Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / AMEA işçisindən Allah adına gülünc fikirlər

AMEA işçisindən Allah adına gülünc fikirlər

İlahiyyatçı Bəhruz Camal: “Əkrəm Həsənov AMEA kimi ciddi bir müəssisənin adına da kölgə salır…”

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov “Dünyadakı zəlzələlərin və kataklizmaların səbəbi cins şalvar geyinən qadınlardır”- deyən “Taliban” ideoloqu Fəzlur Rəhmanın fikirlərini dəstəkləyib. Bu barədə reaksiya.az-a danışan azərbaycanlı ilahiyyatçı bildirib ki, dünyadakı təbii fəlakətlər və kataklizmlərə qadınların açıq-saçıq geyinməsi, şəriət qaydalarına əməl etməməsi, yüngül həyat tərzi səbəb olur.

“Görürsünüz ki, son zamanlarda qadınlar daha açıq-saçıq geyinir, əxlaqsızlıq, fahişəlik artır. Bu da dünyada fəlakətlərin artmasına səbəb olur. Əgər kişi qısqancdırsa, Allah daha çox qısqancdır. Bütün təbii fəlakətlər də məhz buna görə baş verir”.

Xatırladaq ki, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Həsənov bundan əvvəl də qalmaqallı fikirlər səsləndirmişdi. O, əvvəl yerin fırlanmadığını, daha sonra isə fırlandığını, ancaq şübhəli fırlandığını bildirmişdi.

İlahiyyatçı Bəhruz Camal Əkrəm Həsənovun dediklərinin heç bir elmi əsası olmadığını bildirdi: “Bu, Əkrəm bəyin ilk qeyri-adi çıxışı deyil. O bir dəfə də yerin fırlanmaması barədə sələfi şeyxlərinin gülünc fətvasını dəstəkləmişdi. Əkrəm Həsənovun dəstəklədiyi sələfi şeyxlərindən biri yenə də gülünc bir çıxış və gülünc bir fətva verib. Yəni təbii fəlakətlərin səbəbi, sən, demə qadınların açıq-saçıq geyinməsi imiş. Xüsusən də cins geyinməsi imiş. Əslində bu sözün heç bir elmi qaynağı, əsası yoxdur. İnsan gərək nə dediyinə, nə danışdığına fikir versin. Xüsusən də əgər dediyi və danışdığı din və Allah adınadırsa, burada daha diqqətli olmalıdır. Amma təəssüflər olsun ki, Əkrəm bəy kimi ilahiyyat elmləri üzrə doktorlar nə danışdıqlarını çox güman ki, bilmirlər. Əgər Allah, din barəsində əsaslı məlumatlı olsaydı, Allaha qısqanclıq ittihamı vurmazdı və deməzdi ki, kişilər qısqancdırsa, Allah da qısqancdır. Allah mini yubka geyinən qızı kimə və niyə qısqanır? Heç olmasa desəydi ki, ”Allahın qəzəbindən doğur”, yenə buna inanmaq olardı. Çünki bəzi hədislərdə və yaxud Quran ayələrinin məntiqində təbii fəlakətlərin səbəbi günahın artmasıdır. Digər tərəfdən də təbii fəlakətlərin hamısının təbii səbəbləri var. Qeyri-təbii səbəblər Allahın hökmünü və qəzəbinə bağlı məsələlərdir ki, həmin səbəblərdən hansısa təbii fəlakətlər camaata üz tutur. Bunun nümunələri Quranda da, hədislərdə də var. Bir qövm əgər günahda həddini aşarsa, Allah-Təala həmin qövmü, həmin məntəqəni təbii fəlakətlərə qərq edib məhv edər. Amma təbii fəlakətləri konkret olaraq gətirib açıq-saçıq geyinən və ya şalvar geyinən qadınlarla əlaqələndirmək çox gülünc, heç bir elmi əsası olmayan məsələdir”.

İlahiyyatçı Əkrəm Həsənovun etdiyi çıxışlar barədə ölçü götürməyin vacib olduğunu da bildirdi: “Doğrudan da çox üzücü haldır ki, AMEA kimi ciddi bir idarədə belə təfəkkürü olan insanlar baş elmi işçi kimi fəaliyyət göstərir. Belə şəxslərin AMEA-da fəaliyyətləri AMEA kimi ciddi bir müəssisənin adına da kölgə salır. Məncə, AMEA Əkrəm Həsənov barədə ölçü götürməlidir. Çünki artıq bu, onun birinci belə qeyri-adi çıxışı və məmləkətimizə qeyri-ənənəvi məzhəb daşıyıcılarından olan sələfi şeyxlərinin sözlərini dəstəkləməsi ilk hal deyil. Buna görə də AMEA gərək bir az diqqətli olsun”.

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın