Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Dünya / “YUĞ teatrının binasının sökülməsi qanun pozuntusudur” -AMEA rəsmisi Rahibə Əliyeva

“YUĞ teatrının binasının sökülməsi qanun pozuntusudur” -AMEA rəsmisi Rahibə Əliyeva

Moderator.az AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası şöbəsinin müdiri Rahibə Əliyeva ilə müsahibəni təqdim edir:
– Rahibə xanım, YUĞ teatrının binasının sökülməsi…
 
– (sözümü kəsir) Həmin informasiyaları sizə kim verib?
– Təbii ki, mənbələrimizin verdiyi xəbər idi. Sizin rəhbərlik etdiyiniz şöbə həmin binanın sökülməsi barədə müsbət rəy veribmi? İlkin məlumata görə YUĞ teatrının binasının sökülməsinə müsbət rəy verməmisiniz.
– İndi başa düşdüm, bu məlumatlar sizə hardan sızıb.
 
– İstənilən halda şöbənin rəhbəri kimi sizin mövqeyiniz maraqlıdır.
– Çox vaxt jurnalistlər özləri bizim adımızdan doğru olmayan məlumatlar yazırlar. Bəzən də dediyimin üstünə ikisini-üçünü qoyub yazırlar.
– Söhbətimizin audioqeydi aparıldığına görə dediyiniz variant mümkün deyil.
– Bayaq mənə ANS-dən də bu barədə zəng etmişdilər. Bəs niyə məhz YUĞ teatrı ilə maraqlanırsınız və bu boyda abidələr sizi maraqlandırmır?
 
– İstənilən tarixi abidəylə, teatrla bağlı məsələ bizim üçün maraqlıdır.
– Yəqin ki, “Sovetski” məhəlləsindəki söküntü işlərindən xəbərdarsınız. 2015-ci ilin yaz aylarından Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizə müraciət olunmuşdu ki, həmin ərazidəki abidələrin neçəsi saxlanılsın. Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası şöbəsi olaraq ərazidə monitorinq apardıq. Monitorinqlərə əsasən 173 abidənin qorunub saxlanılmalı olduğunu dəqiqləşdirdik. Hətta binaları əhəmiyyət dərəcəsinə görə bal şkalasıyla da qiymətləndirdik. Siyahı Mədəniyyət və Turizm Nazirliyinə, yanılmıramsa, ordan da Nazirlər Kabinetinə göndərildi. Həmin siyahıdan 70 abidəni çıxardılar və 103 abidə saxlanıldı. Həmin abidələrin hamısı dövlət mühafizəsinə götürülüb. Ümumiyyətlə, “Sovetski” Bakının tarixi şəhərsalma ərazisidir. İçərişəhərdən sonra məhz bura inkişaf etməyə başlayıb. Əhəmiyyət dərəcəsinə görə 2001-ci ildə Nazirlər Kabinetinin təsdiq etdiyi kataloqda da bu abidələr yer alıb.
 
– Həmin kataloqda YUĞ teatrının yerləşdiyi bina da yer alıb?
– Bəli, yerli həmin hamam yerli əhəmiyyətli abidə kimi siyahıya alınmışdı. Bu abidələrin qorunması üçün də təkliflərimiz oldu. Bildirdik ki, abidələrin çoxu yaşayış binası olduğu üçün təyinatı üzrə istifadə oluna bilər. Məsələn, əgər məsciddirsə, məscid kimi, hamamdırsa, hamam kimi. Yaşayış binaları isə boşaldıla və gələcəkdə şəhərin baş planına uyğunlaşdırıla bilər. Tutaq ki, o binalarda muzeylər, ofislər yaradıla bilər.
 
– Sizin rəhbəri olduğunuz şöbənin qərarına əməl edilməyərək, sökülməsi qanun pozuntusudur…
– Hələ ki heç nə sökülmür.
 
– Bəs sökülərsə?
– Sökülərsə, əlbəttə, qanun pozuntusudur. Bu, dövlət tərəfindən qorunan memarlıq abidəsidir. Həmin abidələrin qorunması isə Nazirlər Kabineti tərəfindən 2015-ci ildə təsdiq olunub ki, 103 abidə qorunub saxlanılmalıdır. Bizə Yasamal Rayon icra Hakimiyyəti tərəfindən məktubla müraciət olunmuşdu ki, bu abidələrdən daha on birinin sökülməsinə icazə verilsin. Səbəb kimi yol çəkilişi göstərilmişdi.
– YUĞ teatrının binasının sökülməsi xəbəri mətbuatda çıxandan sonra teatr əməkdaşlarından, nazirlikdən sizə hər hansı müraciət, təzyiq olub?
– Heç bir müraciət olmayıb. Bizim institutda teatr şöbəsi də var. Oranın əməkdaşları məsələdən xəbərdar olandan sonra bizim şöbəyə yaxınlaşdılar ki, necə ola bilər bu bina sökülsün. Biz özümüz də memarlıq əhəmiyyətli olduğuna görə qorunan abidələr siyahısına daxil etmişdik. İki gün öncə monitorinq keçirərkən yenə də YUĞ teatrının içərisində oldum. Teatrın direktoruyla danışdım. O dedi ki, nazirlik bizi başqa yerə köçürəcək. Köçürülmək o demək deyil ki, bina sökülsün.
– Bu bina hamam olub və teatr kimi fəaliyyət göstərir. Ola bilərmi ki, teatr çıxarılsa belə, sökülməsin və hamam kimi istifadəyə verilsin?
– Əlbəttə, ola bilər. O bina hamam üçün yararlıdır və çox gözəl də binadır. Ümumiyyətlə, bütün abidələr öz funksiyasını yerinə yetirsə, daha yaxşı olar. Əgər məscid, yaxud hamam öz funksiyasını yerinə yetirə bilmirsə, başqa formada istifadə oluna bilər. Məsələn, həmin ərazidəki məscid kitabxana kimi fəaliyyət göstərir. Abidələrdən mütləq istifadə olunmalıdır. Əgər istifadə olunmursa, insan nəfəsi dəymirsə, giriş-çıxış yoxdursa, o abidə təbii təsirlərdən, yəni nəmişlikdən, aşınmalardan dağılır. Ancaq bir şərtlə ki, məsələn, məsciddən sex kimi istifadə olunmasın. Orada vibrasiyalar əmələ gələ, divarlar yararsız hala düşə bilər. Yeri gəlmişkən, Yasamal İcra Hakimiyyətindən 11 abidənin sökülməsi barədə müraciət olunsa da, onlardan biri bizim xəbərimiz olmadan sökülüb. Bu abidə Mirzəağa Əliyev küçəsində yerləşir. Hətta bizə müraciət olunub ki, binanın sökülməsinə rəy verək. Ancaq gedib gördük ki, bina yerində yoxdur. Özü də həmin bina Təhməzovlara məxsus çox qiymətli tikilidir. Bu bina haqqında akademik Şamil Fətullayevin kitabında maraqlı məlumatlar var.
 
– Sizin icazəniz olmadan tarixi abidəni sökən təşkilatı məhkəməyə vermək hüququnuz var?
– Bəli.
– YUĞ teatrının binası sökülərsə, məhkəməyə müraciət edəcəksiniz?
– Təhməzovların binası Bakının nadir memarlıq abidələrindən idi, koriatidalarla işlənmişdi. Orada “JEK” işçisi bizə dedi ki, bu bina qəzalı vəziyyətdə olduğuna görə sökdülər.
– Bu məsələ aydındır. Sualım ondan ibarətdir ki, sizin rəyiniz olmadan hər hansı qurum, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi YUĞ teatrının yerləşdiyi binanı sökərsə, atacağınız addım nə olacaq? Məhkəməyə müraciət edəcəksinizmi?
– Bilirsiniz necədir? Bizim rəydə göstərilir ki, razı deyilik, bu, tarixi abidədir.
– Razı olmasanız da sökülür…
– Sökürlər deyəndə ki, bu müraciət Nazirlər Kabinetindən gəlib. Əgər dövlət əhəmiyyətli iş görülürsə, sökməyə də dövlətin ixtiyarı var.
 
– Bəs əgər dövlət əhəmiyyətli deyilsə?
– Axı dövlət əhəmiyyətlidir. Orada yolların çəkilməsi…
– Olmasa?
– Ayrı-ayrı şəxslər tərəfindən sökülərsə, bizim məhkəməyə vermək hüququmuz var.
– Amma nazirlik söksə, məhkəməyə verə bilməzsiniz…
– Əlbəttə olmaz. Çünki nazirlik dövlət qurumudur.
– Dövlət qurumunun atdığı addım səhv ola bilməz ki? Onda nazirlik belə addım atırsa, deməli, sizin çıxardığınız qərar yanlışdır.
– Bizim qərar yanlış deyil. Yenə deyirəm ki, biz rəyimizi vermişik.
 
– Əgər iki tərəfdən biri haqlıdırsa, digər tərəf avtomatik haqsız olur. İndiki halda siz haqlısınız, yoxsa Mədəniyyət və Turizm Nazirliyi?
– Siz məni fırlatmağa çalışırsınız…
– Sizi fırlatmağa çalışmıram, sual verirəm.
– Bizdən rəy soruşurlar. Əgər mənfi rəy vermişiksə və sökürlərsə…
– Sökülməsi doğrudur?
– Onu deyə bilmərəm.
– Bəs yaxşı səhv yaxud düz olduğunu bilmədən necə qərar vermisiniz ki, həmin bina sökülməməlidir? Mənə maraqlıdır bilmədiyiniz şey haqda necə qərar verə bilirsiniz?
– Bizim rəyimizi soruşurlar, deyirik ki, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən sökülməməlidir, qorunmalıdır.
 
– Deməli, həmin binanı sökən istənilən qurumu məhkəməyə verə bilərsiniz…
– Bu dövlət proqramına əsasən görülən iş olduğu üçün nazirliyi məhkəməyə verməyimiz mümkün deyil. Dövlət abidələri qoruyur, lazım gələndə sökməyə də ixtiyarı var.(ölkə.az)

Həmçinin oxuyun

Netanyahunun xanımı təyyarədə qalmaqal yaratdı

İsrailin Baş naziri Binyamin Netanyahunu səfər zamanı müşayiət edən xanımı Sara Netanyahu laynerə daxil olarkən …

Bir cavab yazın