Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / ABŞ Türkiyədən nüvə raketlərini niyə çıxardı?

ABŞ Türkiyədən nüvə raketlərini niyə çıxardı?

Oktyabrın 26-da KİV-də rusiyalı hərbi ekspertlərdən biri Rusiyanın Ermənistanla birgə yaradacağı raket əleyhinə müdafiə sisteminin Azərbaycana qarşı yox, Türkiyəyə qarşı yönəldiyini bildirdi. O, bunun səbəbini Moskvanın Türkiyəni NATO üzvü kimi görməsi ilə izah etdi. Bəs bu gün Türkiyədə Rusiyaya qarşı yönəlmiş nüvə başlıqlı raketlər varmı? Hazırda qardaş ölkədə nüvə başlıqlı raketlərin olması barədə heç bir rəsmi məlumat yoxdur. Amma 53 il öncə Türkiyə torpağında hər biri Xirosimaya atılan atom bombasından 100 dəfə artıq partlayış gücünə malik 15 ədəd nüvə raketinin olmasını bu gün dünya başbilənləri inkar etmir. Məhz həmin raketlər o günlər Yer planetində həyatın varlığı-yoxluğu məsələsini həll edə bilən mühüm amillərdən birinə çevrilmişdi. Amma kələfin bir ucu da okeanın o tayında Kubada idi…

SSRİ ABŞ-ın xəbəri olmadan Kubada 42 nüvə raketi yerləşdirdi…

1959-cu ilin yanvarında inqilab yolu ilə hakimiyyətə gələn Fidel Kastro Kubada sosializm quruculuğuna başlayır. Lakin ABŞ, necə deyərlər, qulağının dibində SSRİ ilə dost olan belə bir rejimin bərqərar olması faktı ilə heç cür barışmaq istəmirdi. ABŞ faktiki kiçik bir ölkə qarşısında biabır olmuşdu. Ona görə də 1961-ci ilin yazında Fidel Kastronu devirmək qərara alınır, amma bu plan baş tutmur. MKİ və Pentaqon Kubaya qarşı yeni planlar hazırlayır. F.Kastro kömək üçün sovet rəhbərliyinə müraciət etməyə məcbur olur. 1962-ci ilin iyulunda F.Kastronun qardaşı Raul Kastronun Moskvada SSRİ başçısı Nikita Xruşşovla görüşündən sonra “hərbi əməkdaşlıq və qarşılıqlı müdafiə sisteminin yaradılması” haqqında müqavilə imzalanır. 5 illik müqaviləyə görə, sovet hərbi kontingenti Kuba qoşunları ilə birlikdə bu ölkənin ərazisini xarici təcavüzdən müdafiə etməyi öhdəsinə götürürdü. 1962-ci ilin yay günlərində N.Xruşşovun şəxsi göstərişi və F.Kastronun razılığı ilə son dərəcə məxfi şəraitdə nüvə başlıqlı sovet raketləri Kubaya daşınır. “Anadır” kod adlı əməliyyat o dərəcədə məxfi keçirilir ki, hətta SSRİ-nin ABŞ-dakı səfiri A.Dobrınin və BMT-dəki sovet nümayəndəsi V.Zorin də bundan xəbərsiz olur.

Dünyanı şoka salan 13 gün…

Raketlər Kubaya sentyabrın 9-da yerləşdirilsə də, cəmi 100-150 km məsafədə yerləşən ABŞ bu barədə təxminən bir ay sonra xəbər tutur. Çox hündürdən uçan bir Amerika U-2 casus təyyarəsi oktyabrın 14-də fırlanan raket rampalarının fotoşəkillərini çəkir. ABŞ-da seçki mübarizəsinin gücləndiyi dövrdə 1962-ci il oktyabrın 16-da Kubadakı nüvə mərkəzlərinin fotoşəkilləri prezident Con Kennediyə göstərilir. Artıq həmin gün Kubada artıq general İ.Pliyevin başçılığı ilə 42 min sovet hərbçisi və 42 nüvə başlıqlı raket var idi.O da maraqlıdır ki, Kubaya göndərilən sovet qoşun hissələrinin tərkibində çoxlu sayda milliyyətcə azərbaycanlı əsgərlər də olub (onlardan birinin qəribə taleyi barədə, inşallah, başqa bir yazıda bəhs edəcəyk). Beləliklə, Karib böhranı deyilən proses başlandı. Kennedi uzun sürən müzakirələrdən sonra Kubanın dənizdən mühasirəyə alınmasına qərar verdi. 1962-ci il oktyabrın 22-dən isə Kubaya qarşı embarqo həyata keçirilməyə başladı. Kubaya yaxınlaşan sovet gəmiləri embarqoya əhəmiyyət verməsəydi, okeanda batırılacaqdı. Xruşov ilk reaksiya olaraq hücum deyil, müdafiə silahı daşınan gəmilərin dayandırılması üçün əmr verməyəcəyini bildirdi. Bu qərar vəziyyəti daha da çətinləşdirdi. Bu minvalla 13 gün ərzində dünyanın taleyi tükdən asılı qaldı. Sovet hərbçiləri Kuba üzərində ABŞ-ın bir casus təyyarəsini vurandan sonra artıq Kennedinin də əsəbləri tam gərilmişdi. Okeanda isə sualtı qayıqlar arasında atışma gedirdi. Nəhayət, sovet lideri 1962-ci il oktyabrın 27-də Kennediyə göndərdiyi məktubda ABŞ-ın Türkiyədəki nüvə mərkəzlərini sökdüyü təqdirdə SSRİ-nin də Kubadakıları sökəcəyini, Türkiyənin ərazi bütövlüyünə və müstəqilliyinə hörmət ediləcəyi, daxili işlərinə qarışmayacağı və işğal etməyəcəyini bildirmiş və Kubadakı nüvə mərkəzlərinin sökülməsinin əvəzində ABŞ-ın da eyni sözləri Kuba barədə verməsini istəmişdi. Prezident Kennedi də eyni tarixli cavab məktubunda Kubadakı nüvələrin söküləcəyi təqdirdə Kubaya qarşı olan embarqoya son veriləcəyini və bu ölkəni işğal etməyəcəyi təminatını vermişdi. Ancaq Türkiyədəki raketlərin sökülməsi mövzusunda kəskin bir razılıq verməkdən qaçınaraq “Dünyadakı gərginliyin yumuşalması, məktubunuzda bildirdiyiniz digər silahlarla əlaqədar olaraq daha geniş müzakirə edə bilməmizə şərait yarada bilər” demişdi. ABŞ prezidenti üçün əsas olan ABŞ-a qarşı təhdidin aradan qaldırılması idi. Raketlər haqqında isə daha sonra qərar verilə bilərdi. Əslində o dövr üçün nüvə başlıqlarının sayı ABŞ-ınkından təxm. 15 dəfə az olan SSRİ daha böyük təhlükə qarşısında idi. Odur ki, Xruşovun ehtiyatlı və məsuliyyətli addımlarından cəsarət alan Kennedi sonrakı çıxışlarında “Onsuz da Türkiyəyə qoyduğumuz nüvələr köhnəlmişdi, 6 ay içərisində onları götürəcəkdik”, “ABŞ-ın onsuz da Kubanı işğal etmək fikri olmamışdı” cümlələrini də işlətmişdi. Bütün hallarda bəşəriyyət üçün əsas olan nüvə müharibəsinin başlanmaması üçün böhranın çözülməsi idi. Və bu baş verdi. Beləliklə, Karib böhranının başlanmasına səbəb olan Türkiyədəki 15 nüvə raketi dünyanın dağılmasının qarşısının alınmasında da böyük rol oynadı…

Türkiyədəki raketlər 10-12 dəqiqəyə isə Moskvanı yox edə bilərdi…

Bundan sonra Türkiyə tərəfi Ağ Evdən, Kuba tərəfi isə Kremldən incik düşdü. ABŞ raketlərinin çıxarılmasını Türkiyənin sadə vətəndaşları yalnız 40 il sonra bildilər. Hələ bu günədək bəzi türk siyasətçiləri ABŞ-ı Karib böhranı zamanı Türkiyəni “xarçladığını” hesab edir. F.Kastro da Kuba üçün təxminən eyni cür düşünürdü. Lakin 1963-cü ilin mayında N.Xruşov Kuba liderinə yazdığı məktubda nə üçün belə davrandığını izah edir. Həmin məktubu redaktə etmiş, o dövrdə Sov.İKPMK-nın əməkdaşı olmuş Rusiya politoloqu Fyodor Burlatski sovet liderinin belə yazdığını xatırlayır: “Xruşov Kastroya yazırdı ki, 1962-ci ilin yayında SSRİ müdafiə naziri marşal Radion Malinovski ilə birgə Varnada Qara dəniz sahili boyu gəzişərkən marşal ona dənizin o tayında – Türkiyədə ABŞ-ın bazası yerləşdiyini xatırladır. Və oradakı nüvə başlıqlı raketlərin 5-6 dəqiqə ərzində Kiyev və Xarkovu, 10-12 dəqiqədə isə Moskvanı məhv edə biləcəyini vurğulayır. Məhz bu söhbətdən dərhal sonra Moskvaya qayıdan Xruşov Kubaya raket göndərməyi əmr edir…”.

Raketlər Türkiyənin harasında qurulmuşdu?

Bəs nüvə raketləri Türkiyəyə nə vaxt yerləşdirilmişdi? 1997-ci ildə ABŞ Hava Qüvvələri Tarix Araşdırmaları Agentliyinin Silahlara Nəzarət və Tərksilah Agentliyi ilə birgə apardığı və kitab şəklində nəşr edilən araşdırmadan Türkiyə ilə ABŞ arasında 19 sentyabr 1959-cu il tarixli razılaşmaya əsasən 1960-cı il iyunun 1-də texniki razılığın imzalanmasından sonra İzmirin Çığlı kəndi yaxınlığında 15 “Yupiter” raketi yerləşdirilir.Hədəf SSRİ-nin qərb hissəsindəki nüvə bazaları idi. İlk vaxtlar açıq yerdə qoyulmuş raketlərin nə olduğunu soruşan savadsız kəndlilərə hərbçilər “minarədir” deyə cavab verirdilər. Raketlərə öncə ABŞ əsgərləri, bir müddət sonra isə Amerikada xüsusi təlim keçmiş türk əsgərləri xidmət etməyə başladılar.
Amerikalılar ilk dəfə 18 aprel 1962-ci ildə Türkiyədə “Yupiter” raketini sınaqdan keçirdilər. Orta mənzilli ballistik raketlərin ingiliscə qısaltması “İBRM” olduğundan onlara “İbrahim” kod adı verildi. Raketlərin üzərinə Türkiyə bayraqlarının rəsmi çəkildi. 1962-ci ildə bütün “İbrahim”lər işlək hala gətirildi. Raketlərin uzunluğu 18 m, eni isə 2.74 m idi. Onlardan hər biri 1,44 meqaton gücündə olmaqla, Xirosimaya atılmış bombadan 100 qat artıq dağıdıcı gücə malik idi. 22 oktyabr 1962-ci ildə raketlər tamamən Türkiyə ordusunun ixtiyarına buraxılsa da, cəmi 5 ay sonra sökülməyə başladı…

WikiLeaks Türkiyənin sirrini açdı?

Yazının əvvəlindəki sualı bir daha qısa şəkildə araşdıraq: Bəs bu gün Türkiyədə nüvə raketləri varmı?
Raketlər barədə diqqətəlayiq bir məlumat olmasa da, Türkiyədə nüvə başlıqlı aviabombaların varlığı haqqında son illər mütəmadi informasiyalar yayılır. 2010-cu ildə WikiLeaks sənədləri ABŞ diplomatlarının yazışmalarına əsasən Türkiyədə ABŞ-a məxsus 90 atom bombasının İncirlik bazasında saxlanıldığını təsdiqlədi. NATO-nun keçmiş baş katibi Corc Robertson verdiyi açıqlamada Türkiyədəki ABŞ-a məxsus İncirlik hərbi bazasında təxminən 40-90 ədəd nüvə silahı saxlanıldığını təsdiqlədi.
Türkiyə müdafiə nazirinin keçmiş müavini və istefada olan diplomat Taner Baytok 2010-cu ilin aprelində “Hürriyyət” qəzetinə verdiyi açıqlamada İstanbulda və Qara dəniz boyu keçmiş SSRİ sərhədlərinə yaxın bir neçə yerdə hələ sovet dönəmindən ABŞ-a məxsus 100-ə yaxın nüvə başlıqlı raketin yerləşdirildiyini bildirdi. Onun sözlərinə görə, raketlərin təhlükəsizlik sistemi biri ABŞ-da, digəri isə Türkiyədə olmaqla iki açarla qorunur. Ancaq o zaman Rusiya ekspertləri də bu informasiyanın doğru olmadığını söylədilər.
Türkiyəli professor dr. Osman Özsoy sözügedən mövzudakı geniş yazısında rəsmi dövlət orqanlarının belə sorğulara cavab vermədiyini bildirir. Lakin bəzi Qərb mənbələrinin İncirlik bazasındakı 90 nüvə bombasından 50-nin Türkiyənin ixtiyarında olduğunun qeyd etdiyini yazır.
Amerikanın “Atomic Scientists” adlı dərgisində ABŞ-ın 1940-cı illərdə Manhettendə ilk nüvə bombası layihəsi üzərində çalışmış mütəxəssislər Robert S. Norris ve Hans M. Kristensen tərəfindən aparılmış bir araşdırmada Avropadaki atom bombalarının ən yüksək sayının 1971-ci ildə – 7 min 300 ədəd olduğu göstərilir. SSRİ-nin çöküşündən sonra həmin say kəskin endirilərək, hazırda 150-200 ədəd civarında qalmışdır. Bu bombalara Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyə ev sahibliyi edir. 2001-ci ildə İncirlik bazasında B61 tipli 90 ədəd bombadan hazırda 60-70-i qalıb. Ancaq İncirlikdəki vəziyyət Avropadakı bazalardan fərqlidir. Çünki buradakı 50 bombanı daşımaq üçün ABŞ-dan xüsusi uçaqlar gəlməlidir. Çünki Türkiyə bu cür uçaqların burada yerləşdirilməsi təklifini rədd etmişdir. Yalnız yerdə qalan 10-20 bombanı F-16A/B tipli bombardmançılar daşıya bilər.

2017-ci ildə İncirliyə yeni bombalar gətiriləcək…

Araşdırmaya görə, 2006-2008-ci illərdə ABŞ ordusu mütəxəssisləri Ankara və Balıkesirdə də atom bombası saxlanılması üçün 6 depo olduğunu, lakin onlarda heç bir silah saxlanılmadığını aşkarlamışlar. Sənəddə 2017-ci ildə Türkiyədəki B61-12 tipli nüvə bombalarının B61-3 tipli yeni modellərlə dəyişdiriləcəyi də bildirilir.
Araşdırmada nüvə silahlarının yaxın zamanlarda Türkiyədən çıxarılacağının gözləniləmədiyi bildirilir. Bunun yalnız Rusiya və ABŞ arasında nüvə silahlarının ixtisarı barədə növbəti razılaşmanın əldə ediləcəyi, yaxud ABŞ konqresinin iqtisadi böhran səbəbindən həmin silahların saxlanılmasına maliyyə ayrılmamasına qərar verəcəyi təqdirdə baş verəcəyinin mümkün olduğu göstərilir.

 Sultan Laçın, Hafta.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın