Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Gündəm / 42 manatlıq qızılı turpun sirri nədir? – Fotoreportaj

42 manatlıq qızılı turpun sirri nədir? – Fotoreportaj

Qızılı turp 41 manat 49 qəpik, Çili bibəri 24 manat 90 qəpik…

“Gənclik Mall” hələ bir neçə gün əvvəl açılsa da, artıq yuxarıda qeyd olunan qiymətlərlə sosial şəbəkə istifadəçilərinin əsas müzakirə obyektinə çevrilib. Bunun uğurlu PR işi və ya real qiymətlər olduğunu dəqiq bilməsək də, qısa müddətdə maraqları özündə cəmləşdirdiyini aydın gördük. Ticarət mərkəzindəki mağazalarının 70%-i hələ açılmasa da, “Bravo” marketə məhz bu qiymətlərlə tanış olmaq üçün gələnlər heç də az deyil.

Elə biz də “Qafqazinfo” olaraq tərəvəzlərin bu fantastik qiymətlərinin sorağı ilə ticarət mərkəzinə baş çəkdik.

Supermarketə girən kimi ilk qarşılaşdığımız məşhur qızılı turp oldu. Ancaq turpun qiymətində müəyyən dəyişiklik var: 2-3 gün əvvəl 41 manata olan turpa nə az, nə çox 30 manat endirim edilib. Hazırda tərəvəzin qiyməti 11 manat 63 qəpikdir.

Ancaq yenə də supermarketdə 25 manata Çili bibəri, 42 manata qırmızı bibər və başqa tərəvəzlərlə qarşılaşmaq mümkündür. Marketdə olduğumuz zaman elə alıcılar da bu turpa almaq üçün yox, şəkil çəkdirmək üçün yaxınlaşırdı.

Tərəvəzlərin digər marketlərdə görməyə öyrəşmədiyimiz qiymətlərinə baxan zaman mağazada səsləndirilən anonsun “ən sərfəli supermarket” hissəsi diqqətimizi çəkdi. Qərara aldıq ki, mağazanı bir az da gəzib digər məhsulların qiymətilə maraqlanaq. Məlumat lövhələrində qeyd olunduğu kimi, həqiqətən də çeşid bol, xidmət yüksəkdir. Ancaq başqa supermarketlərlə müqayisə etdiyimiz zaman qiymətlərin sərfəli olduğunu deyə bilmərik. Mağazada qiymətlərinin hamısı 82 manata olan uzun bir konfet rəfi də diqqətimizdən yayınmadı.

Qiymətlər, xüsusilə də tərəvəzlərin dəyəri, onların hansı ölkədən idxal edilməyi ilə bağlı “Azərbaycan Supermarket MMC”nin marketoloqundan soruşmaq istəsək də, orada olmadığını bildirərək onun əlaqə nömrəsini verdilər.

Nömrəylə əlaqə saxladığımız zaman isə həmin xanım bizə turpun qiymətilə maraqlanmaqdansa, yeni açılmış mağaza haqqında material hazırlamağı məsləhət gördü:

“Turp və bu qəbildən olan məsələlərlə bağlı mən danışmayacağam. Siz mağaza haqqında daha ətraflı və başqa cür material hazırlaya bilərsiz”.

Qarşılaşdığımız qiymətləri müqayisə etmək üçün əvvəlcə ticarət mərkəzinin 100 metrliyində yerləşən, daha sonra isə paytaxtın digər hissələrində olan mağazalar şəbəkəsində olduq. Düzü, heç birində qızılı turp tapa bilməsək də, ağ və qara turpların qiymətilə maraqlana bildik. Qara turp: 1 manat 5 qəpik, ağ turp 1 manat 50 qəpik…

“Qafqazinfo” məsələylə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdan da münasibət öyrənib. Sədr bildirib ki, turpa, bibərə qoyulan bu qiymət həqiqətən də anormaldır:

“Heç bir əsası olmadan qiymətlərin artırılması istehlakçıların aldadılmasıdır. Şişirdilmiş qiymətlərlə mübarizə məsələri dəfələrlə qaldırılsa da, təəssüf ki, bu, çörəyin qiymətindən başqa heç bir məhsula təsir etməyib. Mən dünyanın müxtəlif ölkələrində olmuşam, ancaq Azərbaycan bazarındakı kimi anormal qiymətlər hələ heç bir yerdə müşahidə etməmişəm. Bizdə eyni suyun litri 40 qəpiyə də ola bilir, 10 manata da, eyni tərkibli kiloqramı 30 qəpiyə də olan duz var, 15 manata olan duz var”.

Günel Hacı

Fotolar: Nuran

42 manatlıq qızılı turpun sirri nədir?  -  Fotoreportaj
42 manatlıq qızılı turpun sirri nədir?  -  Fotoreportaj
42 manatlıq qızılı turpun sirri nədir?  -  Fotoreportaj
42 manatlıq qızılı turpun sirri nədir?  -  Fotoreportaj

Həmçinin oxuyun

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi… – NARAZILIQ…

Dünən Suqovuşan su anbarından normadan artıq su buraxılması nəticəsində Bərdə rayonu ərazisində fəaliyyət göstərən regionun …

Bir cavab yazın