Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Kapital Bank” qanunları pozub? – ARAŞDIRMA

“Kapital Bank” qanunları pozub? – ARAŞDIRMA

“Hətta vətəndaşın razılığı və ya məhkəmə qərarı varsa belə, aylıq maaşın 50 faizindən çox tutula bilməz”

Ucarın Qarabörk kəndinin sakini Müşgünaz Hüseynovanın 66 yaşı var. Rayondakı 4 saylı orta məktəbdə 45 il ingilis dili müəlliməsi işləyib. Bu ilin iyununda işini elə ağır xəstəliyinə görə itirib. “Kapital Bank”ın Ucar filialından 2014-cü ilin noyabrında 2 min 500, 2015-ci ilin yanvarında 2 min manat kredit götürüb. İki kreditin ödənişi birləşdirilib və Müşgünaz Hüseynovaya aylıq 177 manat ödəniş müəyyən edilib. Müşgünaz xanım deyir ki, aylıqları vaxtından əvvəl ödəyirmiş. Bankın ən intizamlı müştərilərindən hesab olunurmuş. Ancaq xəstəlik tapıb təqaüdə çıxandan sonra ödənişlərdə gecikmələr olub: “İşdən çıxanda banka getdim, başa saldım ki, vəziyyətim budur. Ağır xəstəliyə tutulmuşam, yaşlı arvadam, ərim də xəstədir, təqaüdümüz dərmana da çatmır. Möhlət verin, məni sıxmayın, əlimə pul düşdükcə ödəyim”.

Ancaq bank Müşgünaz xanımın kreditini ona zamin durmuş iş yoldaşı Afət Əzizovanın maaş kartından tutmağa başlayıb. Afət xanım deyir, dərs saatı az olduğundan məvacibi o qədər aşağıdır ki, heç Müşgünaz xanımın kreditinin aylığını ödəməyə də yetmir. Banksa zaminin kartındakı məvacibi son qəpiyinədək özünə götürür. Bu da onsuz da canıyla əlləşən Müşgünaz xanımı məyus edir: “Ayaqlarım tutulub, özüm gedə bilmədim, qızımı filialın müdirinin yanına göndərdim. Qızım getdi dedi ki, zaminin kartından tutmayın, mən anamın təqaüdündən gətirib az-az ödəyərəm. Ancaq bank müdiri razılaşmadı. Bank məni zaminin yanında da üzüqara eləyib”.

Müşgünaz xanımın deməsinə görə, bank zaminin kartına məhkəmə qərarı olmadan əl qoyub. O da bankın hərəkətlərindən baş prokurorluğa müraciət edib. Baş prokurorluqdan cavab almayanda Ucar məhkəməsinə üz tutub. Məhkəmə isə ərizəsini özünə qaytararaq bildirib ki, o, bankı məhkəməyə verə bilməz. Gərək bank onun özünü məhkəməyə versin: “Həyat yoldaşımın yaşı 70-i ötüb, insult keçirib, özüm də yataq xəstəsiyəm. Bu boyda “Kapital Bank” iki ahıl, xəstə insana zülm edir. 45 il müəllimə işləmişəm, dövlətdən bir qayğı görməmişəm. Yaşamağa evim də yoxdur… Bir daxmam vardı, onu da 10 ilə yaxındır zəlzələ yararsız vəziyyətə salıb. Yağış yağanda ortalığa vedrə, vanna yığıram. Divarları aralanıb, çöl görünür. O pulları da həyat yoldaşıma görə aldığım dərmanların borclarını apteklərə ödəmək üçün götürmüşdüm”. “Kapital Bank”ın Ucar şöbəsindən isə bildirilib ki, Afət Əzizova Müşgünaz Hüseynovaya zamin durub. Borclu krediti ödəməyəndə bank həmin ödənişi zaminə istiqamətləndirir.

“Müşgünaz xanımın təqaüdü 230 manatdır. Niyə onun öz təqaüd kartından tutulmur, zaminin daha aşağı məbləğdə olan maaşından, həm də son qəpiyinədək tutulur? Ümumiyyətlə, məhkəmə qərarı olmadan vətəndaşın kartından pul tutmaq qanunidirmi?” suallarına isə bankdan “baş ofisimizə müraciət edin, oradan suallarınızı cavablandırsınlar”, – cavabı verilib (teref.info).

Sözügedən problemi araşdırmaq məqsədi ilə, “Kapital Bank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinovla əlaqə saxladı. “Ümumiyyətlə, bu münasibətlər “Kapital Bank”da necə tənzimlənir və məhkəmə qərarı olmadan pul tutulması prosesi hansı qaydalara əsasən həyata keçirilir?” – deyə soruşduq. P.Sədrəddinov bildirdi ki, “Kapital Bank”ın Ucar filialının müştərisi Müşgünaz Hüseynova maddi vəziyyəti ilə bağlı aylıq ödənişinin bir qismini ödəyə bilmirsə, restruktirizasiya üçün filiala müraciət edə bilər: “Bu zaman onun aylıq gəlirləri təhlil ediləcək və prosedura uyğun gəldiyi halda yeni ödəniş qrafiki təklif ediləcək. Yeni restruktirizasiya qrafiki təqdim edildikdən sonra, bank qarşısında öhdəliyi olan zamindən pul tutulmayacaq”.

“Amma kartdan pul tutulması hansı qaydalara əsasən tənzimlənir və onun özü Kapital Bank müştərisidirmi? Təqaüdü sizin bankdanmı alır? Əgər elədirsə, niyə onun yox, zaminin kartından tutulur?”, – deyə dəqiqləşdirmək istədik. “Kapital Bank”ın nümayəndəsi suallarımızı belə cavablandırdı: “Həmin müştəri təqaüdü bizim bankdan almadığına görə və zamin imzaladığı zaminlik barədə müqavilədə öhdəlik götürdüyü üçün aylıq ödəniş müvafiq olaraq zamindən tutulur”.

Hüquqşünas Amid Rüstəmov  bildirdi ki, vətəndaşın öz razılığı və ya məhkəmə qərarı olmadan, onun kartından pul tutula bilməz. “Hətta vətəndaşın razılığı və ya məhkəmə qərarı varsa belə, bu tutulmalar aylıq maaşın 50 faizindən artıq olmamalıdır. Əks təqdirdə, bank qanun pozuntusuna yol verir. Bank əməkdaşları ilk əvvəl borcalanla əlaqə saxlaya və yalnız onun borcunu ödəməkdən boyun qaçıracağı halda zaminlə bağlı hər hansı addım atmalıdırlar. Vətəndaş narazıdırsa, yazılı müraciət edib və banka müraciətləri cavabsız qalıbsa, o zaman məhkəməyə müraciət edə bilər”, – deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, çox zaman kartdan maaş tutulması müqaviləyə daxil edilir və məhkəmə qərarı olmadan da bu hal baş tutur: “Vətəndaşlar əksər hallarda müqaviləyə baxmırlar. Təki pul alsınlar deyə, müqaviləni imzalayırlar, sonra isə belə problemlər yaşanır. (Qafqaznews.az)

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın