Ana səhifə / Gündəm / 34 il öncəki müəmmalı qətlin son zəngi – Həmid Herisçinin araşdırması

34 il öncəki müəmmalı qətlin son zəngi – Həmid Herisçinin araşdırması

1981-ci ilin iyununda SSRİ KQB-si Tehran Milli Məclisini niyə havaya sovurdu?

Yaddaşıma əbədi olaraq həkk olunub bu telefon söhbəti… Zaman keçir, yaz gedir, payız gəlir… illər bir-birini əvəzləsə də o gün evimizdəki qara telefon aparatının dayanmadan titrəməsi, yalvarması, sızlaması hələ də paslı yaddaşımdan çıxmır ki, çıxmır. Zənglərin arasındakı qısa fasilələr bizə deyirdi ki, bəs zəng xaricdən, İrandan gəlir. Zəng, Bakıdan gəlsəydi, zənglər arasındakı fasilələr azacıq uzun olardı axı…
Atamın ala gözlərindəki həyəcanın bircə tərcüməsi vardı – “dəstəyi özün götür…çalış artıq danışma”…
Telefon dəstəyini qulağıma sıxdım. Dəstək yamanca soyuqdu deyə can-bədənim əvvəlcə azca üşüdü.
Mehriban səs əvvəl qulağımı, sonra telefon dəstəyini isitdi:
 
–  Həmid ağa, salam… Şükür Allaha, səsini eşitmək axır mənə nəsib oldu. Şükür! Çox yaşayasan… Atan evdədirmi? Danışan Rəzi əmidir…Rəzi Qəvami…
Şirin, mehriban Təbriz türkcəsiylə deyilən bu sözləri eşitmək əvvəlcə məni özümdən ixtiyarsız xeyli sevindirdi. Ancaq tez də həyəcanlandım. Rəzi Qəvami, İran solçuları arasında ən qüdrətli, əyilməz bir simaydı. Gizli fəaliyyətdəydi. Belələri xaricə, SSRİ-yə ancaq ciddi təhlükə yaşadıqları zaman telefon aça bilərdilər. Özü də cəmi bircə dəfə. O cür zənglərin bircə mənası vardı – “bəs, mən yandım…indicə məni həbs edəcək, yaxud öldürəcəklər… şəbəkədəki digər yoldaşlarımızı xəbərdar edin ki, aradan tez çıxsınlar”…
Həəə, belə de… Rəzi Qəvami də indi özünün bax bu son imkanından istifadə edirmiş. Bu, onun bizə elədiyi həm ilk, həm də son zəngiydi.
Özü də yaddaqalan zəngiydi. Rəhmətliklə atam bərk canciyərdilər. Rəzi, atamın tabeçiliyindəydi. Bakıdakı AZİ-ni bitirdikdən sonra əllinci illərin əvvəlində Rəzi əvvəlcə Əlcazairə getmiş, Təbriz fədailərinin gizli təşkilatlanma üsullarını, mübarizə fəndlərini yerli inqilabçılara ötürmüşdü. Şah vaxtı Rəzi axır İrana qayıdır. 1979-cu il İran inqilabının ən ciddi fəallarından birinə çevrilir.
Dostlar arasında əhd varmış – “mənə ancaq həyatın təhlükə altındaykən zəng et…işarəni anında dərk edib digər yoldaşlarımızı təhlükədən qurtararıq”…
İndi, hal-hazırda Rəzi Qəvami özünün bax, bu son zəng fürsətindən istifadə edirdi.
İki dost arasındakı kiçik, qısa söhbət çox-çox mənalıydı…
– Rəzi…can…havalar necədir orda?
– Qafar ağa, şükür. Hava buludludur…yağış yağacaq…
– Uşaqlardan muğayat ol, Rəzi can...
Hə… Rəziylə atam uşaqlarına da eyni adlar vermişdilər…Orda da bir başqa Həmid, adaşım varmış.
– Həmidlə Əlini qoru, Rəzi can… Nə istəyirsən, arzun nədi?
Rəzinin son arzusu barədə indi sizə nə deyim ki? Xatirələrim pası imkan vermir indi bu barədə sizə düz-əməlli bir söz deyəm. Söhbəti həm ruslar dinləyir, həm də İrandakılar. Bu səbəbdən hər sözümüzə diqqət edir, artıq sözləri dilimizə gətirmirik.
 
– İnşallah, yaxşı olar bu işlərin axırı... – rəhmətlik atam səbirliydi. Hissiyyatını cilovlamağı bacarırdı. Səsi də titrəməzdi belə çətin vaxtlar.
– Qafar ağa,  uşaqları tapşırdım sənə… Muğayat ol. Xudafiz. Qapını döyən var…
Telefon dəstəyi bir müddət atamın əlində qalıb, kəsik-kəsik səslər əks etməyə başladı – “dütdüt, düt”. Özümdən ixtiyarsız kürəklərimi soyuq divarlarımıza söykədim. Az sonra atam da bu hərəkətimi təkrarladı. Bir müddət heç nə danışmadıq.
1981-ci ilin isti yay günləriydi… Tehranda baş vermiş güclü partlayış nəticəsində İran siyasi elitasının mühüm qismi başda ayatullah Beheşti olmaqla naməlum şəxslər tərəfindən qətlə yetirilmişdilər. Ortada param-parça olmuş yüzdən çox insan cəsədi vardı… Havadan qan qoxusu gəlirdi. Rəzi Qəvami məhz bu zaman, üzərindəki qara buludları görüb özünün “son zəng” imkanından istifadə etmiş, bizə telefon açmışdı. Hələ o vaxtlar özümə söz vermişdim ki, İrana dönüncə Rəzinin qatillərini mütləq axtarıb tapacam. Axtarışlarımın nəticəsi ilə Rəzinin oğlu, adaşım Həmidi tanış edəcəm.
Aradan uzun illər keçdikdən sonra bilmirəm gün hardan doğdu, Ay harda batdı… Axır bu arzuma çatdım… Rəzinin qatilləri mənə bəlli oldu… Qalırdı indi bu qatilləri ifşa etmək.
Görünür, bu tale hökmüydü. Qoca tarix, bilmirəm niyə bu qordi düyününün çözümünü məhz mənə tapşırmışdı.
***
Gərək biləsiz, dinc dayanan adamlardan deyiləm. Bir də gördün yeməyi-içməyi lap unutdum, gecəni-gündüzə qatıb ağlasığmaz bir ixtira etdim. Yaxud çox gizli bir sənədi aşkarladım. Yaxud lap dərinə gedib köhnə bir qətlin icraçısını tapdım.
Aşkarladığım belə qatillərdən biri ilə indi siz də tanış olun. Həmin bu qatil vaxti ilə SSRİ Dövlət Teleradio Şirkətinin “xüsusi” telemüxbiri Leonid Rassadindir. İndi uzaq Yeni Zelandiya adalarında yaşayan bu yaşlı təqaüdçü hərdən öz isti yuvasından ayrılıb vətəni Rusiyaya qayıdır. Bu zaman Kremlə də baş çəkməyi unutmur. 2005-ci ildə məsəl üçün prezident Vladimir Putin şəxsən özü onun yaxasına “Şöhrət” ordenini sancıb.
Yaxşı, gəlin bu şəxsin həyat yolunu izləyək. Görək harda, nə zaman, hansı şəraitdə o, özünə “şan-şöhrət” qazanıb? Hansı əsərlərin, daha doğrusu qətllərin ustad müəllifi, məxfi icraçısı olub bu sakit təbiətli, iti baxışlı usta həmkarım?
Keçək mətləbə. Bir cür telejurnalistlər var bizim fani dünyada. Belələri adətən həmişə dağıdıcı partlayışlardan, qətllərdən az əvvəl həmin hadisə yerində görünərlər. Qısası, belələri həmişə Əzrayılı önləməyi bacarır. Bir-iki oxşar “jurnalist” aşkarladınsa, daha sənə ölüm yoxdu. Düş bu ac hərifin ardınca, onun səyahət marşrutlarını izlə, vəssalam. Dünyadakı bəzi qətllərin səbəbləri sənə tam aydın olacaq.
Leonid Rassadin məhz belələrindəndi – hadisə yerinə həmişə Əzrayıldan əvvəl gələrmiş. Məsəlçün, 1979-cu ildə, sovetlərin Əfqanistana girməyinə üç-dörd gün qalmış Leonid Rassadin gedir Küveytə. O vaxtkı Küveyt xarici işlər nazirindən ənənəvi bir mühasibə alır. Nazir bu müsahibəsində SSRİ-nin xarici siyasətini bəyəndiyini qeyd edir. Rassadinə də elə bu lazımmış. Sovetlər Əfqana girincə, müsahibəni götürür verir efirə. Nəticədə belə çıxır ki, bəs guya yazıq Kuveyt uzaq Kremlin Əfqan macərasını bəyənir.
1981-ci ildə Rassadin yenə Əzrayıldan əvvəl özünü Tehrana çatdırır. Görür Əzrayılı əvəzləyən digər həmkarları – İngiltərənin “Qardian”, Fransanın “La Mond” qəzetləri müxbirləri Devid Xerstlə, Erik Rulo da, “təsadüfə” bir bax, burdaymış ki… Tehrandakı sovet agentura şəbəkəsinin rəhbəri Leonid Şabarşin də qəfil ortada peyda olub başlayır axşamlar bu üçlüyə kabab bişirməyə.
Axırda bu kabab, bir başqa kababla nəticələnir. 1981-ci ilin 28 uyununda Tehran pəncərələrinin əksəri silkələnir. Partlayış nəticəsində İran Milli Məclisi üzvlərindən yüzdən çoxu, başda ayatullah Beheşti olmaqla, havaya sovrulur.
Rəzi Qəvamini bu partlayışın səbəbkarlarından biri sayıb götürüb güllələyirlər. Əsl canilər isə qalır bir kənarda.
***
Leonid Rassadinlə mənim həyatım arasında deyərdim oxşar cəhətlər çoxdu, bəli,  az deyil. O da mühacirətdə – Şanxayda anadan olub, mən də. Özünü mənim kimi “hərbi jurnalist” sayar. On il Şanxayda yaşadıqdan sonra 1948-ci ildə ailəsi ilə birgə Odessaya köçüb. Anası opera ariyalarının mahir ifaçısıymış. Atası barədə kimsə nəsə sorarsa, bilmirəm niyə susmağa üstünlük verər həmişə bizim bu Leonid Rassadin. Fransız, ingilis dillərində sərbəst danışmağına xahiş edərdim xüsusi fikir verəsiniz. O vaxtkı Tehranda Erik Rulo, Devid Xerst kimi “jurnalist”lərlə görünür öz dillərində danışıb bizim bu indiki qəhrəmanımız. Lakin aramızda fərqlər də var. O, Əkizlər bürcü altında dünyaya göz açıb, mən Buğa bürcü altında. O, futbolu sevir, mən isə sevmirəm. Alkaqoldan, qonaq etsələr, imtina etmir, ancaq mən imtina edirəm. Bioqrafiyasında qəribə bir qeyd var – deyir ki, bəs “Ballantaynz” viskisini çox bəyənir.
Leonidi xahiş edirəm, kiçildib cibinizə qoymayın. 1979-cu il İran inqilabı haqdakı “Monarxiyanın süqutu” adlı bir saatlıq filmin müəllifidi o.
1981-ci ildə SSRİ Dövlət Teleradio Şirkətinin sədr müavini həmyerlimiz Ənvər Niyazoviç Məmmədov bizim bu qəhrəmanımızı kabinetinə dəvət edir. Barındakı bahalı içkilər arasından “Ballantaynz” viskisini çıxarıb masadakı kiçik qədəhlərə süzür.
– Mərkəzdən əmr var. Təcili Tehrana gedib orda şirkətimizin nümayəndəliyini açmalısan. Tələs. Vaxtın azdır.
“Ballantaynz” viskisinin turş dadı ilk dəfə bax burda Rassadinin damağına ömürlük çöküb, day ona bir də rahatlıq, dinclik vermir.
Tehranın “Mehrabad” hava alanında Rassadini özü kimi bir başqa “jurnalist” Mixail Krutixin qarşılayır. Bu şübhəli şəxs hələ o vaxtlar Britaniya kəşfiyyatına işləyirdi. İran solçularının siyahısını götürüb lazımı ünvanlara göndərərdi. Qara əməllərini o indi də bir başqa cür davam etdirir – edam etdirdiyi minlərlə İran solçusunun xatirəsini öz memuarlarında murdarlayıb aşağılayır.
Tehrana Dəməşqdən uçub gəlmiş Rassadinin cibində o vaxtkı İran Teleradiosunun rəhbəri Sadiq Qotbzadənin adına çox məxfi bir məktub da varmış. Sadiq Qotbzadə həmin məktubu oxuyunca Rassadinə inamı artır. Rassadinə bələdçi kimi İnformasiya Nazirliyindən gəlmiş iki qəribə xanımı qoşur. Xanımların biri, yadda saxlayın, mənşəcə rus, digəri hindli imiş. Qadınlar çox cazibədar olmaqla yanaşı həm də ingiliscə sərbəst danışırdılar. Rassadin Tehrana o vaxt tək gəlməmişdi. Sovet teleekranlarından hamıya tanış gələn məşhur telejurnalist Arkadiy Qromov da Rassadini bu səfər zamanı müşayiət edirdi. Tehran küçələrində çəkiliş aparıb, müəyyən yerləri qeydə alan həmin bax bu heyət axırda qayıdır çıxır Sovet səfirliyi ərazisinə. Burda, sabah baş verəcək faciənin baş memarlarından biri, Tehrandakı sovet agentura şəbəkəsinin rəhbəri Leonid Şabarşinlə görüşürlər.
– Biz adaşıq, eləmi? – deyən Şabarşin, kabinetindəki barın ağzını açaraq ordan bahalı “Ballantaynz” viskisini çıxarıb sual dolu baxışlarını Rassadinə tuşlayır.
– Deyəsən mən bu içkini sevəcəm... – deyən Rassadin, razılıq əlaməti olaraq başını bir-iki dəfə aşağı-yuxarı  tərpədir.
Az sonra süfrədəki qədəhlərin sayı artır – söhbətə bir başqa şübhəli səfirlik işçisi, sonralar İran solçularının uzun siyahısını Britaniya kəşfiyyatına ötürmüş Vladimir Kuziçkin də qoşulur.
Hər üç şəxsin Britaniya viskisinə sevgisi məncə o vaxtlar da görünür heç də təsadüfü deyilmiş.
Sovet-fransız-ingilis kəşfiyyatlarının məxfi gizli əməliyyatı məhz bu görüş zamanı start götürüb axırda öz acı nəticəsini verir.
28 iyun 1981-ci il tarixində, Tehranda, tayı-bərabəri olmayan cinayət törədilir. İslam Respublikaçıları Partiyası qərargahının havaya sovrulması nəticəsində yüzdən çox insan, o cümlədən İran Parlamentinin spikeri ayatullah Beheşti həlak olur. Onun tikəsini belə tap bilmirlər.
Partlayışa bizim jurnalistlər heyəti bəri başdan tam hazır idi elə bil. Cəld hərəkət edib təcili olaraq partlayış yerinə gəlib video-çəkiliş aparmağa girişirlər. İdmançı cüssəli Arkadiy Qromov çıxır yaxındakı bir yük maşının üstünə, yerini orda rahatlayır, ağır telekameranı atır çiyni üstə, düyməsini basır, vəssalam. Əməliyyatın görüntüsü isti-isti lentə alınaraq tez lazımı ünvana göndərilir.
Burda sual doğur – niyə bu tam məxfi əməliyyat beynəlxalq məzmun daşıyıb? Niyə “əlbir olub rus ayısı ingilis şiriylə, fransız pişiyi ilə, ovladılar İran dovşanını tədbir ilə” – həə? Cavabı hazırdı məndə bu lal sualın.
1979-cu il İran inqilabının memarları, başda ayatullah Beheşti olmaqla, bəli, mütləq aradan götürülməliymişlər. Fövqəlgüclər, yəni SSRİ, Britaniya, Fransa həmin qanlı əməliyyat nəticəsində İran barədə konsensusa gəlməli, yəni eyni rəyi bölüşməliymişlər. Xüsusi olaraq qeyd edim ki, müasir İran rəhbərliyi vilayəti-fəqih Xameneyinin, əyətullah Rəfsancaninin simasında həmin partlayışa 10 dəqiqə qala-qalmaya hadisə yerini tərk edibmiş.
Məncə, həmin bax bu dövlət rəsmilərini, həmin hadisə yerindən uzaqlaşdıran qüvvələr elə-belə, boş yerə hərəkət etməyiblər. Xəbərdarlıq göndəriblər sağ qalanlara. Yəni, “istəsəydik sizi də… azca mövqeyimizi dəyişin”…
***
Lakin bütün bu cinayətlərin səbəbi az sonra atılır yazıq İran solçularının üzərinə. Görünür bu da əvvəlcədən düşünülmüş bir gediş idi. Nəticədə İranda, xüsusən Güney Azərbaycanda minlərlə, bəli minlərlə idealist, solçu təfəkkürünün daşıyıcıları həbs edilərək zindanlara atılır. Məhkəmələr, edamlar bütün ölkəni bürüyərək bitib-tükənmək bilmir. Bax o zaman, məhz o zaman dostumuz, canciyərimiz Rəzi Qəvaminin qapısını təpikləməyə başlayırlar. O da məhz həmin qanlı-qadalı vaxtlar özünün “son zəng” imkanından istifadə edərək Bakıya, bizə zəng etmək qərarına gəlir.
Rəzi Qəvamilər indi yoxdur həyatda.
Leonid Rassadin, Mixail Krutixin, Vladimir Kuziçkin, Leonid Şabarşini birləşdirən əlavə bir vacib cəhət də varmış, sən demə. Üçü də ingilislərin “Ballantaynz” viskisini sevirmişlər. Həmin viskini içə-içə çox cinayətlər törədir bu məşhur üçlük – əvvəl idealist İran rəhbərliyini aradan götürürlər, sonra İran solçularını. İştaha diş altındadır. Sonra qərara gəlirlər ki, vətənləri SSRİ-də də bu xətti davam etdirsinlər.
Solçuları burda da xaricilərə satıb axırda bu mövzunu tam qapayırlar. Leonid Şabarşin 1991-ci ildə bir saatlıq xəlifə kimi cəmi bir gün KQB sədri kürsüsündə əyləşir. O, bir neçə vacib sənəd imzalayır bu vaxt. Yadda saxlayın, həmin sənədlərin biri, KQB-dəki partiya təşkilatının ləğvi barəsindədir. İran kommunistləri ilə siftə edən bu cani, axırda öz vətənində də oxşar əməllərini davam etdirir.
Leonid Rassadin köçür uzaq Yeni Zelandiyaya – sakit Oklend şəhərinə. Facebookdakı səhifəsinə baxsan, görərsən ki, buranı ulduz burcləri barədə çox saylı məlumatlar, nəşrlər bəzəyir. Hiss olunur ki, yaşlı jurnalist uzaq ulduzlarda öz bəxtini axtarmaqla məşğuldur indi.
2005-ci ilin mayında, Kremldə Rusiya prezidenti Vladimir Putin bu təqaüdçünün yaxasına “Şöhrət” ordenini sancır. Tarixin tozlu qovluqlarından bu nadir anın fotosunu biz nəhayət ki, axtarıb çıxarmağı bacardıq.
İndi bu fotonu hamının diqqətinə çatdırıram.


Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın