Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Xruşovun qızına xəyanət edən jurnalist – kürəkənin baş tutmayan “nazirlik” sevdası

Xruşovun qızına xəyanət edən jurnalist – kürəkənin baş tutmayan “nazirlik” sevdası

O, zənginlik arxasınca qaçmayıb, ölkənin birinci şəxsinin kürəkəni olmasından istifadə edərək lüks həyat yaşamayıb. Əslində heç ailə quranda da bu haqda düşünməyib. Tələbə yoldaşı ilə son qərarlarını veriblər və nikahdan sonra özlərini yeni ailə qurmuş cütlük kimi, o dövrdə Ukraynanın 1-ci katibi vəzifəsində işləyən Xruşova təqdim ediblər. Nə Xruşov, nə də həyat yoldaşı Nina Petrovna bu izdivacla bağlı heç bir fikir bildirməyiblər. Valideynlər belə qəbul ediblər ki, əgər qızları bu izdivaca razı olubsa, demək, belə də olmalıdır. Və Xruşovun qızı nikah zamanı öz həyat yoldaşının soyadını götürüb. Bununla da o, öz ailəsində Xruşov soyadının himayəsini, kölgəsini, mütləq böyüklüyünü hiss etmək və etdirmək istəməyib. 

Amma təbii ki, sonralar SSRİ rəhbərliyinə gələn Xruşov kürəkəni Aleksey Adjubeyin həyatında az rol oynamayıb…

Aleksey Adjubey Səmərqənddə anadan olub. Atası müharibədən qayıtmayıb. Bəzi mənbələrə görə isə, o, repressiya qurbanlarından biri kimi sürgündə güllələnib. Anası kiçik bir qəsəbədə dərzi işləyib. Aleksey məktəbi bitirdikdən sonra həmyaşıdları kimi ordu sıralarında xidmət edib. Xidmətini başa vurduqdan sonra isə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Müəllimləri və tələbələr Adjubeyin böyük jurnalist olacağına şübhə etməyiblər. Onun yaradıcılıq potensialı, intellekti, istedadı hələ tələbəlik illərindən göz önündə olub. Elə bu illərdə də Aleksey Adjubey onu dəlicəsinə sevən, eyni qrupda oxuduğu Rada ilə tanış olub və evləniblər.

Bir tərəfdən Adjubeyin istedadlı jurnalist olması, digər tərəfdən isə Xruşovun dəstəyi 1950-ci ildə onu “Komsomolskaya pravda” qəzetinə gətirib. İdman bölməsində müxbir işləyən Alekesey Adjubey qısa müddətdən sonra qəzetin baş redaktoru vəzifəsinə irəli çəkilib.

Xruşovun dəstəyi öz yerində, amma Adjubey həqiqətən də yaxşı bir jurnalist kimi tanınıb.

Çox keçməmiş, 14 may 1959-cu ildə Adjybey həmin dövrdə ölkənin ən nüfuzlu mətbu orqanı sayılan “İzvestiya” qəzetinə baş redaktor təyin olunub. Onun bu qəzetə rəhbərliyi dövrü “İzvestiya”nın “qızıl dövrü” kimi qiymətləndirilib.

Adjubey yeni ideyalarla çoşub-daşan, kollektivi həmişə ruhlandıran, qəzetin inkişafı üçün bütün yaradıcılıq imkanları sərf edən jurnalist olub. Və bütün bu həvəsin üzərinə artıq SSRİ-nin rəhbəri olan Xruşovun qayğısını da gəlsək, o, “İzvestiya”nı ölkənin birinci qəzetinə çevirib. İlk dəfə olaraq sovet mətbuatında ABŞ prezidenti Con Kennedi ilə müsahibənin müəllifi də Adjubey olub.

Məhz Adjubeyin dövründə qəzetin tirajı 1.6 milyondan 6 milyona qalxıb. Onun sayəsində “Nedelya” və “Za rubejom” qəzeti oxucuların ixtiyarına verilib.

Aleksey Adjubey SSRİ Jurnalistlər İttifaqının yaradılmasının ilk təşəbbüskarlarından biri olub.

Qayınatasının dəstəyini Adjubey cavabsız qoymayıb. O, Xruşovun məruzələrini hazırlayıb, xarici səfərlərdə onu müşayiət edən rəsmilərdən biri olub. Baş katibin Amerika Birləşmiş Ştatlarına səfərinə həsr olunmuş “Amerika üz-üzə” kitabının həmmüəlliflərindən biri olaraq Adjubey Lenin mükafatına layiq görülüb.

Zaman-zaman Adjubey yüksək dövlət mükafatları ilə təltif edilib. Partiyanın 22-ci qurultayında Mərkəzi Komitənin üzvü seçilib, Ali Sovetin deputat mandatını əldə edib.

Bütün bu yaradıcılığı dövründə və siyasi fəaliyyətində Xruşovun kürəkəni olaraq Adjubeyin adı digər kürəkənlər kimi heç bir qalmaqalda, korrupsiyada hallanmayıb. O, nə zəngin həyat tərzi sürüb, nə də çoxsaylı bağ evlərinə, mənzillərə, avtomobillərə sahib olub.

Adjubeyin adı yalnız bir məsələdə tez-tez hallanıb. Qadınlara olan münasibətdə. Dostları ona “tvorçeskiy babnik” adını veriblər. Ancaq bu məsələ heç vaxt Xruşovun ailəsində müzakirə mövzusuna çevrilməyib. Çox sadə bir həyat tərzi sürən həyat yoldaşı Rada qalmaqalların, səs-küylərin yaranmaması üçün həyat yoldaşının xəyanətlərinə göz yumub.

Aleksey Adjubeyin Xruşova təsir gücü də az olmayıb. Onlar tez-tez bir masa arxasında əyləşib ölkənin mövcud durumu barədə, siyasi proseslər mövzusunda fikir mübadiləsi aparıblar. Adətən, çox vaxt heç kimlə razılaşmayan “çılğın” Xruşov kürəkəninin fikirlərinə tez-tez şərik olub. Belə söhbətlərin birində Adjubeyin SSRİ xarici işlər naziri vəzifəsinə təyin edilməsi məsələsi də müzakirə olunub. Xruşov qeyri-rəsmi bu təyinatın xeyir-duasını verib.

Ancaq zaman, baş verən hadisələr həm Xruşovun, həm də Adjubeyin düşündüklərini alt-üst edib. Xruşov devrildikdən sonra, elə səhərisi gün Adjubey “İzvestiya”dan uzaqlaşdırılıb, Mərkəzi Komitənin üzvlüyündən çıxarılıb.

Mədəni formada sürgünə göndərilən Adjubeyə “Sovetskiy soyuz” jurnalında publisistika şöbəsinin müdiri vəzifəsini veriblər. Həmin şöbənin isə yalnız bir işçisi olub – tanınmış jurnalist Akeksey Adjubey.

Adjubeyin sonrakı həyatı çox da ürəkaçan olmayıb. O, şəhər ətrafında kiçik bir bağ almaq üçün evindəki bütün əşyaları satıb. Tikintini yekunlaşdırmamış yanğın baş verib. Yenidən çox çətinliklə bağ evini minimum yaşayış üçün bərpa etdikdən sonra yenidən yanğın baş verib. Bu dəfə isə Adjubey arzuladığı bağı bərpa etmək gücündə olmayıb. Yanğınların isə qəsdən, yaxud təsadüfən baş verməsi sirr olaraq qalıb.

Aleksey Adjubey 19 mart 1993-cü ildə vəfat edib.

Qeyd edək ki, Adjubeyin həyat yoldaşı, Xruşovun qızı Rada Adjubey 2016-cı ildə 88 yaşında vəfat edib. O, təxminən 50 il eyni rdaksiyada, “Elm və həyat” jurnalında işləyib.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …