Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / 3 polisin bıçaqlandığı kafe və ya əxlaqsızlıq yuvası:

3 polisin bıçaqlandığı kafe və ya əxlaqsızlıq yuvası:

Fevralın 2-də 3 polis əməkdaşının bıçaqlanması ilə nəticələnən davanın baş verdiyi “Emin” kafesi uzun illərdir ki, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Sabunçu rayonunda əxlaqsızlıq yuvası kimi ad çıxaran bu kafenin hansı məqsədlərlə fəaliyyət göstərdiyini az da olsa, məlumatı olan hər kəs bilir. 
Polis əməkdaşlarının bıçaqlanması ilə nəticələnən dava da bu kafedə baş verən yüzlərlə insidentdən biridir. Hər gün onlarla yüngül əxlaqlı qadınların toplaşdığı bu kafedə tez-tez davalar baş verir. Kafenin yanından məhəllə yolu keçir.
Alternativi olmayan, məcburən bu yoldan istifadə edən sakinlər dəfələrlə kafedəki vəziyyətlə bağlı öz narazılıqlarını bildiriblər. Bir neçə dəfə də kafenin işçiləri, həmçinin sərxoş halda kafenin qarşısında söyüş söyən müştərilərlə ətrafda yaşan sakinlər arasında dava olub.
Musavat.com-un əməkdaşı fevralın 2-də axşam saatlarında insidentin baş verdiyi həmin kafedə olub.
İlk müşahidəmiz belə oldu ki, həqiqətən də kafe əvvəllər necə ad çıxarıbsa, eyni qayda da fəaliyyətini davam etdirir. Yanımızda olan və bizə yoldaşlıq edən şəxs 20 ildir ki, bu kafenin yerləşdiyi məhəllədə yaşayır.
Müsahibimiz həmin ərazidə yaşadığı müddət ərzində gördüklərini bizə danışır: “Gecə saat 3-4 radələrinə qədər kafedə musiqi davam edir. Gecələr “işləyən” qadınlar günorta saatlarında “Mitsubishi” markalı maşınla işə gəlirlər. İş əsasən günortadan sonra başlayır. Kafe məhz buna görə müştəri cəlb edə bilir. Müştərilər buradan qadınları seçirlər və kafenin qarşısındakı taksilərə minib, gedirlər. Onların əksəriyyətinin öz evləri var”.
Söhbətimiz davam edərkən musiqi səsi yüksəlməyə başlayır. Bu vaxt həmsöhbətimiz sözünə davam edir:“Səhərə qədər musiqi olur. Kafeyə gələn müştərilər yeyib-içirlər. Bir də baxırsan ki, dava düşdü. Davalar əsasən kafedəki qadınlara görə başlayır”.
Gecə saat 23 radələrində müştəri qıtlığı müşahidə edilir. Kafenin bütün fəaliyyətinə, iş qrafikinə bələd olan həmsöhbətimiz bunu belə izah edir: “Qadınlar axşam saat 7-8-dən sonra burada olurlar. Müştərilər gəlib, gedirlər. Bir də gecə saat 1-2-də geri qayıdırlar. Burada rayonlardan gələn 18 yaşı tamam olmamış gənc qızlar da var”.
Maraqlı olan budur ki, kafedə saysız-hesabsız davalar, bıçaqlanma hadisələri olsa da, heç bir ciddi tədbir görülmür.
“Sakinlər dəfələrlə polisə şikayət ediblər, vəziyyətin necə olduğunu deyiblər. Kafenin qarşısından qadınlar, uşaqlar, yaşlılar keçirlər. Bütün günü burada biabırçılıqdır. Neçə dəfə buna görə sakinlərlə kafe işçiləri arasında davalar, mübahisələr olub. Amma elə bil ki, bura heç kim bata bilmir”, – deyə həmsöhbətimiz qeyd edir.
Söhbətin davamında isə sonuncu baş verən hadisəni xatırladan həmsöhbətimiz deyir ki, buna baxmayaraq, kafe eyni qaydada işləyir.
Kafedə olduğumuz müddətdə masalardan birində əyləşən qadın tez-tez müştərilərlə dialoqa girirdi, ancaq qiymət məsələsində razılaşa bilmirdi. Söhbət bir az uzun çəksə də, sonda müştərilərdən biri ilə razılaşma oldu. Nəticədə müştəri həmin qadınla kafeni tərk etdi.
Onu da öyrənə bildik ki, kafeni özünə iş yeri kimi görən yüngül əxlaqlı qadınlar buna görə kafedəkilərə müəyyən məbləğdə pul da ödəyirlər. Kafenin sahibinin Nəriman adlı şəxs olduğu deyilir.
Xatırladaq ki, kafedə bıçaqlanan polislərdən biri, kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.
Hadisə isə İlham Məmmədov adlı şəxsin Daxili İşlər Nazirliyinin “102-qaynar xətti”nə zəng edərək, adıçəkilən kafenin əməkdaşlarının ona bıçaqla hücum çəkdikləri barədə məlumat verməsindən sonra baş vermişdi. Hadisə yerinə gələn polis əməkdaşları davaya səbəb olan şəxsləri saxlamaq istəyərkən bıçaqlanmışdılar.
Hadisəni törədən Beyləqan rayon sakinləri – 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlham Məmmədov və Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Məlikov saxlanılıblar.
3 saylı Klinik Xəstəxanaya yerləşdirilən polsilərin vəziyyəti yaxşıdır. Xəstəxanadan musavat.com-a verilən məlumata görə, polis əməkdaşları yüngül bıçaq xəsarətləri alıblar. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın