Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Gündəm / Əlinlə Naxçıvan qızıl don geyir… – Sahil Tahirli yazır

Əlinlə Naxçıvan qızıl don geyir… – Sahil Tahirli yazır

Benjamin Franklin vaxtilə deyirdi ki, “Zaman böyük bir müəllimdir, amma təəssüf ki, bütün şagirdlərini öldürür”.

Əslində, bu fikirdə  böyük həqiqətlər gizlənsə də, zaman yaxşı iş və əməlləri, xalqa, vətənə, millətə layiqli xidmət nümunələrini öldürə bilmir. Faktdır ki, hakimi-mütləq zaman nə Qobustan qayalarını, nə Mömünə Xatın türbəsini, nə də ki, Əlincəqalanı “qətl” edə bilməyib. Çünki, hər birinin kökündə milli vətənpərvərlik ruhu, torpağa, vətənə dərin bağlılıq  və yaradıcı güc dayanır. Elə bu abidələr kimi qəlbimizin hakimi, ruhumuzun abidəsi olan Naxçıvan da min illərdir ki, zamanla yarışda qalib gəlir. Dəfələrlə dağıdılıb, uçurulub, külə dönüb, amma sönməyib, ən sonuncu işartıdan alov alıb qalxıb, yaşayıb və var olub!

Naxçıvanın gözümüzün önündən keçən ötən 25 ildəki həyatı və varlığı da elə yoxdan var olmaq əzminin, vətən təəssübkeşliyinin nümunəsidir.

Bizə həyatı yaşımız deyil, yaşadıqlarımız öyrədir. Ötən əsrin 90-cı illərini yaddan çıxarmaq mümkün deyil: Biz bayraqsız qalanda ulu öndər Heydər Əliyev Naxçıvanda üçrəngli bayrağımızı qaldırdı, biz torpaqsız qalanda Heydər Əliyev Naxçıvanın Qarabağ taleyi yaşamasına imkan vermədi. Və nəhayət biz çörəksiz və rəhbərsiz qalanda Heydər Əliyev bizə həm rəhbərlik etdi, həm də çörək verdi…

Qısa tarix sübut etdi ki, əslində, milli liderin Naxçıvan qarşısında ən böyük xidmətlərindən biri də bu qədim diyarın inkişaf və gələcəyini özünün dövlətçilik məktəbində yetişib formalaşan cənab Vasif Talıbova əmanət etməsi idi.

Tarixin tam bu günü… Düz 22 il bundan əvvəl – 1995-ci ilin dekabr ayının 16-sı.

Muxtar Respublika Ali Məclisinin növbəti sessiyasında o vaxt çox gənc olan hörmətli Vasif Talıbov Ali Məclisin Sədri seçilir və çıxışı zamanı deyir: Mən burda geniş çıxış edib çox söz demək istəmirəm. Mən hər yerdə bəyan etmişəm, bu gün də bəyan edirəm ki, mənim ayrıca bir platformam yoxdur. Mənim xətt  hərəkatım Heydər Əliyevin xətt hərəkatı, Heydər Əliyevin yoludur.

Bəli, bu gün dönüb aydın nəzərlərlə arxamıza boylananda 22 il əvvəl ilk addımları atılan bu yolun Naxçıvanı çox çətin və olduqca mürəkkəb bir mərhələdən müasir inkişafın ən pik həddinə gətirdiyinin şahidi oluruq. Bu gün ölkəmizdə də, onun sərhədlərindən kənarda da hər kəs etiraf edir ki, Ali Məclisin Sədri ötən zamanın bir anını belə boşa vermədən qədim diyarı Gülüstana çevrimiş, qədimlik və müasirliyin vəhdətində yeni bir Naxçıvan yaratmışdır. Qurulan yüzlərlə istehsal və xidmət sahələri, miskin görkəmini dəyişərək şəhərə çevrilən kəndlər, ən müasir məktəblər, mədəniyyət və səhiyyə ocaqları, salınan yollar, körpülər, güclü ordu və iqtisadiyyat, mədəni tərəqqi və tarixə sahiblik, zərrə-zərrə yetişdirilib formalaşdırılan vətənpərvər gənclər ordusu 90-cı illərin təlatümlü və bədbin Naxçıvanın müasir simasıdır.

Hansı ki, yeni Naxçıvanın əsasını qoyan və onun möhkəm təməlini yaradan ulu öndər Heydər Əliyev sonralar deyəcəkdi: “Mən ümumiyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər yaxşı səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. O, sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”.

Əsl həqiqət həm də ondan ibarətdir ki, cənab Vasif Talıbov Naxçıvanı təkcə mahir memar kimi qurub yaratmadı, həm də Naxçıvan tarixində özünəməxsus məktəb, akademik İsa Həbibbəylinin təbirincə desək, Vasif Talıbov universiteti yaratdı. Biz dəyərli MÜƏLLİMimizdən Vətəni dərin məhəbbətlə sevməyi, onu qorumağı, onun üçün hər cür fədakarlığa hazır olmağı, yüksək nizam-intizamı, qətiyyəti, böyük cəsarəti, humanistliyi, şəxsi nümunə göstərməyi, insanpərvərliyi, məqamında düzgün seçim etməyi və qərar verməyi öyrəndik. Ən əsası isə hələ min illər bundan əvvəl Nuh Peyğəmbərin Naxçıvanda çatdığı ocağı sönməyə qoymamağı, onun keşiyini çəkməyi öyrəndik!!!

“Hamı zamanı gözləyir, amma zaman heç kimi gözləmir”,-prinsipinin ən böyük nümünəsini də elə Naxçıvan yaratdı. Bu qədim diyar ötən 22  ildə zamanla yarışaraq ona qalib gəldi. Anbaan, saatbasaat dəyişdi, çiçəkləndi, var oldu və yaşadı. Ən yeni tarixin Naxçıvanı bütün mübarizələrdən qalib ayrılıb “qızıl don geyərək xoş günlər eşqinə göyə yüksəldi”.

Və budur… Bu gün ruhumuzun, ürəyimizin, əqidə və məsləyimizin ünvanıdır Naxçıvan. Məqsəd və məramınız dəyişməzdir: Azərbaycansız Naxçıvan, Naxçıvansız Azərbaycan bundan sonra da olmayacaq.

Qurub-yaradan əllər, Naxçıvan üçün döyünən ürəklər  var olsun!

Və sonluğu Prezident İlham Əliyevin fikirləri ilə tamamlayıram : “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

Sahil Tahirli 

Həmçinin oxuyun

“Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

“Nar” koronavirus (COVID-19) infeksiyasının daha da artdığı dövrdə virusla mübarizə aparan həkimlərə növbəti dəfə rabitə …