Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Əhəd Abiyevin Novxanıdakı torpaq qalmaqalının ŞOK SİRRİ

Əhəd Abiyevin Novxanıdakı torpaq qalmaqalının ŞOK SİRRİ

 

Sabirabad rayonun sakini Ağayev Rauf Ağa oğlunun adından daxil olmuş şikayət məktubu torpaq üzərində qurulmuş dramatik qalmaqalla diqqəti çəkir. “Dəhşətli olan budur ki, Sabirabadın keçmiş, Daşkəsənin isə indiki icra başçıları dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına can-başla və əməli işlə cavab vermək əvəzinə, iki ildən çoxdur anadan əmdiyim südü burnumdan töküblər… İş o yerə çatıb ki, özünü müharibə veteranı və döyüşçü kimi təqdim edən, əslən Zəngilan rayonundan olan Habil Vəliyev adlı şəxsi də bu qalmaqala qoşublar… 23 ildir ermənilərin əlində inləyən torpaqların davasını çəkməlilər Novxanıda “troyka” şəklində başqasına məxsus torpaq davasını ortaya atıblar…”-, deyə şikayətçi yazır.

Redaksiyamıza təqdim edilən sənədlərlə tanış olanda isə dəhşətə gəldik. Şikayətçinin ailə üzvləri ilə birlikdə yaşadığı (Abşeron rayonu, Novxanı qəsəbəsi, Sabit Orucov küçəsi) və yaxın qohumu M.İbrahimova məxsus bağ evinə 26 mart 2015-ci ildə edilmiş basqınla əlaqədar DİN-nin 102 xidmətinə, Abşeron rayon Polis Şöbəsinə, Baş Prokurorluğa… etdiyi şikayətlərinin əsasında Abşeron RPŞ-də aparılmış təhqiqatın nəticələrinə dair sənədləri də bizə göndərib. Bu məsələyə sonra toxunacağıq. Təhqiqatçı bu qalmaqalı dərindən araşdırıb müvafiq qərar da qəbul etmişdir. Hansı ki, zərərçəkən, yəni evinə basqın edilən, ailə üzvləri hədələnən, qorxudulan, təhqir edilən, ölümlə hədələnən R.Ağayev, hətta bu qərarla da razı olmayıb və Abşeron rayon Prokurorluğuna, Baş Prokurorluğa… yenidən şikayətlər edib. İş yenidən Abşeron RPŞ-inə qaytarılıb… Və sənədlərdən məlum olur ki, qalmaqalı Habil Vəliyev adlı şəxs etsə də, məlum olur ki, bu mərəkənin arxasında “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi, sahibkar və şəriki Məmmədağa İbrahimovun qudası Vaqif Şıxəliyev durur. Bunu sənədlərə əsasən deyirik. Bu həmin V.Şıxəliyevdir ki, mərhum Prezident H.Əliyev onu Sabirabada-öz el-obasına başçı qoymuşdu, lakin V.Şıxəliyev bu etimadı heç bir il doğrultmayıb və Prezident onu işdə yol verdiyi ciddi nöqsanlara görə işdən qovmuşdur.

***

R.Ağayevin bizə göndərdiyi və Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova ünvanlı müraciətində daha maraqlı məqamlar üzə çıxır. Şikayətçi bu dəfə isə yazır: “Cənab Prezident! Hörmətli Baş prokuror! Bir müddət əvvəl evimə olunmuş basqının əsil baiskarı olan Vaqif Şıxəliyev qisas almaq üçün sonradan həmin bağa aid torpaq sahəsinin guya Zəngilandan məcburi köçkün, «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Allahverdi oğlu Vəliyevə məxsus olması haqda Sumqayıt İnzibati İqtisad Məhkəməsində iddia qaldırtdı, məhkəmə bu əsassız iddianı özünün 23 sentyabr 2015-ci il tarixli qərardadı ilə rədd etdi… Amma qarşı tərəf yenə də sakitləşmədi. Təsəvvür edirsinizmi, idiası məhkəmə qərarı ilə geri qaytarılan Habil Vəliyev və ona bu əsassız iddiada dəstək və istiqamət verən V.Şıxəliyev indi də başqa bir yola əl atıb və yenidən məhkəmədə iddia qaldırır ki, guya M.İbrahimova məxsus bağ sahəsinə dair sənədlər qanunsuzdur… Və Sumqayıt İnzibati İqtisad Məhkəməsi bu dəfə hakim İsmayıl Quliyevin icraatına qəbul olunmuş əsassız, qərəzli iddianın məhkəmə araşdırmasına başlamaq istəyir… Axı niyə bu insanların əsassız iddiaları icraata qəbul edilib vaxt aparılmalıdır?

Vaqif Şıxəliyev-Əhəd Abiyev-Habil Vəliyev «üçbucağı»…

Şikayətçinin göndərdiyi rəsmi sənədlər sırasında 2000-ci ildən M.İbrahimova məxsus bağ sahəsinin mülkiyyət hüququ verən şəhadətnaməsi, Əmlak Komitəsinin ərazi idarəsinin müvafiq rəsmi sənədləri, Abşeron RPŞ-nin müvafiq qərarı, Dövlət Əmlak Komitəsi 4 saylı Ərazi İdarəsinin əməkdaşlarının GPS sistemli ölçü qurğuları ilə torpaq sahəsinin kordinatlarını müəyyən edən sxem, kosmosdan çəkilmiş eskiz-xəritə və digər rəsmi sənədlər əlavə edilib. Həmin sənədlərə əsasən əvvəlcə bu torpaq qalmaqalının kökünü dəqiqləşdirmək istədik. Axı ola bilməz ki, başqasına məxsus torpaq və onun üzərindəki tikililər, yəni evlər başqasının mübahisə predmeti olsun. Bu intriqadırmı? Yoxsa qisas alma, baş qatmadır??? Sənədlərin kiçik vərəqlənməsi ilə görün nələr üzə çıxdı: beləliklə, Habil Allahverdi oğlu Vəliyev tərəfindən mübahisələndirilən və GPS-lə ölçülən və qeyd nömrəsi 1223 olan 0,33 ha torpaq sahəsi əvvəllər Novxanı kənd sakini Quliyev Səbaət Sərdar oğluna məxsus olmuşdur. Sonuncu bu torpağı 8 may 2014-cü ildə Vaqif Şıxəliyevə (Sabirabadın qalmaqallı və sabiq icra başçısı) satmışdır. V.Şıxəliyev GPS-lə ölçülən və qeyd nömrəsi 1223 olan həmin 0,33 ha torpaq sahəsini az sonra Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyevə satmışdır (Bunlar rəsmi sənədlərdə yazılıb).

Daşkəsənin problemi azdır ki, Əhəd Abiyev indi də Bakıda torpaq alqı-satqısı ilə məşğul olur?

Deyəsən, Daşkəsənin icra başçısı Əhəd Abiyevin rayonda heç bir qayğısı yoxdur… Əksər vaxtlarda Bakıda, “Gənclik”dəki varlılar məhəlləsində görünən (burada neçə milyonluq mülk alması barədə bizə şok məlumat və həmin mülkün fotoları da göndərilib. Həmin mülk bir deputatın olub… Araşdırma aparılır və təəssüf ki, Ə.Abiyev mövqeyini öyrənmək üçün etdiyimiz zənglərə hələki cavab vermir…) Ə.Abiyev də GPS-lə ölçülən və qeyd nömrəsi 1223 olan həmin 0,33 ha torpaq sahəsini Vaqif Şıxəliyevdən alandan az sonra (alqı-satqıda qazanc məqsədi olması şübhəlidir), daha dəqiq desək, 20 gün sonra-10 mart  2015-ci ildə Habil Allahverdi oğlu Vəliyevə satır, onunla müqavilə də bağlayır. Görəsən, Daşkəsənin problemi azdır ki, Əhəd Abiyev indi də Bakıda torpaq alqı-satqısı ilə məşğul olur? Bəlkə bu tamam başqa bir məsələdir?!

Olmayan torpağa qarşı məhkəmə iddiası?

Beləliklə, rəsmi sənədlərdən məlum olur ki, Sabirabad rayonunun Xankeçən kənd sakini Ağayev Rauf Ağa oğlu DİN-nin 102 xidmətinə, Abşeron RPŞ-yə 26 mart 2015-ci il tarixdə etdiyi şikayətində yazır ki, o, ailə üzvləri ilə birlikdə Məmmədağa İbrahimova məxsus (həmin Vaqif Şıxəliyevin qudası), Abşeron rayonu, Novxanı qəsəbəsi, Sabit Orucov küçəsində yerləşən bağ evində yaşayır. 26 mart 2015-ci il tarixdə, saat 16-17 radələrində onun darvazasını iki nəfər tanımadığı şəxs döyür. Qapını açmağı tələb edən həmin şəxslərdən kim olduqlarını və nə üçün gəldiklərini xəbər alır. Çağrılmamış qonaqlar bildirir: “Bizi Vaqif Şıxəliyev göndərib…”.

Olsun! Bəs Vaqif Şıxəliyev onları niyə yad qapıya göndərib??? “Qonaqlar” Vaqif Şıxəliyevə zəng vurub ev sahibi R.Ağayevlə calaşdırırlar. V.Şıxəliyev R.Ağayevə əsəbi halda deyir: “Mən Məmmədağa İbrahimovun qudasıyam… Sən bilirsənmi ki, yaşadığın ev Məmmədağanın yox, başqa adamındır? Ona görə də axşama kimi sənə vaxt verirəm, evdən çıx, yoxsa səni polis göndərib həbs etdirəcəyəm…” (Bunlar istintaq materialındakı ifadədəndir).

V.Şıxəliyevin əsəbləri tarıma çəkilir və o, bunun ardınca da ağır söyüş və təhqirli ifadələr işlədir (Bunlar DİN-ə göndərilmiş teleqramda da yazılıb). Qorxu içində olan R.Ağayev V.Şıxəliyevə bildirir ki, “Axı bu necə ola bilər? Mən bu evdə ailəmlə 2000-ci ildən yaşayıram, evin tikilməsində, ağacların əkilməsində, suyun və qazın
çəkilməsində özüm iştirak etmişəm, pulunu Məmmədağa İbrahimov verib… Bura başqa adamındırsa, 15 ildir harada idi?” və s.

Özgəyə məxsus evə basqın iki gün sonra təkrarlanır, bu dəfə Habil Vəliyev və adamları əraziyə gəlir, qalmaqal təkrarlanır. R.Ağayev yenidən polisə şikayət verir, hadisəni
Abşeron RPŞ-nin müstəntiqləri araşdırır. RPŞ-nin təhqiqatçısı, polis kapitanı A.Gülməmmədovun 23 aprel 2015-ci il tarixli qərarından: “…İzahatı alınmış Vəliyev Habil Allahverdi oğlu bildirmişdir ki, 10.03.2015-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində 0,33 ha torpaq sahəsini notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Abıyev Əhəd Mikayıl oğlundan almışdır…”.

Bu isə tanış addır. O, Daşkəsənin icra başçısı Əhəd Abiyevdir… Alqı-satqı sənədlərinin tarixi dil açıb deyir ki: H.Vəliyev bu torpağı 2015-ci ildə alıb, M.İbrahimov isə 2000-ci ildə!

Təhqiqatçının qərarından: “…Vəliyev Habil Allahverdi oğlunun mülkiyyətində olan 0,33 ha torpaq sahəsinin yeri Vəliyev Habil Allahverdi oğlu və Məmmədağa İbrahimovun iştirakı ilə çöl şəraitində araşdırılıb koordinatları dəqiqləşdirilmişdir… Araşdırma zamanı Vəliyev Habil Allahverdi oğlunun mülkiyyətində olan 0,33 ha torpaq sahəsinin M.İbrahimovun torpaq sahəsi ilə üst-üstə düşmədiyi məlum olmuşdur”.

***

Beləliklə, sonuncu bu dəfə başqa yol tutur, problemi, daha doğrusu, Vaqif Şıxəliyevin Əhəd Abiyevə, sonuncunun isə ona satdığı torpağın qalmaqallı yeri Əhəd Abiyevdən deyil, M.İbrahimovdan tələb olunur. Niyə? Axı bu torpağı sonuncuya M.İbrahimov deyil, Əhəd Abiyev satmışdır!

Nə isə… Məsələni məhkəmədə həll etmək qərarında qəti olurlar. V.Şıxəliyevlə Əhəd Abiyev yaxasını kənara çəkir və meydana H.Vəliyev verilir… O, əvvəlcə Əmlak  Komitəsinin DƏDRX-nin 4 saylı Ərazi İdarəsini məhkəməyə verir. İddia tələbində yazır ki, mülkiyyətində olan 0,33 ha torpaq sahəsinin mövcud vəziyyətə uyğun yeni plan və ölçüsünün verilməsi öhdəliyi sonuncunun, yəni Əmlak Komitəsi DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulsun. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi iş üzrə obyektiv qərar verilməsi üçün bütün sənədləri əvvəlcə Məhkəmə Ekspertizası Mərkəzinə göndərərək müvafiq rəy alır. Məhkəmə həm də Əmlak Komitəsinin DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin rəisi A.Dilavərovun imzası ilə 29 aprel 2015-ci ildə məhkəməyə göndərilmiş etirazı qəbul edir.

(Tam mətni təqdim edə bilərik). Etirazda bir daha vurğulanır ki, “…Azərbaycan Resp. Torpaq Məcəlləsinin 109-cu maddəsi Habil Vəliyevin və ya qeyrilərinin arzu və istəkləri ilə torpaq sahələrinin dəyişdirilməsini qadağan edir…”.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (hakim Zaur Pirverdiyevin sədrliyi ilə) qərara alır ki, “İddiaçı Vəliyev Habil Allahverdi oğlunun cavabdeh DƏDRX 4 saylı Ərazi İdarəsinə qarşı iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən 0,33 ha torpaq sahəsinin mövcud vəziyyətə uyğun yeni planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın”.

***

Vətəndaş Habil Vəliyev 0,33 ha torpaq sahəsini Daşkəsənin icra başçısı Əhəd Abiyevdən alıb… Əhəd Abiyev isə “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyev əldə edib… Yuxarıda qeyd etdik, cənəblar, əgər bu torpaq sahəsi ilə bağlı hansısa problem varsa, vətəndaş Habil Vəliyev niyə iddiasını Əhəd Abiyevə, yaxud Vaqif Şıxəliyevə yönəltmir, üz tutur üzünü yumşaq gördükləri Məmmədağa İbrahimova tərəf?

Şikayətçi də ərizəsində bir maraqlı sual edərək soruşur: niyə Əhəd Abiyev Vaqif Şıxəliyevdən bu torpağı alanda soruşmayıb ki, bu sahə haradadır? Bəlkə də soruşub… Onun bu torpağı 5-10 gün sonra Habil Vəliyevə satması da şübhəli məsələdir.

Torpaq qalmaqalı yenidən məhkəmə müstəvisində

Vətəndaş Habil Vəliyev məlum məhkəmə qərarı ilə üzdə razılaşsa da, Məmmədağa İbrahimovla münaqişədə inadlı görünür… O, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə ərizə verir… Ki… Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi İsmayıl Quliyev 22 oktyabr 2015-ci ildə sərəncam verərək H.Vəliyevin təzə iddia ərizəsini icraata qəbul edir. H.Vəliyev məhkəmədən xahiş edir ki, “Cavabdehin 3-cü şəxs İbrahimov Məmmədağa Əlmürsəl oğlunun adına Abşeron rayonunun Novxanı kəndində 16,0 kv. yaşayış, 16 kvm. ümumi sahəsi evə dair 18190 saylı reyestr kitabında qeydiyyata alınmış dövlət qeydiyyatı ləğv olunsun, həmin qeydiyyat əsasında verilmiş qeydiyyat vəsiqəsi və evin texniki pasportu etibarsız hesab edilsin”.

İddiaçı bununla kifayətlənməyərək cavabdehə aid torpağa dair sənədlərin saxta olduğunu da iddia edərək məhkəmədən xüsusi qərardad çıxararaq prokurorluğa göndərilməsini rica edir.

Adama deyən yoxdur ki, ay başına dönüm, sənə nə var ki, M.İbrahimovun sənədi saxtadır…. Bunu qoy aidiyyəti dövlət qurumları araşdırsın. Sənə aldığın torpağın harada olması maraqlıdırsa, bunu notariusda alqı-satqı apardığın, bir ətək pul verdiyin şəxs-Əhəd Abiyev cavablandırsa, nə baş verər ki?! Axı qanun da bunu diqtə edir… Bəs niyə cavablandırmır??? Bəlkə ona belə sərf edir?! 

Məqalədə barəsində söhbət gedən Habil Vəliyev  “Gündəlik-Bakı” qəzetinin baş redaktorudur. (tezadlar.az)

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın