Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Abortların sayına görə Azərbaycan liderə çevrilir

Abortların sayına görə Azərbaycan liderə çevrilir

“Qaynımın 2, baldızımın 3 oğlu var. Qaynanam deyir ki, görəsən hansı günahın sahibisən ki, Allah sənə 2 qız övladı verib”.

Bunu 32 yaşlı Arzu Abbasova deyir. O, etiraf edir ki, abortun zərərlərini, günah olduğunu bilir. Amma oğlan övladı istəyini hər şeydən üstün tutur. Buna görə də, artıq 4 dəfə abort etdirib.

Həkim Səmayə Məmmədovanın sözlərinə görə, təcrübəsində 12 dəfə abort etdirən qadına da rast gəlib. “Onlara abortun zərərləri ilə bağlı məlumat veririk. Amma müşahidələr göstərir ki, nə təbliğat, nə cəza, nə də qadağalar bunun qarşısını almağa yetmir”, – deyə həkim əlavə edir.

Qadınları aborta aparan səbəblər müxtəlifdir. Amma sosial problemlər, maddi durumun çətin olması siyahıda sonuncu yerdədir. Niyəsini dövlət qurumların apardığı araşdırmalar, statistik göstəricilər izah edir. Əvvəlcə dövlət qurumlarının araşdırmalarına nəzər salaq.

100 qıza 117 oğlan

Dünyada qəbul olunmuş tibbi normalara görə, hər yüz doğulan qız uşağına 105-106 oğlan uşağı normal hal sayılır. Amma hazırda Azərbaycanda hər 100 doğulan qız uşağına 117 oğlan uşağı düşür. Bu statistika dünyada Çin Xalq Respublikasından sonra ikinci göstəricidir. Orda 100 qız uşağına 120 oğlan uşağı düşür.

Artıq dövlət qurumları həyəcan təbili çalır. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ictimaiyyətə müraciət edərək qız uşaqlarının abort yolu ilə tələf edilməsinin gələcəkdə millətin genefonduna zərbə vuracağını bldirib. “Vəziyyət belə davam etsə, 20 ildən sonra oğlanlar evlənməyə qız tapmayacaqlar”, – deyə nazir qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin araşdırmalarına görə isə, qadınların 40 faizi öz arzusu ilə, 25 faizi yaşayış və həyat tərzi göstəricilərinə, 23 faizi sosial göstəricilərə, yalnız 12 faiz isə tibbi gostəricilərə görə aborta gedir. 1000 nəfər arasında kecrilmiş sorguda həm kişilər, həm də qadınlar arzuolunmaz hamiləliyin aradan qaldırılmasında abortu digər vasitələrdən daha təhlükəsiz hesab ediblər.

Statistika…

Azərbaycanda abort etdirən qadınların sayı 27-33 min arasındadır. Səhiyyə Nazirliyinin rəsmi açıqlamasında belə qeyd edilir. Onlardan əksəriyyətinin yaşı 25-lə 30 arasındadır. Təəssüf ki, son zamanlar 15-19 yaşlı yeniyetmələr də bu yola əl atmağa başlayıb və onların sayı artır. 2014-cü ilin statistikasına görə, 15-19 yaşlı qadınlar arasında abortların sayı 1000-i keçib. 19-25 yaşlılar arasında abort etdirən qadınların sayı isə 6000-dən yuxarıdır.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür. Azərbaycanda isə abort nəticəsində ölənlərin sayı açıqlanmır.

Qeyri-rəsmi məlumatlarda isə abort etdirən qadınların sayı dəfələrlə çox göstərilir. Hətta hər 100 hamilə qadından 30-nun abort etdirdiyi bildirilir. 2014-cü ildə Azərbaycanda doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına görə isə, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan düşür, 4-cü və daha sonra doğulan uşaqlar arasında bu göstərici 166-dır. 1989-cu ildə hər 1000 kişiyə 1051 qadın, 1999-cu ildə 1048 qadın, 2009-cu ildə isə 1021 qadın düşür. Hazırda hər 1000 kişiyə düşən qadınların sayı 1017-dir. Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər. Bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər.

Abortun zərərləri…

Qadınlar arasında keçirilən sorğuda təxminən 70 faiz abortun zərərlərindən xəbərdar olduğunu bildirir. Buna baxmayaraq, abortların statistikası dəyişmir. Bunu Tibbi Klinik Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova deyir.

Onun sözlərinə görə, abort etdirənlərin əksəriyyəti oğlan övladı arzusunda olanlardır. Təəssüf ki, əksəriyyət öz istəyi ilə abort etdirir: “Qadınlarla aparılan sorğudan da bəlli olur ki, çoxlarını həyat yoldaşı, qaynanası və ya kənar şəxslər məcbur etmirlər. Onlar oğlan övladı üçün hamiləliyi yarımçıq dayandırırlar”.

Təranə Həsənova

T.Həsənova deyir ki, çalışdığı mərkəzdə, ümumiyyətlə, aborta icazə verilmir. Qadın məsləhətxanalarında da hamiləliyin 3-cü ayında abortlara icazə yoxdur. Amma qadınlar öz həyatlarını təhlükə qarşısında qoymaqla çıxış yolu tapır: “3-cü ayda hamiləliyin dayandırılması üçün ciddi tibbi göstəriş lazımdır. Həkim tibbi göstəriş olmadan aborta razı olmur. Qadınlar isə ya internetdən, ya tanışlarının məsləhəti ilə aptekdən dərman alırlar. Təəssüf ki, internetdə müxtəlif çatlar var. Orada da hamiləliyin pozulması üçün “məsləhətlər” verilir. Dərmanla hamiləlik pozulandan sonra qadın qanaxma ilə xəstəxanaya gətirilir. Həkim isə pozulmuş hamiləliyə, qanaxmaya müdaxilə etməlidir. 10 il əvvəl belə hallarla rastlaşmırdıq. İndi isə informasiya bolluğu var, qadın hamiləliyi pozur, sonra həkimə müraciət edir”.

T.Həsənova bildirir ki, hamiləliyin süni pozulması orqanizmə zərərlidir. Qadının dərman vasitəsi ilə hamiləliyi pozması isə iki qat zərərdir: “Bəzən qadın çoxlu qan itirir, vaxtında müdaxilə olmazsa qanaxmadan ölüm mümkündür. Bundan əlavə, infeksiyaya yoluxurlar, nəticədə uzun müddət müalicəyə ehtiyac yaranır. Ümumilikdə isə, abort hormonal sistemi pozur, immun sistemi isə zəiflədir. Bəzən abortdan sonra qadın təkrar ana olmaq şansını itirir”.

Abort zamanı qadınların əksəriyyəti stress keçirir. Nəticədə, əsəb sistemi pozulur. Abortdan sonra qadınların əksəriyyətində nevroz kimi ağır sinir xəstəlikləri müşahidə edilir. Bəzən abort zamanı qadının uşaqlığı deşilir. Bu isə ən böyük fəsaddır. Yəni qadın abort zamanı təhlükədən sığortalanmır”.

Həkim deyir ki, hamiləlikdən qorunmağın yolları ilə bağlı qadınlarla söhbətlər aparılır. Amma maraqlıdır ki, əksəriyyət hamiləlikdən qorunmaq üçün təklif edilən variantları təhlükəli hesab edir. Onlar üçün ən yaxşı vasitə hələ də abortdur.

Həkim-ginekoloq Səbinə İsmayılova isə bildirir ki, hətta ilk hamiləlikdə də uşağın cinsiyyəti məsələsinə önəm verən ailələrlə rastlaşırlar: “Biz demirik ki, bütün qadınlar yalnız oğlan və ya qıza görə aborta gedirlər. Burada nikahdan kənar hamiləlik, maddi durumun ağır olması və digər səbəblər də var. Amma hamiləliyin 3-cü ayından sonra abort üçün müraciət edənlərin əksəriyyəti oğlan övladı istəyənlərdir. Onların arasında ali təhsilli mütəxəssislər də var. Bu isə onu deməyə əsas verir ki, qadınlar hələ də müəyyən ənənələrdən kənara çıxa bilmirlər”.

Hüquqşünas Azər Əliyev abortun qarşısını almaq üçün dölün hüququnun tanınmasını, cəzaların cərimələrlə sərtləşdirilməsini təklid edir. Onun fikrincə, digər cəmiyyətlərdən fərqli olaraq, Azərbaycanda cərimələr istənilən qadağalar və təbliğatdan daha çox fayda verir. Sosioloq İlahə Mehdiyeva isə əksinə təbliğatların, maarifləndirici tədbirlərin artırılmasına, sosial çarxların çəkilməsinə ehtiyac duyur.

Göründüyü kimi, fikirlər müxtəlifdir. Amma hələ də illərdir görülən tədbirlər nəticə vermir, başqa sözlə, statistika dəyişmir.

…Yəqin ki, çoxları doktor Berner Natansonun “Səssiz fəryad” filmini izləyib. Ana bətnindəki 12 həftəlik dölün vakuum sorucusundan yaxa qurtarmaq üçün necə çırpındığını əks etdirən görüntülər uzun illər abort əleyhinə təbliğatlrda istifadə olundu. Uşağın müdafiə olunması cəhdləri açıq-aşkar görünür, o, tora düşmüş balıq kimi çabalayır. Alət əvvəlcə əli, sonra ayağı qoparır. Və ən dəhşətlisi, körpə hələ də sağdır.

İndi də internetdə abortun zərərləri ilə bağlı kifayət qədər materiallar var. Üstəlik bircə axtarışla hamiləlikdən qorunmağın yolları ilə bağlı yüzlərlə məqalə, məsləhətlər oxumaq olar. Amma hələlik qadın arzu olunmaz hamiləlikdən yaxa qurtarmaq üçüm öldürməyə qərar verir. Başqa vaxt o, övladlarının müdafiəsi üçün özü ölümə hazırdır. Deməli, hələ də qanun vicdan qarşısında acizdir. O vicdanın ki, bir gün məhv etdiyinin qarşısıda cavab verəcək.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın