Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Əlil idmançıların klubu darmadağın edilib – İşdə Cavid Qurbanovun adı hallanır (Foto)

Əlil idmançıların klubu darmadağın edilib – İşdə Cavid Qurbanovun adı hallanır (Foto)

Azərbaycanda fəaliyyət göstərən məşhur “Qələbə” idman klubunun ofisi yerlə-yeksan edilib. Həmin vaxt klubda əlil idmançılar da olub və onların həyatı təhlükəyə atılıb.

Bu barədə AzNews.az-a klubun prezidenti Elnur Şıxəliyev məlumat verib. Onun sözlərinə görə ölkə prezidenti İlham Əliyevin idman sahəsinə xüsusi diqqət göstərdiyi vaxtda belə bir dəhşətli hadisənin baş verməsi idmançılar arasında anlaşılmazılıq yaradıb. Elnur Şıxəliyev bildirir ki, o, Azərbaycan Body Buildinq Federasiyasının rəsmi idmançısıdır, dəfələrlə Respublika çempionatlarının iştirakçısı, mütləq çəki dərəcəsində ikinci yerin qalibi, birinci Avropa Oyunları çərçivəsində ilk dəfə olaraq keçirilən body buildinq üzrə çempion olub:“2013-cü ildə Ağsuda Parolimpiya komitəsinin təşkilatçılığı ilə əlillər arasında çempionat keçirilirdi, orada bizim klubumuz ən yüksək nəticələr əldə etdi. İki idmançımız ulu öndərin xatirəsinə həsr olunmuş powerliftinq üzrə dünya kubok yarışında və Avropa çempionatında birinci yeri tutub. Biz orada idmançılar üçün hər bir şərait yaratmışdıq. Klubun tərkibində parolimpiya da var. Əlillər üçün müasir standartlara uyğun avadanlıqlar almışdıq, lazımi şərait yaratmışdıq. Fiziki məhdudiyyətli insanlar klubda qalıb məşq edirdilər. Hətta qalanları da olurdu. İdman ölkə prezidenti İlham Əliyevin də diqqət mərkəzində olan bir sahədir, biz prezidentin idman siyasətini davam etdiririk, məqsədimiz idmançı yetişdirmək idi”.

Elnur Şıxəliyevin bildirdiyinə görə, Yasamal Rayon Zərdabi prospekti 593-cü məhəllədə yerləşən klub 2014-cü ilin may ayında sökülüb: “Dəfələrlə klubun yerləşdiyi əraziyə gəlib, buranın uçurulacağını deyirdilər. Bildirdim ki, ölkə prezidentinə müraciət edəcəyəm. Xeyri olmadı, dedilər, ürəyin kimə istəyir deyə bilərsən, klub söküləcək, vəssalam”.

Əvvəl Qold Masterss adı ilə fəaliyyət göstərdiyini, 2013-cü ildə isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən sonra “Qələbə” ağır atletika idman klubu adlandığını deyən klub prezidenti qeyd edir ki, klubun ərazisini “Əşrəfoğlu” adlı bir şirkət alıb.

“Əşrəfoğlu şirkəti özündən bir sənəd tapıb çıxartdı ki, guya yer onlara məxsusdur. Guya bizə icarəyə verilən sənəd saxtadır. Yer sərəncamda bizim adımıza ola-ola Yasamal Rayon İcra Hakimiyyəti Əşrəfoğlu şirkətinə də sərəncam verib. Bundan sonra Əşrəfoğlu adlı bir firma üçüncü şəxs kimi məhkəmə proseslərinə qoşuldu, müxtəlif maddi maraqları təmin etməklə bizi uduzdurdular. Heç kimə gücümüz çatmadı. Əşrəfoğlu şirkətinin sahibi Hacı Namiq Quliyevdir. Bir qram mərhəmət hissi yoxdur. Onun qaynı, əmisi oğlu, sürücüsü mənim yanımda məşq edirdi. “Badu Kubə”, “Təbrik”, “Mübarək” şadlıq evi Hacı Namiqə məxsdur. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyevlə dəfələrlə görüşmək istədim, amma baş tutmadı. Sonra məni İcra Hakimiyyətinin müavinləri qəbul elədi. Dedilər ki, sizin klubu dağıdan “Əşrəfoğlu” şirkəti olmasına baxmayaraq, bu işin arxasında dayanan Azərbaycan Dəmir Yolları idarəsinin rəhbəri Cavid Qurbanovdur. Yasamal Rayon Polis idarəsindən də mənə dedilər ki, klubu söküb-dağıdan Cavid Qurbanovdur. Dedilər, get pulunu da, dəyən zərəri də ondan al. “Əşrəfoğlu” şirkətinin nümayəndələri də dəfələrlə deyiblər ki, bu yer Cavid Qurbanovundur. Cavid müəllimin klubun yaxınlığında evi var”.

İşin arxasında doğrudan da Cavid Qurbanovun dayanıb-dayanmaması haqqında dəqiq informasiyası olmadığını deyən E.Şıxəliyev dediyinə görə, dəfələrlə məhkəmələrə müraciətləri, hətta məhkəmə proseslərində cavabdeh tərəf olmaya-olmaya onların xeyrinə qərar çıxarılması göstərir ki, əsas şəxs hər kimdirsə, heç kəs onun sözünü yerə salmaq istəmir: “Atam qəfil rəhmətə getdiyinə görə rayona gedəsi oldum. Onlar bu vəziyyətdən istifadə eləyib içində əlil idmançılar ola-ola ağır texnikanın gücündən istifadə edib klubu gecəykən dağıtdılar. Mühafizəçilərin iştirakı ilə əlil idmançıları çölə tökdülər. Hətta idmançılarımızdan birini 29-cu polis bölməsinə aparmışdılar. Dəfələrlə 102 xidmətinə müraciət etməyimə baxmayaraq, bizə heç bir əhəmiyyət verilmədi. Rəsmi olaraq polis bölməsinə, Yasamal Rayon Prokurorluğuna müraciət elədim, heç bir orqandan cavab gəlmədi”.

Əlillərin qazandığı medalları ayaq altından yığıb evə aparan idmançı ümidinin yalnız ölkə prezidentinə qaldığını deyir: “Mən məcbur olub prezidentə, Mehriban xanıma, Ramil Usubova, Zakir Qaralova məktub yazsam da heç birindən cavab gəlmədi. Cənab Prezidentin bu məsələdən xəbəri olsa əminəm ki, öz həllini tapardı. Çox istəyirəm ki, səsim cənab prezidentə çatsın”.









Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın