Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm /  İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

 İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

Azinforum.az tanınmış dinşunas t.e. üzrə fəlsəfə doctoru  Hacı Vaqif Cəliloğlunun bugünkü İslam ailəmindəki hadisələrlə həmahəng olan silsilə yazısını təqdim edir.

3-cü yazı 

Yazının əvvəli ilə  bu linklər  vasitəsilə tanış ola bilərsiniz :

1.(https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu/)

2.https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu-2/

Şiəlik

Əksər mənbələrə görə, şiəliyin yaranması bilavasitə həz. Əlinin şəxsi məziyyətləri, onun haqqında Peyğəmbər(ə)-nin kəlamları (“Allahım, Sən ona dost olana dost, düşmən olana da düşmən ol”; “Əliyə qarşı savaşmaq mənə qarşı savaşmaqdır, Əli ilə barışmaq mənimlə barışmaqdır” və s.) ilə əlaqəlidir. Şiələrin hamısı həz. Əli İbni Əbu Talibin Peyğəmbər(ə) tərəfindən seçilmiş bir xəlifə olduğunu və onun Əsahabi -Kiramın ən üstünü olması barədə ittifaq ediblər. Peyğəmbər(ə) hələ Hudeybiyyə döyüşündən qayıdanda (628-ci il): “Mən kimin ağasıyamsa, Əli də onun ağasıdır”, – demişdi. Əli Allahın sevimlisi, dostu (vəlisi) və Ona və Onun Rəsuluna yaxın dostluq bağları ilə bağlanan bir insan – vəli, kəramət sahibidir. Şiələrə görə, həz. Əli həm də Peyğəmbər(ə)-nin vəsisi – canişini, onun davamçısıdır. Həz. Əlini hidayət rəhbəri kimi qəbul edən əhli sünnət vəl-camaata görə, “Əhli-beyt sevgisi əhli- sünnət üçün bir axirət sərmayəsidir”. Lakin şiəlikdə həz. Əlini ilahiləşdirən təriqətlər olub və indi də var. Kəramət sahibi həz. Əli özünə olan münasibətin birmənalı olmayacağını qabaqcadan bilib deyirdi: “ Tezliklə mənə görə iki bölük həlak olacaq. Biri məni həddən artıq sevənlərdir ki, sevgi onları gerçək olmayan inanca sövq edər; o biri mənə nifrət edənlərdir ki, nifrət onları doğru olmayan yola sürüklər. İnsanların xeyirliləri mənim haqqımda nə ifrat yaxşı fikirdə olanlardır, nə də mənə kəskin nifrət edənlər. Yaxşıları orta yolu seçənlərdir, bu yolu seçin”.
Şiəlik ilk olaraq Misirdə, sonra İraqda yayılıb. Bu dini-siyasi cərəyanın müxtəlif təriqətləri sırasında ilk olaraq Zeydiyyə, İmamiyyə, İsnə- əşəriyyəni xüsusilə vurğulamaq lazımdır. Zeydiyyə təriqətinin rəhbəri dördüncü imam Zeynal Abidinin kiçik oğlu Zeyd b. Əli Zeynalabidindir. Zeydiyyə təriqəti şiə imamlarını peyğəmbərlik dərəcəsinə yüksəltməyib, səhabələrdən heç birini kafirlikdə ittiham etməyib. Zeyd 740-cı ildə Əməvi xəlifəsi Hişam b. Əbdülməlikə qarşı Kufədə üsyan etdi. Nəticədə, öldürüldü və asıldı. Bütün şiə təriqətlərindən sünnilərə ən yaxın olanı Zeydiyyədir.
Zeyd Hişamın qəbuluna gəldikdə, Hişam onu təhqir etmək məqsədilə dedi;” Anan ölsün, sus! Sən xəlifə olmaq istəyirsən, halbuki sən cariyyədən doğulmusan “. Zeydin cavabı belə oldu; “Həz. İsmailin anası da həz. İshaqın anasının cariyyəsi idi. Həz. İsmayılın anasının cariyyə olması, onun Allah tərəfindən peyğəmbər seçilməsinə və soyundan olan Məhəmməd(ə) –ni dünyaya gətirməsinə əngəl olmayıb. Sən mənə tənə vurursan, halbuki mən həz. Fatimə və həz. Əlinin övladlarındanam”.
Qeyd edək ki, dörd sünni məzhəbinin birincisinin rəhbəri Əbu Hənifə Zeyddən elm öyrənib, Zeydi həmişə dəstəkləyib. Zeyd Əməvi ordusuna qarşı çıxarkən Əbu Hənifə deyib: “Zeydin bu üsyanı Rəsululləhin Bədr savaşına çıxmasına bənzəyir”.
Zeydiyyə təriqətini iki qrupa ayırmaq olar: 1) İlkin Zeydiyyə. Onlar həz. Əbu Bəkr, həz. Ömərin xəlifəliyini qəbul edənlərdir; 2) Həmin xəlifələrin xilafətini qəbul etməyən sonrakı Zeydilər- Ravizilər. Bu gün Yəməndə yaşayan Zeydiyyələrin əksəriyyəti birinci qrupa məxsusdurlar.
Şiə dini-siyasi cərəyanının tanınmış qollarından biri də İmamiyyədir. Bu təriqət imamın şəxsi keyfiyyətlərə görə seçilməsini yox, təyin edilməsini iddia edir. Onlar imamları “vəsi” ( Qəyyum, ölən adamın vəsiyyətini yerinə yetirməyə məmur olan adam) adlandırırlar. İmamilər həz. Əlinin Rəsululləhin xəlifəsi olması barədə ittifaq ediblər. Onlar eyni zamanda həz. Əlidən sonra onun həz. Fatimədən olan övladları həz. Həsən və həz. Hüseynin xəlifəliyini iddia ediblər. Lakin imamilər VI imamdan sonrakı xəlifənin kim olacağı barədə ixtilafda olublar. Həmin səbəbdən imamilər iki əsas təriqətə bölünüblər: 1) İsnə -əşəriyyə və İsmailliyə. İsnə -əşəriyyə (on ikincilər) təriqətinə görə, həz. Əli, həz. Həsən, həz. Hüseyndən sonra imam- xəlifə olacaq şəxslərin adları belədir: Əli Zeynəlabidin (IV imam), Məhəmməd əl- Bəqir (V imam), Cəfər əs-Sadiq (VI imam), Musa əl-Kazim (VII imam), Əli ər- Riza (VIII imam), Məhəmməd ət-Taqi (IX imam), Əli ən- Nəqi (X imam), Əl -Həsən əl- Əsğəri əz –Zəki (XI imam) və Məhəmməd əl –Mehdi əl- Hucə (XII imam). Bu tərtibat –sıra hicri V əsrdən (XI əsrdən) etibarən qəti olaraq qəbul edilib. İsnə -əşəriyyələr qeyb olan XII imamın yaşı və verəcəyi hökm barəsində müxtəlif fikirdə olublar. Belə ki, onlardan bəziləri 12-ci imamın 4, digərləri isə 8 yaşında qeyb olmasını söyləyiblər. Onların bir hissəsi 12-ci imamın qeyb olduğu yaşda hökm verə biləcəyini , digərləri isə hökmün həmin imamın məzhəbinə mənsub alimlərə məxsus olduğunu deyiblər. Qeyd edək ki, şiə mənbələrinə görə, İsnə -Əşəriyyə məzhəbi imam Məhəmməd Baqir və oğlu imam Cəfəri Sadiqin vaxtında meydana gəlib.
İmamilərin parçalanan qollarından biri də İsmailliyədir. Bu təriqət 6-cı imam Cəfər əs- Sadiqin oğlu İsmailin adı ilə bağlıdır. İsnə Əşəriyyələr 7-ci imamın Musa əl- Kəzim olduğunu qəbul edibsə, İsmaillilər bu statusun Cəfər əs- Sadiqin digər oğluna -İsmailə məxsus olduğunu iddia edirlər. Onlara görə bu status Cəfər əs- Sadiqin sözü ilə qüvvəyə minib. İsmaillilər hesab edirlər ki, Cəfər əs -Sadiq özündən qabaq vəfat edən İsmaili hələ onun sağlığında davamçısı elan edib. Həmin səbəbə görə, növbəti imamlıq statusu İsmailin oğluna məxsusdur. Digər mənbələrə görə, ata oğlunu sünni xəlifələr əleyhinə dəstəyə qoşulduğu üçün imamlıq rütbəsindən məhrum edib. Ruhların bir bədəndən digərinə keçməsini qəbul edən İsmaillilər hesab edirlər ki, onların imamları Məhəmməd (ə) və həz. Əlinin ruhlarının varisləri- daşıyıcılarıdır. İsmaillilər tarixdə mütəşəkkil gizli təşkilatlar yaradan təriqət kimi də yadda qalıblar. Onların təşkilatına arxalanan Fatimilər 909-cu ildə Tunisdə siyasi hakimiyyətə gəldilər. Bu gün İsmailli icmaları bəzi müsəlman ölkələrində, xüsusən Pakistan, Şərqi Afrika, Suriya, Tacikistan, Pamir dağlarında fəaliyyət göstərir.

Xaricilər
Xaricilər əl- Xavaric (xarici)- İslamiyyətin ən qədim firqələrindən biridir. Siyasi tarix baxımından məqsədləri (xüsusən, həz. Əlinin xilafətinin son iki ilində və Əməvilər dövründə) bir çox vilayətləri silah gücünə almaq, fasiləsiz üsyanlar yolu ilə İslam dövlətinin şərqində asayişi pozmaq olub. Xaricilər firqəsi “Siffin” adlanan yerdə həz. Əli ilə Müaviyyə arasında baş verən müharibənin (657-ci il) qızğın vaxtında ortaya çıxıb. Savaşda məğlub olduğunu görən Müaviyyə hiyləyə əl ataraq ixtilafın Quran ehkamına görə həll edilməsi üçün tərəflərdən iki hakim təyin edilməsini təklif etdi. Fəqət həz. Əli aralarında Allah hökm verənə qədər savaşmağa qərar verdi. Bu zaman ordusundan bəziləri hakim təyin edilməsini israr etdilər. Həz. Əli istəməyərək bu təklifi qəbul etdi. Lakin Təmim qəbiləsindən olan döyüşçülərin bir qismi məhkəmənin qurulmasına qarşı çıxdı. Onlar “hökmün yalnız Alalha məxsus olduğunu” deyərək ordunu tərk etdilər. Bu ilk firqəçilər özlərinə əl Həruriyyə və ya əl- Mühakimə adını verdilər. Sonradan bu ad digər xaricilərə də şamil olundu. Xaricilər əvvəl həz. Əlini hakim təyininə məcbur etdiyi halda, az sonra hakim təyinini böyük günah saydılar. Onlar hətta həz. Əlidən bu günaha görə tövbə etməsini tələb etdilər. Çünki onlara görə, həz. Əli hakəmə baş vurduğu üçün küfr etmişdi.
Haşiyə: Əshabından birisi qalxıb: “ Bizi hakim təyin etməkdən mən etdin, sonra da hakimlərin hökmünə tabe olmağı söylədin. Bilmirik bu iki işin hansı daha doğrudur”, -deyərkən, həz. Əli əlini əlinə vurub dedi: “Könlümdəki əhdi tərk edənin cəzasıdır bu. Sizə əmr etdiyim şey, Allaha and olsun ki, istəmədiyiniz şeyə sizi sövq etmək üçün idi. Fəqət o şeydə Allah xeyir təqdir etmişdi. Əmrimə tabe olsaydınız, doğru yolu tapardınız. Əyriliyə düşsəydiniz, sizə düz istiqamət verərdim. Boyun qoysaydınız, sizi nizama düzərdim… Fəqət bu işi kiminlə görüm, kimə güvənim? Mən sizi müalicə etmək istəyirəm, siz isə mənim dərdimsiniz…”
Xarici firqələrin müştərək prinsipləri
Xaricilərə görə: 1) Xəlifə sərbəst və ədalətlə seçilməlidir. Seçimə müsəlmanların müəyyən hissəsi yox, bütün müsəlmanlar qatılmalıdır. Xəlifə ədalətli olduğu, şəriətə əməl etdiyi halda rəhbərlik edə bilər. Xəlifə doğru yoldan ayrılıbsa, o, ya vəzifədən kənarlaşdırılmalı, ya da öldürülməlidir; 2) Xəlifəlik ancaq ərəb qəbiləsindən bir ailəyə məxsus deyil. Xəlifə olmaq xüsusində bütün müsəlmanlar bərabərdir. Xaricilər Məhəmməd(ə)- nin Qureyş qəbiləsinin Bəni- haşim soyuna mənsub olduğunu nəzərə alaraq, yolunu azdığı halda öldürülməsi və ya vəzifədən kənarlaşdırılması vacib olan xəlifənin Qureyşdən olmamasını təkid ediblər. Həmin səbəbdən onlar Qureyşdən olmayan Abdullah b. Vəhb ər- Rasibiyi özlərinə rəhbər seçiblər; 3) İnsanlar arasındakı münasibətlər yaxşı olduğu halda xəlifəyə ehtiyac yoxdur; 4) Hər günah işlədən kafiridr. Göründüyü kimi, xaricilər günahın kiçik-böyüyünə fərq qoymurlar. Onlar hakimə söykəndiyi üçün hətta həz. Əlini dindən çıxmaqda ittiham ediblər. Xaricilər etiqadlarına əks olan fikir sahiblərini, bəzi səhabələri dindən çıxmış hesab ediblər. Onlar Quran ayələrinin zahirinə üstünlük verdiyi üçün, həz. Əli onlara Quran ayələri ilə yox, Rəsululləhin sünnəti ilə cavab verib.
Maraqlıdır ki, xaricilər firqəsində müsəlman sayılmayan təriqətlər də var. Məsələn, Yezidiyyə və Meymuniyyə kimi. Yezidiyyə təriqətinin banisi Yezid b. Ənisə əl-Xarici olub. Yezid Allahu-Təalənin Məhəmməd(ə)-dən sonra farslardan bir peyğəmbər göndərəcəyini və onun həz. Məhəmmədin şəriətini ləğv edəcəyini iddia edib. Meymuniyyə təriqəti isə Meymun əl- Acrədinin adı ilə bağlıdır. Bu təriqət atanın övladlarının qızları ilə, bacı və qardaşlarının qızları ilə evlənməsini halal hesab edib. Həmin səbəbdən hər iki təriqət qeyri-islami sayılır.
Əhli sünnət vəl- camaət…
Müsəlmanların çoxluğunu təşkil edən əhli sünnət vəl-camaət (sünnilər) alimlərinin yekdil fikrinə görə dini- siyasi idarəçiliyin peyğəmbərlik xilafəti olaraq davam edə bilməsi üçün xəlifə dörd əsas keyfiyyətə malik olmaldıır: 1) O, Qureyş qəbiləsindən olmalı; 2) Ona biyət edilməli; 3)Məşvərət ilə seçilməli; 4) Ədalətli olmalıdır.
1)Sünni alimləri xəlifənin Qureyş qəbiləsindən olmasının əsas səbəbini Qureyşin üstünlüyü və xəlifənin onlardan olacağına dair Peyğəmbər(ə) kəlamları ilə izah ediblər. Peyğəmbər(ə) buyurub: “ İnsanlar xeyirdə də, şərdə də Qureyşə tabedirlər”; “İnsanlar iki nəfər qaldığı müddətə kimi bu iş Qureyşdə davam edər”. Lakin səhihliyinə çox böyük ehtimalla şübhə edilməyən bu kəlamlar mütləq bir direktiv yox, xəlifənin Qureyşdən olmasının daha münasibliyinə işarə edir. Çünki digər bir hədisə görə, həz. Peyğəmbər Vida həccində (632-ci il) buyurub: “Ərəbin qeyri ərəbdən, qeyri-ərəbin də ərəbdən heç bir üstünlüyü yoxdur. Bütün insanlar Adəm övladıdır… “ ; “Müsəlmanları doğru yola yönəldən adam kəsik burunlu zənci olsa belə, ona itaət edin…” Zahirən bir-birinə zidd olan bu hədislərin əsl mənasını – batinini isə növbəti kəlamda axtarmaq lazımdır: “Məndən sonra xilafət 30 il davam edəcək. Bundan sonra səltənət başlayacaq”. Yeri gəlmişkən, sonuncu kəlam həz. Məhəmmədin gələcəkdən xəbər verən möcüzələrindən biridir.
Göründüyü kimi, Peyğəmbər(ə) “xəlifənin Qureyşdən olması” (Qureyş Məkkədəki qəbilənin adıdır. Həz. Peyğəmbər bu qəbilənin Haşimi nəslinə mənsub idi. Qureyşin digər qolu Əməvilər olub) kəlamı ilə xilafətin 30 il davam edəcəyinə işarə edib. Bu müddət isə Qureyşdən olan 4 rəşidi xəlifənin hakimiyyətini əks etdirir- 632- 661- ci illər. Deməli: 1) Yuxarıda qeyd olunan bütün hədislər səhih və yerindədir; 2) həz. Əlidən sonra hakimiyyətə gələnlər xəlifə yox, həzrəti Peyğəmbərin buyurduğu kimi, səltənət başçılarıdır. Bu məntiqdən çıxış edib həm də deyə bilərik ki, həz. Əlinin hakimiyyətindən sonra İslam coğrafiyası xilafət yox, səltənət statusu daşıyıb.
2) Xəlifəyə beyət edilməsi məsələsi. Vurğulayaq ki, həz. Məhəmmədə və ondan sonrakı xəlifələrə beyət edilməsi Quran hikmətinə söykənir: “(Ya Peyğəmbər!) Sənə beyət edənlər şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allaha etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!”. (Fəth 10). Məhəmməd(ə) Mədinəyə hicrət etdiyi zaman mədinəlilərlə, Məkkəni fəth etdiyi vaxt məkkəlilərlə beyətləşibdir.
Səhabəi – Kiram hicrət edən mühacirlərin mədinəli ənsardan daha üstün olduğunu bildiyi üçün onların əksəriyyəti həz. Əbu Bəkrə, sonra həz. Ömərə beyət ediblər. Həz. Osmanın 6 nəfər arasında gizli səsvermə, həz. Əlinin xalqın tələbi ilə xəlifə seçilməsi də beyətlə yekunlaşıb. Beyət məsələsi Əməvilər dönəmində (661-750) də, Abbasilərin (750-1258) ilk vaxtlarında da aktual məsələ kimi gündəmdə olub. Lakin danılmaz faktdır ki, bu ritual Əməvilər dövründə zorla qəbul etdirilib. Təəssüf ki, Abbasilər sülaləsi də bu xəstəlikdən xilas ola bilməyib. Həmin dövrdə imam Malik: “Zorla and içdirilənin andı gərəksizdir. Zorla arvadı boşatdırılanın arvadı azad deyil” tətvasını vermək istəsə də, fəqət Abbasilər bunu ona qadağan etdilər.
3) Xəlifənin məşvərət ilə seçilməsi Qurani-Kərimin: “ … işlərini öz aralarında məsləhət-məşvərətlə görərlər…” (Şura 38) və “… (Ya Peyğəmbər!) onlarla məsləhətləş…” (Ali- İmran 159) ayələrindən qaynaqlanır. Bu ayələrə istinad edən həz. Peyğəmbər hər hansı bir məsələ barəsində vəhy olmadığı halda səhabə ilə məsləhətləşib. Dörd Rəşidi xəlifə zamanında isə məşvərət şurası olub. Lakin Müaviyyənin hakimiyyəti kələk və silahla zəbt etməsi ilə bu şuraya beyət görüntüsü verildi. Nəticədə, hakimiyyət atadan oğula miras yolu ilə keçdi ki, bu da məşvərət metodunun tamam ziddinədir.
Beyətin məşvərətlə aparılmasının vacibliyini önə çəkən həz. Ömər deyib:” Kim bir adama müsəlmanlarla məşvərət edilmədən beyətdə bulunursa, beyət edənə əsla beyət edilməz. Beyət edilənə də beyət edilməz”. Yəni İslam ümmətinin istək və iradəsini nəzərə almadan bir adama beyət edən şəxs, həm də xəlifəlik hüququndan- siyasi hakimiyyətə gəlmək şansından məhrum edilir. Deməli, məşvərət lazımdır və beyət də müsəlmanların məşvərəti ilə gerçəkləşdirilməlidir. Bəs beyət və məşvərət necə olmalıdır? Beyət və məşvərət əhli kimlərdir? Yuxarıdakı Quran ayələrindən göründüyü kimi, müqəddəs Kitab onların önəmliliyini bəyan etsə də, fəqət necəliyini təfsilatı ilə bildirmir, onların tənzim edilməsini və hansı yolla aparılmasını insanlara həvalə edir. Qeyd edək ki, beyət və məşvərətin metodları konkret şərait və dövrdən asılı olduğu kimi, həm də insanların sosial-iqtisadi, mənəvi səviyyəsindən asılıdır. Həmin səbəbdən bir bölgə və ya qurumun beyət və məşvərəti digərləri üçün keçərli olmaya da bilər. Bu baxımdan həz. Əbu Bəkrin xəlifə seçilməsi zamanı durum necə olursa- olsun, fakt budur ki, seçimin Peyğəmbər(ə)- nin təyini ilə olmadığı barədə fikirə heç bir şübhə yoxdur. Digər tərəfdən, beyət vaxtı nə həz. Əli, nə də onun tərəfdarlarının iştirakı təmin edilmədi. Həmin vaxt hətta həz. Peyğəmbərin yuyulmasını gözləməyən həz. Əbu Bəkr, həz. Ömər və tərəfdarları Səkifədə ənsarın dini-siyasi hakimiyyəti ələ almasınıdan ehtiyat edərək təcili ora getdilər…
Vurğulanması vacib məqamlardan biri də, Peyğəmbər(ə)-nin vəfatından sonra bəzi bölgələrdə dindən çıxmaların mövcudluğu idi. Həmin səbəbdən məşvərət və beyət ənsar və mühacirlərin iştirakı ilə əsasən paytaxtda – Mədinə əhli arasında keçirilirdi. Hakimiyyətə gələn həz. Əli bunu bütün müsəlman bölgələrində aparmaq istəyirdi. Təəssüf ki, hakimiyyət iddiasında olan Müaviyyə hidayət öndəri həz. Əliyə bu imkanı vermədi. O, həz. Əliyə edilən ümumxalq beyətin əksinə çıxmaqla müsəlmanlara qarşı çıxdı, ona beyət edənləri təqib etdi…
Növbəti nüanslardan biri də əhli sünnət alimlərinə görə xəlifənin məşvərətsiz də seçilə bilməsi məsələsidir. Belə ki, imam Malik yaşadığı dövrdə Ömər b. Abduləzizi örnək bir xəlifə (717-720) kimi qəbul etmişdi. Abduləziz isə məşvərətsiz hakimiyyətə gəlmişdi. İmam Malik hesab edirdi ki, beyətdən öncə xəlifənin seçimi şərt olmadığı kimi, beyət də şərt deyil. Şərt insanların xəlifədən razı qalması, onun haqqı, ədaləti müdafiə etməsidir. İmam Şafiyə istinad edilən mənbəyə görə, “qılınc gücünə xilafəti ələ keçirən, sonra ədalətlə idarə edən və Qureyş qəbiləsinə mənsub olan hər bir kəsin xəlifəliyi qanunidir”. Digər sünni alimi imam Əhməd b. Həmbəl yazıb: “Kim insanları çevrəsində toplayan və zorla, yaxud razılıqları ilə xəlifəliyini qəbul etdikləri hökmdara qarşı çıxarsa, həmin şəxs İslamın birlik və bərabərliyini zədələmiş olur”. Göründüyü kimi, əhli sünnət alimlərinin çoxuna görə, ədalətli olmaq üzrə bütün xəlifəlik şərtlərini birləşdirən hər bir kəs xilafəti zorla ələ keçirərsə, o, xəlifədir.
4) Xəlifənin ədalətli olması. Bu şərt xəlifədən tələb olunanların ən önəmlisidir. Ədalətin vacibliyi barədə Rəbbimiz buyurub: “Ey iman gətirənlər! (şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışın… Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin…” (Nisə 135); “Ey iman gətirənlər! … hər hansı bir camaata qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin, ədalətli olun…” (Məidə 8).
Haşiyə: Həz. Əli haqq döyüşdə bir düşməni yerə yıxıb başını kəsəcəyi an həmin şəxs imamın üzünə tüpürür. Həz. Əli dərhal onu buraxır. Düşmənin: “nə üçün məni öldürmədin?” sualına, həzrət cavab verir: “Səni Allah rizası naminə öldürəcəkdim. Fəqət üzümə tüpürdüyünə görə hiddətə gəldim. Bu zaman tutduğum niyyət zədələndiyi üçün səni buraxdım”.
Sünni alimlərindən ibni Teyyimə yazır: “Xəlifə ədalətli sayılıb məşvərətlə seçilərsə və sonra fasiq olduğu bilinərsə, bu xəlifəyə itaət edilib- edilməyəcəyi barədə ixtilaf var. Bəziləri belə xəlifəyə itaət edilməsi, digərləri isə itaət edilməməsi haqqında hökm veriblər. Birincilərə görə, şəxs etdiyi beyətə bağlı olduğu üçün itaət etməlidir. İkincilər isə beyət pozulduğu üçün itaət etməməlidirlər, deyiblər. Bütün müsəlmanlar Allaha üsyan edənə itaətin olmaması barədə yekdil fikirdədirlər. İxtilaf seçilməyən- qılınc gücünə gələn şəxsin ədalətli olduğu halda ona itaətin edilib-edilməməsi məsələsindədir”. Deməli, Teyyiməyə görə, Peyğəmbər(ə)-yə layiq olan xəlifəyə itaət etmək vacibdir. Əgər bu məqama seçilən şəxs günah işlədərsə, onun xəlifəliliyi Peyğəmbər(ə) xəlifəliyindən çıxar və o, bir dünyəvi iqtidar halına gələr. Belə xəlifə heç xəlifəliyə seçilməmiş statusunda olar. Belə status haqqında üləmanın üç müxtəlif fikri var: 1) Xəlifə fitnələrə səbəb olmursa, onu devirmək olmaz; 2) Ona itaət edilməz, çünki Allaha üsyan edən hökmündədir. 3) Ədalətsiz rəhbərə haqqı demək, anlatmaq lazımdır. Onu nəsihətlə islah etmək gərəkdir. Göründüyü kimi, xəlifəlikdə bu status barədə nəinki adi insanların, hətta üləmanın fikirləri müxtəlifdir. Həmin səbəbdən, həz. Peyğəmbərdən gəlməsi və səhihliyi iddia edilən kəlama müraciət edirik: “Bir rəhbər Allaha üsyanda bulunursa, onu yaxşı qəbul etməyin. Əlinizi də itaətdən tamam çəkməyin!”. Düşündürücü hədisdir…

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın