Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / 2015-ci ildə itirdiyimiz tanınmışlar – SİYAHI

2015-ci ildə itirdiyimiz tanınmışlar – SİYAHI

Yola salmağa hazırlaşdığımız 2015-ci il Azərbaycanda bir çox olaylarla yadda qalacaq. Bu il həm də bir sıra tanınmış azərbaycanlının dünyasını dəyişməsi ilə də xatırlanacaq.

Modern.az saytı 2015-ci ildə bu dünya ilə vidalaşan məşhur azərbaycanlıları xatırladır.

Ədəbiyyat və mədəniyyət xadimləri

İlin ilk böyük ədəbi itkisi xalq şairi Vaqif Səmədoğlunun ölümü oldu. Ömrünün son illərində xərçəngdən əziyyət çəkən xalq şairi bu ilin yanvarın 28-ə dünyasını dəyişib.

Yanvar ayında başqa bir ədəbiyyat nümayəndəsi, Haaqa şəhərində yaşayan azərbaycanlı yazıçı Gülşən Lətifxan 53 yaşında vəfat edib.

Başqa tanınmış şair, Azərbaycan dilinin çox gözəl bilicilərindən sayılan Məmməd Aslan isə sentyabrın 23-də bu dünyadan köçüb.

Bir çox musiqi mətnlərinin müəllifi olan şairə Zivər Ağayeva da ömrünün 81-ci ilində dünyasını dəyişib.

Xalq artisti, professor, bəstəkar Ramiz Mirişli aprel ayında dünyasını dəyişəndə 81 yaşı var idi. Bəstəkar ömrünün sonuna qədər Mədəniyyət və İncəsənət Universitetində çalışırdı.

Ramiz Mirişlinin bəstəkar və müəllim həmkarı, Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bir çox xalq artistlərinin müəllimi olan Nəriman Məmmədov bu ilin aprelində vəfat edib.

Təbii ki, bu ilin ən böyük itkiləri sırasında böyük kaman ustası xalq artisti Habil Əliyevin adı mütləq çəkilməlidir. Xalq artisti sentyabrın 8-də uzun sürən xəstəlikdən sonra, 88 yaşında vəfat edib.

Başqa bir xalq artisti, nakam taleli aktrisa Nuriyyə Əhmədova oktyabrın 10-da 64 yaşında bu dünyadan köçüb

Oktyabr ayında dünyasını dəyişən bir başqa aktrisa Gülnar Salmanova da ömrünün son illərini əzab içərisində keçirdi. Aktrisa 59 yaşında vəfat edib.

Hələ 60 yaşı olmamış dünyasını dəyişən başqa bir xalq artisti İlham Əskərovun ölümü də insanları çox təsirləndirdi. 57 yaşında vəfat edən aktyor ölümündən qabaq ürək əməliyyatı keçirmişdi.

Çox təəssüf ki, özünü publikaya çox da tanıda bilməyən, yalnız “Qaynana” filmindəki gəlin, Sevda obrazı ilə yadda qalan Tanilə Əhmərova 65 yaşında haqqa qovuşub.

Məşhur müğənni, Bülbülün həyat yoldaşı və onun tədqiqatçısı, sabiq nazir, xalq artisti Polad Bülbüloğlunun anası Adelaida Məmmədova da bul 93 yaşında vəfat edib.

Tanınmış el şairi Sərraf Şuriyə bir neçə gün bundan öncə dünyasını dəyişib.

ABŞ-ın Nyu-York şəhərində yaşayan aktyor Vəliəhd Vəliyev (“Papa” filmində Həsən ağanın qohumu) da bu həyatla birdəfəlik vidalaşanlardandır.

Bu il dünyasını dəyişən digər mədəniyyət və incəsənət xadimləri bunlardır:

Xalq rəssamı Davud Kazımov – 89 yaşında vəfat edib.

Azərbaycan filmlərində əsasən uşaq rollarının ifaçısı kimi tanınan “Qəm pəncərəsi”, “Tənha narın nağılı” kimi filmlərdəki maraqlı uşaq Ruslan Nəsirov 41 yaşında dünyasını dəyişib.

May ayının əvvəllərində “Küçələrə su səpmişəm” kimi şedevr filmin rejissoru Nicat Feyzullayev də 69 yaşında haqq dərgahına qovuşub.

Elm xadimləri

2015-ci il Azərbaycan elmində bir çox dəyərli şəxslərin ölümü ilə yadda qalacaq. Azərbaycan Milli Elmlər Aakademiyasının vitse-prezidenti, böyük şəxsiyyət Cəfər Xəndanın oğlu akademik Akif Hacıyev fevralın 4-də 77 yaşında dünyadan köçüb.

İlin ilk elmi itkisi isə hazırda adı dəyişdirilən Azərbaycan Neft və Sənaye Universitetinin sabiq rektoru Siyavuş Qarayev olub. O, yanvarın 2-də 72 yaşında vəfat edib.

İlin ən böyük elmi itkilərindən biri də noyabrın 27-də dünyasını dəyişən akademik Tofiq Hacıyevin faciəli ölümü oldu. O, 79 yaşında evində dəm qazından boğularaq öldü.

Akademik Ağamusa Axundovun da 83 yaşında ölümünü ciddi itki saymalıyıq. O, Azərbaycan dilçilik elminin banilərindən biri idi.

Oktyabrın 5-də kimya elmləri doktoru Nadir Seyidov 83 yaşında vəfat edib.

Rusiyada yaşayan hüquq elmləri doktoru professor Cahangir Kərimov 91 yaşında Moskvada vəfat edib. Filologiya elmləri doktoru, əməkdar elm xadimi Həsən Mirzəyev də fevral ayında 87 yaşında dünyaya vida edib.

Tanınmış tədqiqatçı professor, İslamaqədərki Azərbaycan mədəniyyətini araşdıran alim Elməddin Əlibəyzadə 2015-ci il martın sonlarında dünyasını dəyişib.

Təhsil Problemləri İnstitutunun direktoru professor Abdulla Mehrabov bu ilin mayında 77 yaşında vəfat edib.

İctimai-siyasi xadimlər və başqaları

Məşhur “91-lər”in üzvü, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, keçmiş deputat Fikrət İsmayılov da 2015-ci ildə haqqa qovuşan insanlar sırasındadır.

2015-ci ilin may ayının ilk günü tanınmış politoloq, keçmiş dövlət müşaviri Vəfa Quluzadə 74 yaşında vəfat edib.

Keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor, Milli Təhlükəsizlik Akademiyasının keçmiş rəisi Ziya Yusifzadənin ölümü də Azərbaycan ictimaiyyəti üçün ağır itki oldu.

Sabiq deputat, YAP-ın Səbayel rayon təşkilatının sədri Zahid Qaralov 82 yaşında dünyadan köçüb.

Daxili İşlər Nazirliyinin idarə rəisi, general-mayor Ramin Musayev də ilin itkilərindən biri sayılmalıdır.

Tanınmış ekspert Zəfər Quliyev və AXCP Ali Məclisinin sədri Həsən Kərimov da bu il rəhmətə gediblər. Onların hər ikisi infarkt keçirərək ölüblər.

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov da qəfil dünyasını dəyişib.

2015-ci il jurnalist ölümü ilə də yadda qalacaq. Fotoqraf Əbdülqadir Adnayev – Dadaş Adna bu ilin martında 37 yaşında dünya ilə vidalaşıb.

Jurnalist Rasim Əliyev bu il avqustun 9-da 31 yaşında faciəli şəkildə dünyasını dəyişib.

“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu bu il 58 yaşında həyatla vidalaşıb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın