Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Gündəm / 18 il öncə aksiyada baş nazirin 1-ci müavini Abbas Abbasovun üç oğlu döyülübmüş

18 il öncə aksiyada baş nazirin 1-ci müavini Abbas Abbasovun üç oğlu döyülübmüş

Aydın Abbasov: “Atam bizi döyən polislərə dişinin dibindən çıxanı dedi…”

“1998-ci ilin məlum 12 sentyabr hadisələrində polislər tərəfindən fiziki təzyiqlərə məruz qalmağımız, döyülməyimiz barədə bu gün sosial şəbəkələrdə gedən müzakirələrdə yazılanlar,  deyilənlər doğrudur”. Bunu sabiq  millət vəkili, sabiq baş nazir müavini Abbas Abbasovun oğlu Aydın Abbasov bildirib. Onun sözlərinə görə, həmin vaxt Azərbaycanda prezident seçkiləri olduğu və atası A.Abbasov seçkilərlə bağlı Gəncəyə təhkim edildiyi üçün ata yurdları olan Gəncəyə gediblərmiş.
“O vaxt biz də gənc idik, 20-22 yaşlarımız vardı, nəsə özümüzü göstərmək, sözümüzü demək istəyirdik… Həmin vaxt atam seçkilərlə bağlı Gəncəyə təhkim olunmuşdu, iş qrafiki çox gərgin idi, hər gün görüşlərdə olurdu… Biz də 3 qardaş atamızla birgə tədbirlərə gedib-gəlirdik, iştirak edirdik, dediyim kimi, istəyirdik ki, dövlətimiz üçün nəsə edək… Ayın 12-si axşam da Bakıda ailəmizə çox yaxın olan adamlardan birinin toyu idi, toyda iştirak etmək üçün yenidən 3 qardaş Bakıya qayıdası olduq. Mənim evim Nizami küçəsində  yerləşirdi, onun  arxa tərəfi Xaqani küçəsidir.  Biz 3 qardaş saçımızı düzəltdirmək üçün bərbərdən çıxıb evə qayırdıq… Müxalifətin aksiyası ilə bağlı (sonradan bildik ki, nə məsələdir) yollar bağlı olduğu üçün də evə  “Hökumət evi” tərəfindən gəlmək, “protiv” dönmək məcburiyyətində qaldıq. Elə yenicə maşından düşmüşdük ki, bizi polislər dövrəyə aldılar, çaş-baş qalmışdıq, nə baş verdiyini anlamaqda çətinlik çəkirdik, polislər də bizi döyməkdə, təhqir etməkdə davam edirdi… Biz onlara heç nəyi anlada, başa sala bilmirdik, yəni, nə qədər desək də ki, bizim mitinqlə, mitinqçilərlə-filanla heç bir əlaqəmiz yoxdur, filankəsik, filan yerdən gəlirik, onlar sanki başa düşmürdülər, başa düşmək istəmirdilər. Hətta, Bayram adlı bir nəfər polis polkovnik-leytenantı vardı, bizə yaxınlaşdı və biz də sevindik ki, ona vəziyyəti başa sala biləcəyik. Ancaq o, “biz Abbas Abbasovun uşaqlarıyıq” demişdik ki, bizi təhqir etməyə başladı, bizi “təxribatla” məşğul olmaqda “günahlandırdı” və bizim polis maşınına əyləşdirilməyimizi əmr etdi. Atamınsa baş verənlərdən xəbəri yoxuydu. Ancaq sonradan atama xəbər çatdırılıbmış ki, bəs bizi döyüblər, atam da az qala dəli olubmuş ki, bizim mitinqlə nə əlaqəmiz var. Yəni, bunu eşidən kimi, atam bir neçə nəfərlə  dərhal hadisə baş verən məkana gəldi, bizdən nə baş vediyi, nə üçün belə bir vəziyyətlə üzləşməyimizlə maraqlandı, biz də vəziyyəti olduğu kimi ona danışdıq. O da həmin polislərə-xüsusilə, polis adına yaraşmayan Bayram adlı polis işçisinə dişinin dibindən çıxanı dedi və bildirdi ki, əslində siz bizə qarşı təxribat edirsiniz, bizim ailənin adını hallandırmaq istəyirsiniz.
O vaxt həmin hadisə belə olmuşdu. Əslində həmin gün bəzi müxalifətçilər polislərlə dalaşırdılar, üstlərinə daş-kəsək atırdılar… Amma bizlik bir məsələ yox idi, anlaşılmazlıqdan belə bir hadisə başımıza gəlmişdi. Şəxsən biz, bizim ailə hər zaman Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin və ölkə rəhbərinin yanında olmuşuq, Ölkə rəhbərliyinin siyasətini dəstəkləmişik və bundan sonra da dəstkləyəcəyik. Buna kimsənin şübhəsi olmasın”-deyə, A. Abbasov daha sonra sözlərinə əlavə edib.
“Yeni Müsavat”

Həmçinin oxuyun

Arif Hacılı saxlanıldı

Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb. Unikal.org xəbər verir ki, bu barədə Müsavat Partiyasının …

Bir cavab yazın