Yaxın günlərdə Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü olacaq
Türkiyə və Ermənistan ilk dəfə nümayəndə heyəti səviyyəsində görüş keçirəcək.
Bu barədə Türkiyənin NTV telekanalı xəbər verir. Görüşün gələn həftənin əvvəlində baş tutacağı gözlənilir.
İkitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı bəzi qərarların qəbulu, həmçinin əvvəllər qəbul edilmiş qərarların icrasının müzakirəsi planlaşdırılır.
Türkiyə tərəfdən nümayəndə heyətinə Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Serdar Kılıç rəhbərlik edəcək.
Rəsmi İrəvan Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin gözlənilən görüşü ilə bağlı məlumatı rəsmən təsdiqləyib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ruben Rubinyan və Serdar Kılıç arasında görüş planlaşdırılır", - məlumatda bildirilir.
Bundan əvvəl Türkiyə mətbuatı xüsusi nümayəndələrin Marqara-Əlican sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı ilk görüşlərini keçirəcəkləri barədə məlumat yayıb.