iki uşağının öldüyü yol – Nə piyada zolağı, nə də işıqfor var…

Qafqazinfo”da təxminən bir ay öncə, yəni iyunun 3-də Nobel prospektinin “Elektrotok” qəsəbəsində mütəmadi qəzaların baş verməsi və insan ölümləri barədə reportajyayımlanmışdı. Həmin məqalədə yolun hər iki tərəfində avtobus dayanacağının olması, lakin nə yerüstü, nə də piyada xəttinin olduğu qeyd olunub. Məhz bu səbəbdən prospektin həmin hissəsində demək olar ki, hər ay bir və ya bir neçə piyadanın vurularaq öldüyü deyilir.

Sözügedən yolda bir neçə gün öncə, iyulun 15-i saat 17 radələrində gənc ana və azyaşlı iki övladı növbəti qurban oldu. Bakı şəhər sakini Orxan Heydərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qarayevanı, azyaşlı qızları Mehini və Mələyi vurub. Hər üçü hadisə yerindəcə keçinib.

Qafqazinfo”nun əməkdaşları bu gün təkrar hadisə yerində olublar. Şahidlər bildirib ki, vəfat edən ailə üzvləri qəsəbə sakini olmayıb. Gənc ana və övladları orada yaşayan qohumu, tarix müəlliməsi Rəqibə xanımgilə qonaq gəlibmiş. Biz də soraqlaşaraq Rəqibə xanımın yaşadığı ünvana getdik. Dördmərtəbəli köhnə binanın həyətində dincələn ağsaqqallar kim olduğumuzu və nə üçün gəldiyimizi bilən kimi dilə gəldilər. Həmsöhbətimizdən biri 2009-cu ildə həmin yolda avtomobil tərəfindən vurulduğunu və 1 il xəstəxanada yatdığını dedi: “Vuran adam kameraya da düşmüşdü, polis dedi yaxşı görünmür, tapmadılar, bilinmədi kimdir”.

Digər qonşu isə oğlunun həmin yolda 2 dəfə vurulduğunu deyib.

Bundan sonra isə şahidlər son qurbanlar, ana və qızları haqda danışmağa başladıq. Qonşuların verdiyi məlumata görə, hazırda müəlliməgildə heç kim yoxdur. Hər kəs Binəqədi rayonunda yerləşən yas mərasiminə gedib. Qəzada vəfat edən ana, Sənubər Qarayeva Rəqibə müəllimənin qardaşı ilə evlənib. Həyat yoldaşı Rusiyada işləyir.

S.Qarayeva həm də ərinin əmisi qızıdır. O, həmin gün qızları ilə birlikdə baldızıgilə qonaq gəlib, özləri isə 8-ci mikrorayonda yaşayırlar. Qohumugildə bir neçə saat qaldıqdan sonra evlərinə getmək istəyib: “Hələ həyətdə onlara tapşırdılar ki, yolu keçəndə diqqətli olsunlar. Yolu keçib “ostonovka”ya getmək istəyəndə maşın vurub”.

Bu vaxt orta yaşlı bir nəfər bizə yaxınlaşdı, hər kəs “bax, doxtur da gəldi, özü hadisəni görüb, qızları da yoxlayıb” dedilər. Biz də söhbətimizə həkimlə davam etdik. O, qəzanı törədən avtomobilin arxasıyca gəlirmiş: “Qəza yolun şəhərdən gələn hissəsində oldu. Bir maşın sağ zolaqda saxlayıb qadınla uşaqlara yol verdi. Onlar keçməyə başlayanda başqa bir maşın onun solundan gəlirdi, nə dayanan maşını gördü, nə də adamları. Çünki heç “tormoz”u da vura bilmədi, elə həmin sürətlə də vurdu. Uşağın biri yolayrıcından prospektin digər tərəfinə düşdü. Böyük qızın üzündə bir xəsarət yox idi, amma beynindən ağzına qan gəlmişdi, qadının həm üzü əzilmişdi, həm də beynindən qan gəlmişdi. Bircə balaca uşaq yaxşı idi, mən özüm düşüb onun nəbzini yoxladım, atırdı, uşağın üzündə xəsarət, yara yox idi. Amma dedilər o da yolda ölüb. Sürücü şokda idi, yerə düşüb kiməsə zəng edib “mən öldüm, 3 nəfərdi, hamısı ölüb” deyirdi, qışqırırdı. Ümumiyyətlə, bu yol bizim bəlamızdı, hər ay orda adam ölür. Hər yerə müraciət edirik, heç nə yoxdu”.

Bina sakinlərinin sözlərinə görə, yolun həmin hissəsində bir neçə il öncə işıqfor olub: “Heydər Əliyev prospekti təmir olunanda Nobel prospekti “prezidentskiy yol” oldu. Onda burdakı “svetofor”u götürdülər. Heydər Əliyev prospekti açıldı, amma “svetofor” qayıtmadı”.

Sakinlərlə söhbətimizi bitirib qəza baş verən yerin yaxınlığındakı avtomobil servisində usta Səba Nəmiyevin yanına getdik. O da hadisənin şahidi olub və yaralılara ilk yardım edənlərdən biridir: “Biz burda guppultu səsi eşitdik, bildik ki, qəzadı, tez qaçdıq. Hərəsi bir tərəfə düşmüşdü, uşaqların üzü, başı dağılmışdı. Biri sağ idi, əgər polislər onu xəstəxanaya aparsaydı, bəlkə də sağ qalardı. Hər dəfə burada qəza olanda biz vurulanın, ölənin kim olduğunu öyrənənə kimi özümüz ölüb-dirilirik. Çünki bura qəsəbəsi, hər kəs də qohum, tanışdı. Mən uşaqları görəndə həyəcandan özümü itirmişdim, səsim çıxmırdı. Biz görən də ki, uşağın biri sağdı, polisə dedik “skoru”nu gözləmə, sən apar. Amma yaxın gəlmədi, qəzaya görə də tıxac yarandı. “Skoru” gələndə artıq ölmüşdülər, onlar da götürməyib getdilər. Meyitlər elə yolun ortasında qalmışdı, sonradan yoldan keçən maşınlardan biri “Opel”in sürücüsü uşağı xəstəxanaya apardı.

Biz burada rahat yaşaya bilmirik, hər an bir yaxınımızın qəzaya düşəcəyini fikirləşirik. Yerüstü keçid tikməsinlər, heç olmasa “znak”la piyada xətti çəksinlər. Sürücülər “znak”ı görüb yavaşlasınlar. Burda sürət saat 60 kilometr qoyublar, amma bir kamera, bir radar yoxdu. Maşınlar da ən aşağı saat 100-lə sürürlər. Dövlət qurumları etmirlərsə, icazə versinlər, özümüz “kraska” alıb çəkək. Heç olmasa, uşaqlar ölməsin”.

Hadisəni törədən 26 yaşlı Orxan Hüseynov isə maşını lizinqlə alıb taksi fəaliyyəti ilə məşğul olurmuş. O, insanları “Koroğlu” metrosundan Hövsan qəsəbəsinə 1 manata aparırmış.

Məqalənin girişində qeyd etdiyimiz reportaj zamanı “Qafqazinfo” olaraq bu problemdən çıxış yolu üçün rəsmi qurumlara da müraciət etmişdik. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, qeyd edilən ərazidə piyada keçidin salınması üçün oradan saatda 3 min insan keçməlidir: “Qeyd olunan ərazidə piyada keçidinin quraşdırılması üçün şərtlər uyğun deyil. Əgər yaşayış məntəqələsində olan keçidlərdə nəqliyyat vasitələrinin hərəkət şiddət 300 avtomobil/saat, piyadaların hərəkət şiddəti 3000 piyada/saat və yolun nəqliyyat hissəsi 14 metrdən çox olarsa, orada piyada keçidi tikilə bilər. Qeyd olunan ərazidə isə bir saat ərzində 3 min piyada keçmir”.

Qəsəbə sakini Vidadi Mikayılovun dostu Vəzirin, 3 uşaq atası Şaiqin, gənc ana Sənubərin, 3 yaşlı Mehinin, 6 yaşlı Mələyin və onlarla şəxsin yaşaması üçün oradan 1 saatda 3 min piyada keçməli idi.

Dövlət rəsmiləri həmçinin qeyd olunan ərazidə 1,6 km məsafədə yerləşən yerüstü piyada keçidlərini əsas gətirərək sakinlərin oradan keçməsini məsləhət görürlər. Lakin Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının qarşısında quraşdırılan yerüstü keçid fəaliyyətsiz zavodlara xidmət edir. Lakin on minlərlə əhalinin yaşadığı qəsəbənin mərkəzi hissəsi, sakinlərin ən çox istifadə etdiyi yer boşdur.

Söhbət etdiyimiz qəsəbə sakini olan yaşlı kişilər keçidə qədər olan 1 km məsafəni gedib, keçidin pilləkənlərini çıxıb, eyni yolu geri qayıtmağı fiziki olaraq qeyri-mümkün hesab etdiklərini dedilər: “Keçidlərdə əlillər üçün şərait də yaradılmayıb. Biz də daha “üç ayaqlı”yıq, keçidib birində eskalator var, o birində yox. Bu boyda yolu necə gedək, necə dırmaşaq o pillələri? Bir “svetofor”, “zebra” nə böyük problem olub bu qədər uşağın, gəncin, ailə başçılarının ölümünün qarşısında?”

Biz sakinlərlə söhbətləşib oranı tərk etdik, onlar isə istəmədən öyrəşdikləri bu cür həyatda yaşamağa davam edirlər. Ta ki, rəsmi qurumlar, Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası, Daxili İşlər Nazirliyi bu barədə qərar verənədək.

Qeyd: Komissiyanın sədri baş nazirin müavini Abid Şərifov, sədrin müavini Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, üzvləri isə fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev, nəqliyyat nazirinin müavini Musa Pənahov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavinlərdindən biri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və digər vəzifəli şəxslərdir.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni əmr: “Bandotdel”ə rəis təyin olundu – Əbülfət Rzayev kimdir? + FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.Mia.az Strateq.az-a istinadla xəbər …

Bir cavab yazın