Ana səhifə / Gündəm / Əylisli fəhlə balası necə milyonçu oldu – İltimas Məmmədov kimdir?

Əylisli fəhlə balası necə milyonçu oldu – İltimas Məmmədov kimdir?

 MTN işi üzrə həbs edilən “rabitə çetesi”nin üzvlərinin məhkəməsində müttəhimlərin və şahidlərin verdiyi ifadələr mediada ciddi maraq doğurur. 
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib. B.Hüseynovun dediyinə görə, həmin pul BTRİB-in və nazirliyin digər strukturlarının vəzifəli şəxslərinin xərclərin şişirdilməsi, mənimsəmə və digər korrupsiya əməlləri nəticəsində keçmiş nazir Əli Abbasovun formalaşdırdığı “ümumi xəzinə”yə topladıqları pullardan verilib.
İltimas Məmmədov barəsində məhkəmədə və istintaqda səsləndirilən ittihamlara cavab vermək əvəzinə medianın bu barədə suallarına susmaqla qarşılıq  verir. İ.Məmmədov ittihamlarla bağlı danışmaq niyyətində olmadığını deyib.
Bəs İltimas Məmmədov kimdir?
İltimas Əhməd oğlu Məmmədov Əli Abbasovun müavinlərindən biridir. O, 1963-cü il fevral aynın 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində fəhlə ailəsində anadan olub.
1970-1980-cı illərdə həmin kənddə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1980-cı ildə Bakı şəhəri 23 nömrəli texniki-peşə məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib.
1981-1983-cü illərdə orduda həqiqi hərbi xidmətdə olub.
İ.Məmmədov 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə daxil olub və 1989-cü ildə həmin fakültəni bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib.
Bir müddət sonra laboratoriyanın KRR qrupunda elektromexanik, 1990-cı ildə həmin qrupda mühəndis vəzifəsinə təyin olunub. 1991-ci ildə Bakı Kabel Qovşağında 2-ci dərəcəli mühəndis, 1992-ci ildə isə qovşağın xətt xidməti rəisi vəzifəsinə təyin olunub. 1996-cı ildə həmin qovşağın baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə təyin olunub.
2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə rabitə nazirinin texniki məsələlər üzrə müşaviri, 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri, 2005-ci il 22 dekabr tarixindən isə Prezidentin sərəncamına əsasən Rabitə və İnformasıya Texnologiyalari nazirinin (İndi bu qurum Rabitə və Yüksək Texnologiylar Nazirliyi adlanır) müavini təyin olunub. Əli Abbasovun vəzifədən çıxarılmasından sonra bir müddət nazir əvəzi işləyib. Hətta onun nazir təyin edilə biləcəyi də deyilirdi. Lakin ötən ilin noyabr ayının 25-də prezidentin sərəncamı ilə İltimas Məmmədov nazirin birinci müavini vəzifəsindən azad edildi. İltimas Məmmədov prezidentin digər sərəncamı ilə nazir müavini vəzifəsinə təyinat aldı.
İ.Məmmədov iki dəfə (1994 və 2002-ci illərdə) “Rabitə ustası” fəxri adına layiq görülüb. İki elmi əsərin və 10-dan artıq elmi məqalələrin müəllifidir.
Ailəlidir, üç övladı var.
musavat.com

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın