Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / 580 manata “qızıl medal” və ya saxta mükafatlar paylayan işbazlar – ŞİKAYƏT

580 manata “qızıl medal” və ya saxta mükafatlar paylayan işbazlar – ŞİKAYƏT

“Bakıda saxta mükafatlar paylayan qurum peyda olub. Həmin qurum bizim təşkilatı da “mükafat”la təltif edib və məni dəvət ediblər”.

 

Bunu Publika.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, illər boyu davam edən saxta mükafatlandırmaların sırasına daha bir şirkət qoşulub: “Tanınmış şəxsləri çağırıb onların rəhbərlik etdikləri təşkilatların guya birinci yerə çıxması, mükafat alması, “lider” olması ilə bağlı bahalı məkanlarda təqdimat mərasimi keçirirlər”.

 

E.Hüseynov deyir ki, bu günlərdə AİB-ə də belə bir dəvət gəlib: “Məktubda yazılıb ki, “Azərbaycan Respublikası müəssisələrinin 2015-ci ilin nəticələri üzrə ümumdövlət reytinqlərinin qurulmasının başa çatması haqda rəsmi olaraq xəbər veririk. İqtisadi fəaliyyətdə xidmət təsnifatı üzrə (AZT039210) uyğun olaraq Ümumdünya Reytinqlər Palatasının məlumatlarına əsasən, sıralanmanın nəticələrinə görə sizin şirkət -yəni AİB qızıl medal alıb. Bu, sizin fəaliyyətiniz üçün ən yaxşı göstəricilərdən biridir”.

 

Məktubda daha sonra qeyd edilib ki, rəsmi mükafatlandırma proqramlarına əsasən (ilin ən yaxşı müəssisələrinin mükafatlandırılması üzrə proqramları), bizə verilən mükafat elit şərəf nişanı ilə təsdiqlənib: “Sizin müəssisəniz üçün şərəf nişanı artıq ayrılıb. Zəhmət olmasa, məktubu aldıqdan sonra 5 gün müddətində Milli Biznes Reytinqin təşkilat komitəsinə müraciət edin. Sizin və ən yaxşı işçiləriniz üçün nəzərdə tutulan mükafatları, müəssisələrin marketinq və iqtisadi strategiyasında lider simvollarından, statuslardan istifadə etmək hüququnuz təsdiqlənir””.

 

Eyyub Hüseynov bildirir ki, ona göndərilən cədvəldə AİB-in “qızıl medala layiq görüldüyü” qeyd olunub: “Bizə göndərilmiş əlavə materialda yazılıb ki, “sizi “sahə liderliyi 2015” fəxri adına layiq görülməniz münasibətilə təbrik edirik”. Mən bu “mükafatlandırma” ilə əlaqədar həmin təşkilatçılara zəng edib soruşdum ki, siz bizim maliyyə dövriyyəmizi, iqtisadi göstəricilərimizin yüksək olmasını hardan bildiniz? Cavab verdilər ki, bunu guya Londonda yerləşən Beynəlxalq Reytinqlər Təşkilatı müəyyən edir. Onlar da həmin təşkilatın əsasında mükafatlandırma keçirirlər”.

 

Eyyub Hüseynov qeyd etdi ki, “Milli Biznes Reytinqi” adlı qurumun bu cür mükafatlandırma təşkil etməsi heç də təsadüfi deyil: “Mükafatlandırılma məsələsi pulludur. Bax, əsas məsələ də elə bundan ibarətdir. Pulların məbləğini açıq-aydın yazıblar: birinci proqram üzrə 580 manat. “Sahə liderliyi 2015” milli sertifikatını almaq üçün 580 manat ödəmək lazımdır. Özü də “sertifikat”! Fikir verin, axı qurumun belə sertifikat vermək hüququ yoxdur. Sertifikatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi verə bilər.

 

“Sahə liderliyi 2015” başqa şərtlərlə -ən yaxşı əməkdaşlar, xidmət və nailiyyətlərə görə aldığınız medal 950 manat, başqa reytinqlər isə 2400 manatdır”.

 

AİB sədri bildirdi ki, bu cür saxta mükafatlandırmalar, saxta birinciliklər, saxta qızıl medallara son qoyulmalıdır: “Belə saxtakarlıqla bir dəfə də rastlaşmışam. Fransaya gedərkən Azərbaycandan Gəncə şərabı apardım. Orda ayrı-ayrı ölkələrdən nümayəndələr vardı. Onlardan bəziləri Gəncə şərabından içdilər, şüşə orda qaldı.

 

Fransadan qayıtdıqdan sonra mənə poçtla rəsmi məktub gəldi ki, “sizin müəssisənin istehsal etdiyi Gəncə şərabı qızıl medala layiq görülüb. Qızıl medalın təqdimatı Parisdə Dünya Biznes Mərkəzində keçiriləcək. Filan vaxt, filan gündə ora gəlib qızıl medalınızı alın. Sizin üçün mehmanxana sifariş edəcəyik”.

 

Eyyub Hüseynov xüsusi olaraq qeyd etdi ki, özlərini biznes qurumları kimi təqdim edənlərin ayrı-ayrı təşkilatlara verdikləri mükafatların bir çoxu  saxta, yalandır: “Bunlar insanları aldatmağa hesablanıb. Üstəlik, bəzi malların üzərinə vurulan “qızıl” medallar da saxtadır. Yeri gəlmikən, “Ariel” yuyucu vasitələrinin reklamında “istehlakçıların rəğbətini qazanıb” sözləri yazılıb. Bu rəy sorğularını kim keçirir? Bütün bunlara son qoyulmalıdır”.

 

Qeyd: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın