Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Ağcabədidə qadının doğuşdan sonra ölməsi ilə bağlı yeni TƏFƏRRÜATLAR, FOTOLAR

Ağcabədidə qadının doğuşdan sonra ölməsi ilə bağlı yeni TƏFƏRRÜATLAR, FOTOLAR

Ağcabədidə 2 uşaq anası, 32 yaşlı Nurlana Quliyeva doğuş zamanı dünyasını dəyişib. Hadisə ötən gün, sentyabrın 8-də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Gənc qadın 3-cü uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdikdən bir gün sonra səhər saatlarında qəfildən dünyasını dəyişib. 
Bu barədə musavat.com-a mərhumun yaxınları məlumat verib. Mərhumun qohumu Kəmalə Mustafazadənin sözlərinə görə, N.Quliyevanın hamiləliyi ilə əlaqədar həyati təhlükəsi olduğu haqda əvvəlcədən xəstəxananın həkimlərinə məlumat verilib.
 
Lakin ginekoloq həkim hamiləliyin davam etdirilməsinin tərəfdarı olub, bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürüb, sonda isə faciə baş verib: “Hamiləlik dövründə mərhumun analizində zülalın kəskin artması müşahidə olunmuşdu. Bu, onun həyatını təhlükə altına aldığı üçün həkimdən xahiş etdik ki, uşağı götürüb ananı xilas edək. Lakin həkimlər buna əməl etmədi. Aida adlı ginekoloq həkim bildirdi ki, heç bir problem yoxdur, müalicə ilə təhlükəni aradan qaldıra biləcək.
Hamiləliyin 36-cı həftəsində qeysəriyyə əməliyyatı oldu. Əməliyyatı edən isə xəstəxananın doğum şöbəsindən Vüsal həkim olub. Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib, qanaxma baş verib. Ona qan vurulsa da, qanaxmanı dayandırmaq mümkün olmayıb. Vəziyyəti belə görüb məsləhətləşdik ki, təcili ananı Bakıya aparaq. Lakin bu dəfə də həkimlər dedilər ki, “Buna ehtiyac yoxdur, biz həkimə inanırıq, o, savadlı olduğu üçün yenicə bu vəzifəyə gətirilib”.
Ertəsi gün saat 11 radələrində xəbər verdilər ki, ana dünyasını dəyişib. Səbəbi haqda isə bildirdilər ki, guya əməliyyat zamanı analizində zülal 98 faiz olub. Halbuki, əməliyyatdan əvvəl bizə demişdilər ki, zülal yoxdur. Səhlənkarlıq ucbatından 32 yaşlı Nurlana Quliyeva dünyasını dəyişdi, iki az yaşlı uşağı və iki günlük körpəsi yetim qaldı”.
Mərhumun yaxınlarının dediyinə görə, əməliyyat zamanı daxili tikişlər düzgün edilməyib. Əməliyyatı aparan Vüsal həkim olsa da, hüquq-mühafizə orqanlarına Vaqif həkimin adı deyilib.
Qeyd edək ki, ötən gün mətbuatda səhiyyə naziri Oqtay Şirəliyevin Agcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimini işdən çıxardığı barədə məlumat yayılmışdı. Report.az saytının yazdığına görə, nazirin əmri ilə xəstəxanasının baş həkimi Abbasov Novruz Əşrəf oğlu tutdugu vəzifədən azad edilib. Baş həkim vəzifəsinə isə hələlik yeni təyinat yoxdur.
Xəstəxanada baş vermiş bu faciə ilə baş həkimin vəzifəsindən azad edilməsi isə üst-üstə düşdüyündən ortalığa bəzi suallar çıxır. Gənc ananın ölümünün əsl səbəbi nə olub? Olayın baş həkimin vəzifəsindən azad edilməsi ilə bir əlaqəsi varmı? Bu suallara aydınlıq gətirmək üçün adıçəkilən xəstəxana ilə əlaqə saxladıq.
Azad Hüseynov adlı həkim hazırda xəstəxananın baş həkimi olduğunu deyərək, hadisə ilə bağlı açıqlama verdi: “Artıq bir həftədir ki, ayın 1-dən baş həkim təyin olunmuşam. Təyinat dəyişikliyi ilə bağlı nazir qərar verib, məsləhət edilib, gəlmişik bura…
Ana ölümü ilə bağlı olaya gəldikdəsə, bu barədə araşdırma gedir, iş prokurorluğa verilib. Hadisədə kimin günahkar olduğu barədə bizə məlumat veriləcək. Biz də, nazirlik də həmin şəxsi cəzalandıracağıq”.
Baş həkim onu da qeyd etdi ki, faciə ilə nəticələnən əməliyyatı Vaqif adlı həkim edib.


Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın