Ana səhifə / Gündəm / Zaur Hüseynovun yerin altından qazandığı milyonlar – ARAŞDIRMA

Zaur Hüseynovun yerin altından qazandığı milyonlar – ARAŞDIRMA

«Bakı Metropoliteni» QSC-nin sədri biznesmen imici qazanmağa başlayıb Xaricdən gətirilən kondisionerləri vaqonların sayı rəsmi sənədlərdə düz göstərilibmi? «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov paytaxtın yeraltı nəqliyyatındakı problemləri tam olaraq həll etməyib. Düzdür, o bu vəzifəyə təyin ediləndən sonra metro stansiyalarındakı və keçidlərdəki ticarət obyektlərini ləğv etdi. Buna baxmayaraq, metroda həllini gözləyən çoxsaylı problemlər var. Gundelik-baku.com-un qısa araşdırmaları nəticəsində məlum olub ki, Zaur Hüseynov QSC sədri təyin olunandan sonra maliyyə imkanlarını genişləndirməyə müvəffəq olub. Belə ki, onun metrostansiyalarda məhdud sayda olan ticarət obyektlərindən yüksək haqq aldığı bildirilir: «Bundan başqa, metropolitendə dövlət büdcəsindən ayrılan vəsait hesabına görülən işlərin öz qohumları vasitəsilə reallaşdırılması, beləliklə, pulun yenidən özünə qayıtmasını təmin edir. Onun gəlişindən sonra metro üçün alınan avadanlıqların əksəriyyəti keyfiyyətsizdir. Ucuz alınan avadanlıqlar baha qiymətə sənədləşdirilir. Həmçinin büdcədən ayrılan subsidiyanın mənimsənilməsi hallarına da rast gəlinir». Araşdırmalar göstərir ki, ötən il «Bakı Metropoliteni» QSC-nin gəlirləri 90,566 milyon, xərcləri isə 118,871 milyon manat olub. Bu, 2014-cü illə müqayisədə müvafiq olaraq 10,1 faiz çoxdur. Metropolitenin sərnişindaşımadan gəlirləri 2014-cü illə müqayisədə 2,2 faiz artaraq 43,005 milyon manata yüksəlib. Buna paralel olaraq, büdcədən ayrılan subsidiyaların həcmi 5,47 faiz artaraq 37,998 milyon manata çatıb. Ümumi hesablamalara görə, hər gün orta hesabla 600 min nəfər metrodan istifadə edir. Bu rəqəmi 20 qəpiyə vurduqda ildə 200 milyon manatdan artıq vəsait edir. Onu da vurğulamaq lazımdır ki, son günlər Bakı metrosunda havalandırmanın yox vəziyyətdə olması və kondisionerli vaqonlarda kondisionerlərin işləməməsi haqda şikayətlər artıb: «Zaur Hüseynov metronun sədrlik postuna gətiriləndə həll etməyə söz verdiyi problemlərdən biri də məhz kondisioner məsələsi olub. Bunun üçün hətta büdcədən əlavə subsidiya da alıb. Bura yeni qatarların alınması məsələsi də daxil olub. Lakin QSC sədri nəzərdə tutulan qatarların az hissəsini alıb. Buna baxmayaraq, kağız üzərində alınan qatarların sayını çox göstərib. Depolardakı köhnə qatarlar cüzi təmir edilərək yeni adı ilə xəttə buraxılır. «Avtovağzal» stansiyasının tikintisi zamanı isə daha böyük maxinasiyalara imza atılıb. Deyilənə görə, yarım milyonluq yeyintiyə yol verilib». Maraqlıdır, Zaur Hüseynov bu qədər pulu hara sərf edib? Əldə etdiyimiz məlumatlarda bildirilir ki, Zaur Hüseynov yerin altından qazandığı pullarla restoran, şadlıq evi, həmçinin daşınmaz əmlak kimi gəlirli sahələrə sahib çıxıb: «Onun «İnşaatçılar» metrosunun yaxınlığında böyük obyekti var. “Yaşıl məkan” adlanan restoranda hər gün çal-çağırdır. Restoranın həmin ərazidəki böyük çinar ağaclarının yerində tikildiyi deyilir. Bu restoran banket, kiçik və böyük toy, ad günü və müxtəlif xidmətlər verir. Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-yə sədr təyin olunandan sonra Bakının Şüvəlan qəsəbəsində böyük villa tikdirib». Metro şefi haqda başqa informasiyalar da mövcudur. Hələ ki, həmin məlumatları açıqlamaq istəmirik. Sonda bir məsələyə toxunmaq istəyirik. Hansı ki, bu haqda mətbuatda indiyədək heç bir informasiya getməyib. Özəl mənbələrin gundelik-baku.com bildirdiyinə görə, «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu vəzifəyə təyin olunandan sonra jurnalistləri Milli Mətbuat günü ilə əlaqədar olaraq Gürcüstana aparıb. Mətbuat nümayəndələrinin istirahət etdiyi restoranda yan masada erməni qız və oğlanlar əylənirmiş. Deyilənə görə, həmin vaxt bizim jurnalistlərdən biri erməni qıza gül verib. Və bu zaman böyük dava başlayıb. Hətta iş Gürcüstanın daxili işlər orqanlarına kimi gedib çatıb. Bu məsələnin təfərrüatını növbəti yazımızda biləcəksiniz. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Gundelik-baku.com

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın