Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Kim haqlıdır: Nazirlik, yoxsa icra başçısı? – VİDEO

Kim haqlıdır: Nazirlik, yoxsa icra başçısı? – VİDEO

Avqustun 4-də Kavkaznews.az saytında “Yasamal RİH “İnşaat və Konstruksiyalar” şirkətini qorumağa davam edir?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən “alimlərin yataqxanası” kimi tanınan bina sökülməyə başlanıb. Bina sakinlərinin bildirdiklərinə görə, söküntü “İnşaat və Konstruksiyalar” MMC-nin sifarişi və Yasamal RİH-in başçısı İbrahim Mehdiyevin göstərişi ilə həyata keçirilir. Lakin bir çox sakinlər mənzillərini tərk etmək istəmirlər.

“Şərifzadə 33 ünvanında yerləşən bina qəza vəziyyətindədir”, – bu sözləri Kavkaznews.az-a Yasamal RİH-in təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov bildirib. Ş.Məmmədovun sözlərinə görə, bu il fevralın 25-də Nazirlər Kabineti qərar çıxarıb ki, qəza vəziyyətində olan binaları sökən şirkətlər sakinləri müvəqqəti mənzillə təmin etməlidir.

“Kirə mənzillər üçün ödənişlər də inşaat şirkəti tərəfindən təklif olunur. Şirkətlə sakinlər arasında fərdi müqavilə bağlanır. Bu müqavilə əsasında da qəza vəziyyətindəki ev sökülür. Şərifzadə 33 ünvanındakı binanın söküntüsü “İnşaat və Konstruksiyalar” MMC tərəfindən həyata keçirilir. Sökülən binanın yerində yeni ev tikiləcək ki, həmin binada mənzillərin yaşayış sahəsi əvvəlkindən 20 faiz daha böyük olacaq. Dövlət bu prosedura bir qəpik də xərcləməyəcək”, – deyə şöbə müdiri qeyd etdi.

“Biz “İnşaat və Konstruksiyalar” MMC-nin yerləşdiyi ünvanı heç cür tapa bilmirik. Bu şirkət ancaq kağızda mövcuddur”, – deyə Şərifzadə 33 ünvanındakı binanın sakini Əzizağa Ələkbərov Kavkaznews.az saytına bildirib. Kavkaznews.az saytının öyrəndiyinə görə, Şərifzadə 33-ün sakinləriylə “İnşaat və Konstruksiyalar” MMC adından danışıqları 22 saylı MİS-in rəisi Məmməd Hüseynov aparır. Biz MİS rəisi Məmməd Hüseynovdan soruşduq ki, nəyə görə şirkət adından danışıqları Yasamal RİH işçisi olduğu halda o aparır?

“Ona görə ki, bunu mənə RİH başçısı İbrahim Mehdiyevin özü tapşırıb”, – deyə Məmməd Hüseynov Kavkaznews.az-a cavab verib. Avqustun 10-da Şərifzadə 33-ün sakinləri yenidən bizə müraciət edərək, binaya qaz təchizatının dayandırıldığını bildirdilər.

“Azəriqaz”ın Yasamal rayonu sahəsindən bizə bildirdilər ki, Şərifzadə 33-də qaz təchizatını dayandırmağı Yasamal RİH başçısı İbrahim Mehdiyev əmr edib. Avqustun 19-da Şərifzadə 33-ün sakini Əzizağa Ələkbərov bizə müraciət edərək bildirdi ki, Yasamal RİH başçısı İbrahim Mehdiyev binanın söküntüsünə başlayıb.

“Məgər sakinlər artıq köçürülübmü?” – deyə soruşduq. “Xeyir. Baxmayaraq ki, burda insanlar yaşayır, evi sökürlər” – deyə sakin cavab verdi. Ə.Ələkbərovun sözlərinə görə, İbrahim Mehdiyev əraziyə 50-yə yaxın polisin müşayiətiylə gəlib.

“Sakinlər onunla görüşmək və öz etirazını bildirmək istədi. Lakin polislər bizi qovdular. Hazırda evimizin söküntüsü davam edir”, – deyə Ə.Ələkbərov Kavkaznews.az saytına bildirdi. Biz əvvəlcə Əzizağa Ələkbərova inanmadıq. Məgər insanlar yaşadığı halda, binanı sökmək mümkündürmü? Lakin Yasamal RİH başçısının müavini Xalid Mehbalıyev şübhələrimizi dağıtdı. “Şərifzadə 33 ünvanındakı bina həqiqətən də sökülür”, – deyə X.Mehbalıyev Kavkaznews.az saytına bildirdi.

“Axı bu binada hələ də insanlar yaşayır”, – deyə qeyd etdik “Biz nə edə bilərik? Bu bina qəza vəziyyətindədir. Hər dəqiqə binada fəlakət baş verə bilər ki, bu da insnaların tələf olmasına gətirib çıxarar”, – deyə Yasamal RİH başçısının müavini cavab verdi.

“Məgər insanların yaşadığı evin sökülməsi faciə deyil?” – deyə maraqlandıq. “Şərifzadə 33 ünvanındakı bina ilə bağlı FHN-in qərarı var ki, bu bina qəza vəziyyətindədir. Nazirlər Kabineti isə qəza vəziyyətində olan binaların sökülməsi ilə bağlı qərar qəbul edib. Sakinlərin bir hissəsi köçüb. Qalanlarına isə xəbərdarlıq etmişik ki, bina söküləcək”, – deyə X.Mehbalıyev cavab verdi.

Yasamal RİH başçısının müavini Xalid Mehbalıyev bəyan edir ki, 33 saylı bina FHN tərəfindən qəza vəziyyətində olaraq dəyərləndirilib. Biz bir daha öyrənmək istədik, belə qərar verən FHN insanlar yaşayan binanın sökülməsinə necə yanaşır: FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Azad (soyadını bildirmədi – red.) adlı əməkdaşı bizə dedi ki, insanlar yaşayan binanın sökülməsi qanunsuzdur. “Söküntü ancaq bütün sakinlərin köçürülməsindən sonra başlaya bilər”, – deyə FHN əməkdaşı qeyd etdi.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın