Ana səhifə / Gündəm /  İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

 İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

Azinforum.az tanınmış dinşunas t.e. üzrə fəlsəfə doctoru Hacı Vaqif Cəliloğlunun bugünkü İslam ailəmindəki hadisələrlə həmahəng olan silsilə yazısını təqdim edir.
6–ci yazı
Yazının əvvəli ilə bu linklər vasitəsilə tanış ola bilərsiniz :
1.(https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu/)
2.https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu-2/
3. https://www.azinforum.az/20783-2/
4.https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu-3/

5.https://www.azinforum.az/22733-2/

İmam Əbu Hənifə (təqr. 699-767) və məzhəbi
İslam dini coğrafiyasını genişləndirərkən əsir düşənlərdən biri də İran əsilli Zuta idi. İslamı qəbul etməsi, sosial mövqeyi və şəxsi keyfiyyətlərinə görə Zuta azadlığa qovuşub Kufə şəhərində məskunlaşdı. O burada imam Əli ilə görüşdükdən sonra onu hədsiz sevib. Zutanin Sabit adlı oğlu da həz. Əlidən çox şey öyrənib. Həz. Əli isə Allahdan Sabitə xeyirli bir övlad verməsini diləyib. Allah bu duanı qəbul edir və sonradan İslamın görkəmli fiqh alimi olmuş Numəni dünyaya gətirir. Tarixin “Əbu Hənifə” ismini verdiyi Numən b. Sabit bu künyə ilə tanınıb.
Hələ kiçik yaşlarında Qurani-Kərimi əzbərləyən Əbu Hənifə ailəsinin ticarətlə məşğul olmasına baxmayaraq, qiraət və hədis elmini öyrənməklə dini bilgisini daha da mükəmməlləşdirib. O, elmi axtarışlarının nəticəsi olaraq fiqh elmi ilə xüsusi məşğul olub. Özünün dediyi kimi, o, elm mərkəzində- Kufədə yaşayırdı. Həz. Əli b. Əbu Talib, Abdullah b. Məsud kimi böyük səhabələrin elmi ilk olaraq bu şəhərdə təşəkkül tapmışdı. Əbu Hənifə imam Cəfəri- Sadiqin “Əli b. Əbu Talibin şəhəri” dediyi Kufədə müxtəlif şiə, o cümlədən Zeydiyyə və İmamiyyə təriqətləri ilə elmi təmasda olub.
Dörd sünni fiqh məktəbinin- məzhəbinin birincisinin qurucusu və rəhbəri olan Əbu Hənifə həz. Peyğəmbərin ailə və pak soyuna- əhli-beytə böyük məhəbbət bəsləyib, şiə imamları və onların ardıcıllarının elmindən istifadə edib. Xəlifə Mənsurun: “Ey Numən, elmi kimlərdən öyrəndin?” sualına, o belə cavab verib: “Tələbələri vasitəsilə həz. Əli, həz. Ömər və Abdullah b. Məsuddan”.
Əbu Hənifə həm də ticarətlə məşğul olduğu üçün sosial-iqtisadi durumu digər məzhəb rəhbərlərindən daha yaxşı olub. Həmin səbəbdən Beytül- malda (dövlət malında) gözü olmayıb. Təqva sahibi olan bu şəxsiyyət gözəl geyinməyi, ətirlənməyi ilə yadda qalıb. O, həm də çox səxavətli olub.
Əbu Hənifə şiə olmasa da, fəqət Əməvilərin xilafətdə haqqının olmaması fikrində idi. O, Əməvilərin əleyhinə bilavasitə fəaliyyət göstərmədiyi kimi, əhli-beyt əleyhinə olan hərəkətləri də dəstəkləməyib. Belə ki, Zeyd b. Əli Zeynalabidin Kufədə xəlifə Hişama qarşı üsyan etdiyi zaman Əbu Hənifə deyib: “Zeydin bu hərəkəti Rəsululləhin Bədr günündəki döyüşünə oxşayırdı”. O: “Nə üçün Zeyd hərəkatına qatılmadın?” –sualını belə cavablandırıb: “Əgər xalqın Zeydi daha öncə babası həz. Hüseyni tərk edib qaçdığı kimi qaçmayacağına əmin olsaydım, mən də Zeydlə birlikdə savaşardım. Çünki o, həqiqi imamdır”.
Mənbələrə görə, Əbu Hənifə imam Zeydə 10 min dirhəm məbləğində yardım edib və elçisinə: “Mənim üzürümü ona çatdırın” deyib.
Təbii ki, Əbu Hənifənin əhli-beyt sevgisi, Zeydə olan xoş münasibəti onun Əməvilər tərəfindən təqib edilməsinə səbəb olub. Lakin vilayətdə baş verən ixtişaşlar, Zeydi öldürdükdən sonra ölüsünü təhqir edən Əməvilər camaatdan qorxaraq Əbu Hənifəyə cəza verməkdən ehtiyat edirdi. İqtidar onu pul vasitəsilə ələ almağa cəhd etdi. Əməvi valisi İbni Hubeyrə muamilələri təsdiq edən möhürü Əbu Hənifəyə vermək istəsə də, fəqət imam bundan qəti surətdə imtina edib. Rədd cavabı alan vali Əbu Hənifəyə yaxın olan alimləri xahişə göndərdi ki, möhürü qəbul etsin. İmam xahişçilərə belə cavab verib: “Vali mənim hökmümlə adamların boynunu vurmaq istəyir. Mən ölsəm belə, bu işlərə möhür vurmaram”. Zalım iqtidara xidmətdən imtina edən Əbu Hənifəni şallaqla vursalar da, zindana salsalar da, o, fikrindən dönməyib. İmam həbsdən azad olduqdan sonra Hicaza gedərək Abbasilər hakimiyyətə gələnə qədər orada məskunlaşıb. Əbu Hənifə Abbasi xilafəsi Əbul- Abbas əs- Səffaha (749-754) beyət etdikdən sonra yenidən Kufəyə qayıdıb.
İmam Əbu Hənifənin (imam Əzəm –böyük imam) Abbasilər xilafətinin ilk illərindən onlaırn əleyhinə olması barədə istifadə etdiyimiz mənbələrdə məlumat yoxdur. Lakin Abbas oğulalrı ilə həz. Əli övladları arasında sonradan baş verən çəkişmələr baxtı Əbu Hənifəyə işgəncələr verilib. İmamın əhli-beyt sevgisinə mətanətini görən xəlifə əl- Mənsur (754-775) ona qazilik vəzifəsini təklif edir. Əbu Hənifə xəlifəyə deyir: “Qazı ola biləcək şəxs həm sənin, həm də övlad və komandanlarının əleyhinə hökm verəcək bir ruha sahib olmalıdır. Mən isə belə bir ruha sahib deyiləm”. Xəlifə təklifini rədd edən imama 10 dəyənək vurduqdan sonra zindana atırlar. Həbsdə səhhəti ağırlaşan Əbu Hənifə azad edilsə də, fəqət xəlifə ona dərs və fətva verməyi qadağan edir. Nəhayət, təqib və həbsxana şəraiti imamın səhhətinə mənfi təsir göstərdiyi üçün az sonra o, gözlərini əbədi yumur. İmam vəsiyyət edib ki, onu qəsb edilmiş və ya xəlifənin qəsb etdiyi yerdə dəfn etməsinlər… Bütün Bağdad xalqı imam Əzəmin cənazə namazında iştirak edib. İmam Əzəmin cənazə namazına 50 min müsəlman qatılıb.
İmam Əbu Hənifənin fiqhi bu əsaslara söykənir: 1) Kitab (Quran); 2) Sünnət. Bu, Allahın kitabını açıqlayan Peyğəmbər(ə) kəlamlarıdır; 3) Səhabə və tabiinlərin sözləri; 4) Qiyas. İmam, kitab, sünnət, səhabə və tabiinlərin sözlərində bir dəlil tapa bilmədikdə qiyasa müraciət edərdi; 5) İcma; 6) Örf. Bu metod qeyd olunan üsullar yetərincə olmadıqda qanun və şəriətin əmr və qadağalarına əks olmayan, xalqın ümumən qəbul etdiyi metoddur.
Hənifə məzhəbi özünün qeyri-radikallığı, xristian də yahudilərlə tolerantlığı, barışdırıcı və xalqın adət-ənənəsini də nəzərə alan bir məktəb olduğu üçün bu məzhəb 5 məzhəbdən ən çox yayılanıdır. Sözügedən məktəb Abbasi dövlətinin rəsmi dini məzhəbi kimi 500 ildən artıq əksər İslam ölkələrində aparıcı rol oynayıb. Osmanlı imperiyası dövründə də dini hökmlər əsasən bu məzhəbin qaydaları ilə icra edilib. Müasir Türkiyənin əksər müsəlmanları bu məzhəbin nümayəndələridir.
Mədinə imamı Malik ibn Ənəs (711-795) və məzhəbi
İmam Malik ibn Ənəs Mədinədə Yəmən qəbiləsinə mənsub ərəb nəsilli bir ailədə dünyaya gəlib. Onun həm ailə, həm də ətraf mühiti elm adamları ilə əhatədə idi. İmam Malik əvvəl Qurani-Kərimi əzbərləyib, sonra da Mədinədəki alim Rabiədən dərs alıb. Bununla kifayətlənməyən imam ibni Hürmüzdən 13 il elm öyrənib. O deyib: “İbni Hürmüzün belə dediyini eşitdim: “Bir alim tələbəsinə “lə ədri” (bilmirəm) deməyi miras qoymalıdır”. Dövrünün aparıcı alimlərindən faydalanan Malik elm yolunda bütün var-dövlətini, hətta evini belə satıb. O, zəki və qavrayışlı gənc kimi şiə imamı Cəfəri-Sadiqin məclislərində də fəal iştirak edib. İmam yazıb: “Cəfər b. Məhəmmədin yanına gəldim. O, çox şux və gülərüzlü idi. Yanında həz. Peyğəmbərin adı zikr edildikdə siması saralardı. Onu tez-tez ziyarət edirdim. Abdəst almadan Peyğəmbər (ə)-dən hədis söyləməzdi…” İmamın ustadları fiqh və rəy, hədis və rəvayət alimləri olduğu üçün o, fətva verərkən həmin metodlardan geniş istifadə edib.
Qurani-Kərimi dəlillərin dəlili qəbul edən imam Malik, kitaba müxalif olan şübhəli hədisləri rədd edib. Məsələn, o: “ Köpək bir şəxsin qabına toxunarsa, qabı torpaqla 7 dəfə yumaq lazımdır” hədisini rəvayət etsə də, fəqət özü bu hədisi qəbul etməyib. Çünki hədisi səhih və sabit saymayıb. Zira Rəbbimiz buyurub: “(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulub. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s.) ovladıqları da sizə halaldır.. Onların sizin üçün tutub gətirdiklərindən yeyin…” (Məidə 4). Bu ayədən sonra imam Malik soruşur: “Köpək nəcis isə onun ovu necə mübah olar?”
Malik ibn Ənəs Mədinədə dərs verərkən xəlifə Ömərin əyləşdiyi yerdə oturmağı, Abdullah b. Məsudun evində qalmağı çox sevərdi. Çünki dərs dediyi yer və yaşadığı ev həmin insanları ona xatırlatmaqla yanaşı, həm də səhabələrin kitabları ilə zəngin idi. Lakin imam prostat xəstəliyinə tutulduqdan sonra dərslərini evdə verib.
Sünni cərəyanının ikinci məzhəbinin qurucusu və rəhbəri imam Malik Əməvi və Abbasilərin hakimiyyəti dövründə yaşayıb -yaradıb. Bu iqtidarların hər ikisi ölkəni xilafət adı ilə idarə edib. Əslində isə onlar xilafəti yox, monarxiya üsul-idarəsinə uyğun olaraq atadan oğula ötürülən səltənəti idarə ediblər. Yuxarıda qeyd edildiyi kimi, xilafətlə səlltənət arasında mühüm fərq var. Xilafətin əsasını şura (məşvərət) təşkil edirsə, atadan oğula miras kimi ötürülən istibdad səltənətində isə şuraya yer yoxdur.
Abbasilər dövründəki üsyanlar haqqında “kiminlə -xəlifə iləmi, yoxsa üsyançılarla savaşmaq lazımdır?” sualı imam Malikə verildikdə o, cavab verib: “Əgər üsyançılar Ömər b. Abduləziz kimi bir hökmdara qarşı çıxarlarsa, onlarla vuruşmaq lazımdır. Əks təqdirdə onları Allaha buraxın. Allah əvvəl bir zalımdan başqa bir zalım vasitəsilə intiqam alar. Sonra da hər ikisindən intiqam alar”. Ümumiyyətlə imam Malik nə iqtidara, nə də müxalifətə qoşulub. Lakin fitnələrdən uzaq olmasına baxmayaraq, o, Abbasilərin ikinci xəlifəsi Əbu Cəfər əl- Mənsurdan işgəncələrə məruz qalıb. Səbəb də guya imamın mütə nikahının haram olduğuna dair fətva verməsi olub. Çünki xəlifənin babası Abdullah b. Abbas mütəni halal saymışdı. Lakin digər mənbələrə görə, Abdullah b. Abbas həz. Əlinin tövsiyyəsilə bu fikirdən imtina etimişdi. Əksər mənbələrə görə, imamın iqtidardan zülm görməsinə səbəb onun: “İkrah( zor, güc- V. C.) qarşısında qalan kimsənin andı mötəbər deyil” fətvasını tez-tez təkrarlaması olub. Malikin düşmənləri bu fətvadan sui-istifadə edib xəlifəyə deyirdilər ki, imam sənə müxalifdir. Bundan sonra o, xəlifənin əmri ilə döyüldü, qabırğaları sındırıldı.
Maraqlıdır ki, müxtəlif fiziki-mənəvi işgəncələrə məruz qalan imam Malik, uzun sürən prostat xəstəliyini yalnız vəfat etməzdən qabaq agah edib. Ölüm yatağında o deyib: “Əgər həyatımın son anları olmasaydı, dərdimi sizə deməzdim… Mənim xəstəliyim sidiyimi saxlamamaqdır. Peyğəmbər(ə)-nin məscidinə gedə bilmirdim. Rəbbimə şikayət olmasın deyə, xəstəliyimi heç kəsə söyləmirdim”.
İmam Malikə görə, iman söz, inanc və əməlin vəhdətidir. O, xeyir və şəri ilə qədərə inanıb, insanın azad və ixtiyar sahibi olduğunu təsdiq edib. İmamın böyük günah (kəbirə) işlədənlər haqqında baxışı belə idi: böyük günah sahibləri günahları qədər əzab görəcəklər. Qiyamət günü Allahı görmənin mümkünlüyünü qəbul edən imam, onun necəliyinin izahı barədə susub.
Malik ibn Ənəs 4 rəşidi xəlifənin xilafətini qanuni sayıb. Ona görə: 1) “Peyğəmbər(ə)-nin səhabələrini təhqir edən şəxsin dünyada yeri yoxdur ; 2)Haqsız iş görülən və keçmişini baltalayan məmləkətdə yaşamaq caiz deyil; 3)Hökmdar zalım olarsa, səbirli olmaq və onu irşad etmək lazımdır. Buradakı səbr zülmə boyun əyən zavallı insanın səbri yox, xalqın istək və məsləhətini nəzərə alan şəxsin səbridir. Zalım hökmdarı nəsihətlə, dinin əmrlərini ona xatırlatmaqla ədalətli olmağa sövq etmək lazımdır. Əgər həmin şəxs zalım hökmdarın qəzəbinə tuş gəlib nəsihət yolunda öldürülərsə, şəhid hesab olunur”. İmam xilafətin yalnız Haşimi ailəsinə və ya həz. Əli övladlarına məxsus olduğunu qəbul etməyib. Çünki Malikə görə, həz. Əbu Bəkr, həz. Ömər və həz. Osman nə Haşimi, nə də Əli övladlarıdır. İmam qəbul edib ki, səhabənin rəşidi xəlifələri seçdiyi üsul ən sağlamdır. O, azad seçim və zor olmadan beyət edilmək şərtilə ölən xəlifənin bir nəfəri xəlifəliyə tövsiyə etməsini məşru ( qanuni) hesab edib. Malikə görə, xəlifə seçimində ölkə əhalisinin hamısının yox, Məkkə və Mədinə müsəlmanlarının beyəti kifayətdir. Məkkə və mədinəlilərin beyəti olmazsa, digər bölgələrdəki müsəlmanların beyəti yetərli deyil.
İmam Malik ibni Ənəsin əsas əsəri Kitab əl-Muvattadır. Bu kitab bu günə qədər bizə çatan ən qədim müsəlman fiqh kitabıdır. Maliki məzhəbi Tunis, Əlcəzair, Mərakeş, Müsəlman İspaniya, Afrikanın İslamı qəbul edən ölkələrində hökm sürür.
İmam Şafi (767-820) və məzhəbi
Əş- Şafi əl- İmam Əbu Abdullah Məhəmməd ibn İdris 767-ci, imam Əbu Hənifənin vəfat etdiyi ildə Qəzza şəhərində anadan olub. İttifaqla rəvayət edildiyinə görə, Şafinin atası Qureyş qəbiləsindəndir. O, Peyğəmbər(ə)-nin babası olan Haşimin qardaşı Mütəllib oğullarına mənsubdur. Bəzi rəvayətlərə görə, onun anası həz. Əli ailəsindən olub. Atasını erkən itirən Şafini anası tərbiyə edib, təhsil verib. Yüksək nəslə mənsub olmasına baxmayaraq, çox kasıb yaşayıb. Şafi 20 yaşında ikən fətva verəcək və hədis rəvayət edəcək bir mərtəbəyə çatmışdı. Lakin o, bununla kifayətlənməyib Mədinə imamı Malik b. Ənəsin yanına gedib ondan təhsil alıb və onun himayəsində yaşayıb. İmam Malik vəfat etdikdən sonra Şafi əvvəl Məkkəyə, sonra Yəmənə gedir. O, Yəmənin Nəcran şəhərində qazi vəzifəsinə təyin edilir. Lakin Şafi Nəcran valisinin ədalətsizliyinə susa bilmir.
Məlumdur ki, Abbasilər də Əməvilər kimi həz. Əli övladlarına qarşı mübarizə aparıblar. Halbuki, həm həz. Əli, həm də Abbasilər Peyğəmbər(ə) ilə qohum idilər. Buna baxmayaraq, Abbasilər bir vali və ya qazinin həz. Əli övladlarına rəğbətini hiss etdikdə, onları təqib edirdilər. Abbasilərə görə, məmləkət düzəninin rəvan getməsi üçün bəzən günahsız bir adamı öldürmək, bu düzənin pozulmasına səbəb ola biləcək ittiham altındakı kimsənin azad edilməsindən yaxşıdır. Nəcran valisi də Abbasilərin bu məntiqindən çıxış edərək, Şafinin Əli övladları ilə işbirliyi olduğu barədə həmin dövrdə xilafət məqamını zəbt edən Harun ər- Rəşidə(786-809) belə məzmunda məktub göndərir: “Ələvilərdən 9 nəfər sizə qarşıdır. Onlardan biri də Mütəllib oğullarından Şafi deyilən birisidir. O, sözü ilə qılıncın edə bilməyəcəyini edir”. Nəticədə, Şafi əli qandallı mərkəzə- Bağdada gətirilir. Digər mənbə qeyd edir ki, Şafi Yəməndə Ələvilərin gizli fəaliyyətinə qoşulur və hətta Zeydi təriqətinin imamı Yəhya ibn Abdullaha beyət edir. Həmin səbəbdən o, 803-cü ildə digər Ələvilər kimi tutularaq xəlifənin yanına gətirilir. Hər iki mənbə təsdiq edir ki, Harun ər-Rəşid Şafinin sübut və məntiqinə heyran olur və onu azad edir. İmam 804-cü ildə Misirə gedir və Malik ibni Ənəsin tələbəsi kimi yaxşı qarşılanır. 811-ci ildə Bağdada gəlib orada dərs deyən Şafi, imam Məhəmmədin himayəsində qalır. Sonradan o, Beytül-harama gedib dərs verməklə məşğul olur.
Sünni cərəyanının III məzhəbinin qurucusu və rəhbəri imam Şafi İslam aləmində məşhur olan alimlər yetişdirib. Onun tələbələrindən biri, sünni məzhəbinin dördüncüsünün qurucusu və rəhbəri olan Əhməd b. Hənbən deyib: “Peyğəmbər(ə) buyurub: “ Allahu-Təalə bu ümmətin dinini doğru təbliğ etmək üçün hər 100 ildə bir şəxs göndərir. Birinci yüzillikdə bu şəxs Ömər b. Abduləziz olub. İkinci yüzillikdə isə bu şəxsin Şafi olacağına inanıram”. Qeyd edək ki, hüccətül-imam (islamın dəlili) adlandırılan əl-Qəzzali (?- 1111), ən- Nəvavi (?- 1277) və digər məşhur alimlər Şafi məzhəbinin nümayəndələri olublar.
Şafinin idrak və hafizəsi çox güclü olub. O, müəllimi imam Malikin “əl- Müvətta”sını bir dəfə oxuyandan sonra əzbər bilirdi. Şafi güclü açıq ifadəyə malik, müəllimi imam Malik kimi dərin bəsirət və fərasətə, yüksək ixlasa sahib idi.
İmam Şafinin xilafət və onun şərtləri haqqında 3 maddədən ibarət baxışı belə olub: 1) Şafi xilafətin (imamətin) dini bir əmr olduğuna inanıb. Yəni xilafətdə həm müsəlmanlar, həm də kafirlərin birgə yaşamının mövcudluğunu qəbul edib (Tolerantlığın bariz nümunəsi- V.C.); 2) Şafi xilafətin Qureyşə aid olduğunu qəbul edib və bu mövzuda Peyğəmbər(ə) –yə istinad edilən 2 hədisə söykənib: a) “Kim Qureyşə xəyanət etsə, Allah da ona xəyanət edər”; b) (Qureyşə xitabən) “Siz haqdan ayrılmadıqca, bu işə daha layiqsiniz. Ancaq ədalətdən ayrılsanız xurma yarpağı kimi soyulacaqsıznız”. Kəlama görə, xəlifə ədalətli olmalıdır. Zalım şəxs xəlifə (imam) kimi qəbul edilməz; 4) Şafi xilafətin səhih olması üçün beyətin qabaqcadan edilməsini şərt hesab etməyib. Şübhəsiz ki, beyətin qabaqcadan edilməsi daha yaxşıdır. Lakin Şafiyə görə, Qureyşdən bir nəfər zorla hakimiyyəti ələ keçirərsə, sonra ədalətlə hərəkət etsə və xalq onu dəstəkləyərsə, həmin şəxs qanuni xəlifədir. İmam Şafi əmin idi ki, insanların xilafətə ən layiqlisi həz. Əbu Bəkr, həz. Ömər. Həz. Osman və hidayət yolunun imamı həz. Əlidir. Təqdirəlayiqdir ki, o, bu sıranı dörd xəlifənin xilafətdə olması ardıcıllığı ilə tərtib etmişdi. Bununla yanaşı, Şafi Ömər b. Abduləzizi beşinci xəlifə kimi də tanıyırdı. Diqqətçəkən məqamlardan biri də özünün Qureyşdən olmasına baxmayaraq, Şafi üstünlük baxımından həz. Əbu Bəkrdən sonra həz. Əlini seçib. O, həz. Əlini xüsusən alimliyi, igidliyi, zahidliyini və şərəfli olmasını qeyd edirdi. Digər tərəfdən, Şafi Peyğəmbər(ə)-nin həz. Əlinin Quran elmi haqqında başqalarından üstünlüyü barədə kəlamına (“Mən elmin şəhəri, Əli o şəhərin qapısıdır. Elm axtaran Əlidən öyrənsin”) xüsusi önəm verib. Çünki həz. Əlinin verdiyi hökmləri Peyğəmbər(ə) həmişə imzalayardı. İmam Şafi həz. Əli ilə Muaviyyə arasındakı ixtilafda həz. Əlini haqlı, Müaviyyəni isə asi sayıb. Asilərlə qələm vuruşu aparan Şafi barəsində bir alim imam Əhməd b. Hənbələ deyir: “Şafi bütün dəlillərini həz. Əlidən alıb”. Əhməd b. Hənbəl buna rəğmən cavab verir: “Eşq olsun! Bəs Şafi qələmi ilə savaşarkən kimə müraciət etməli idi?” Məgər bu ümmət içində asilərlə savaşan ilk adam həz. Əli olmayıb?”
Şafi öz fiqhinin qaynaqları barəsində “əl- Umm” kitabında yazıb: “Elm müxtəlif təbəqələrə ayrılır: Birincisi, kitab və sabit olan sünnətdir. İkincisi, haqqında kitab və sünnətdə olmayan məsələlər barədə icmadır. Üçüncüsü, Peyğəmbər(ə)-nin səhabələrindən bir qisminin dediyi sözlərdir. Burada digər səhabələrin onlara müxalif olan sözləri hökmən nəzərə alınmalıdır. Dördüncüsü, səhabələrin birmənalı ixtilafda olduqları sözlərdir. Beşincisi, qiyasdır”.
İmam Malikin tələbəsi olan imam Şafi müəlliminin istihsan (zahiri qiyasın hökmünü buraxıb illətindəki (səbəbindəki) təsiri nəzərə alaraq, daha qüvvətli olan gizli qiyası qəbul etmək prinsipi) haqqında dediklərini qəbul etməyi ləğv edib, onu batil sayıb. Əgər imam Malik: “İstihsan elmin onda doqquzudur” deyirdisə, imam Şafi: “Kim istihsan edərsə, o, şəriətə əlavə etmiş olar” deyib. Şafinin əsas arqumentləri bunlar olub: 1)İstihsanı qəbul etmək, bəzi məsələlərin hökmünü şəriət bəyan etməyib- deməkdir. Halbuki, Allah Quranda buyurub: “Məgər insan elə guman edir ki, o, başlı-başına buraxılacaq?!” (Qiyamə 36). 2) Peyğəmbər(ə) hökmlərini istihsanla etməyib. O, bəyan edilməyən məsələlər barəsində ancaq növbəti vəhyi gözləyərdi; 3) Peyğəmbər(ə) səhabənin istihsanla verdiyi hökmləri bəyənməyib; 4) İstihsanın bəlli bir ölçü və qaydası yoxdur. Həmin səbəbdən o, ixtilaflara yol açır və s. və i.
İmam Şafi dövrünün ortaya çıxan bütün fiqh məsələləri ilə məşğul olub. Həmin səbəbdən, imam üsul əl- fiqhin banisi sayılıb. O, 820-ci ildə Misirdə vəfat edib. İmam Şafi əl-Müqəttəm dağının ətəyində, Bənu Əbdülhəkəm türbəsində dəfn edilib. Sonradan böyük İslam əri Səlahəddin Əyyubi burada böyük mədrəsə tikdirib. Bu gün imamın türbəsi izdihamlı ziyarətgaha çevrilib.
Hazırda Şafi məzhəbi Cənubi Ərəbistanda, Bəhreyndə, Malayya adalarında, Tanzaniyada, Dağıstanda və bəzi Orta Asiya ölkələrində hakim durumdadır.
Və nəhayət, imam Şafi elmi yaradıcılığı və fəaliyyətində düşündürücü bir məqamı da qeyd etmək yerinə düşərdi. Belə ki, Şafinin ata və ana tərəfdən əhli-beytə qohumluğunu nəzərə alsaq, o, ya şiələrin VI imamı Cəfəri-Sadiqin məzhəbində qalmalı, ya həmin məzhəbi daha da təkmilləşdirməli, ya da sözügedən cərəyanın (şiəliyin) ikinci məzhəbini yaratmalı idi. Lakin belə olmadı. İmam Şafinin əhli-beytə yaxınlığı və ona olan sevgisinə baxmayaraq, o, yeni bir məzhəbin qurucusu kimi sünni cərəyanını seçdi. Səbəbləri axtararkən, ola bilsin, aşağıdakı ehtimallar da müəyyən rol oynayıb: 1) Şiələrə görə, Cəfəri-Sadiq məzhəbinin dörd sünni məzhəbinə nisbətən daha tamam, toxunulmaz olması. Əks təqdirdə böyük elm, sarsılmaz iradə və kamil iman vəhdətində olan növbəti şiə imamları yeni məzhəb(lər) qurardı; 2)Əhli-beyt tərəfdarları və nümayəndələrinin uzun müddət təqibi; 3) Əməvilər və Abbasilər iqtidarında xəlifələrin sünni olmaları; 4) İmam Şafinin sünni imamı Malikin və sünni qazisi Məhəmmədin tələbəsi olması və onların himayəsində yaşaması və s. və i. Burada həqiqət axtarışlarında olan qələm və məntiq aciz qaldığı üçün: Doğrusunu Allahu-Təalə bilir, deyirik.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni əmr: “Bandotdel”ə rəis təyin olundu – Əbülfət Rzayev kimdir? + FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.Mia.az Strateq.az-a istinadla xəbər …

Bir cavab yazın