Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Xarici şirkətlər Gürcüstanda neft ehtiyatları tapdılar?

Xarici şirkətlər Gürcüstanda neft ehtiyatları tapdılar?

Xarici şirkətlər Gürcüstan ərazisində neft yataqları olduğunu iddia edirlər və bununla əlaqədar axtarışlara da başlanılıb.

Bu barədə mətbuata Gürcüstanın Neft və Qaz Korporasiyasının rəhbəri Giorgi Tatişvili məlumat verib.

G.Tatişvili “Kommersant” radiosuna açıqlamasında bildirib ki, İspaniyanın “Repsol İspan” şirkəti Gürcüstan ərazisində neft yataqlarının olması barədə bu ölkənin müvafiq strukturlarına məlumat verib və axtarış-qazma işləri, tədqiqatlar aparmaqda maraqlı olduğunu bildirib.

Onun sözlərinə görə, Gürcüstanda çalışan digər xarici şirkətlər də neft axtarışında maraqlıdırlar.

G.Tatişvili deyib: “Təxminən bir ay əvvəl “Repsol İspan” şirkəti Gürcüstanda neft yataqlarının olması perspektivləri haqqında bizə məlumat verib və bu istiqamətdə tədqiqat işləri aparmaqda maraqlı olduqlarını bildirib. “Repsol İspan” böyük neft şirkətlərindən biridir və bu şirkət ilə saziş rəsmiləşdirilib”.

Onun sözlərinə görə, Gürcüstanda neft hasilatı ilə bağlı Çin şirkəti də maraqlıdır və onlarla da müqavilə imzalanıb.

“Bu şirkətlər ölkədə kor-koranə tədqiqat aparmırlar. Onlar toplanmış materialı öyrənir və təhlil əsasında qərar qəbul edirlər. Ehtimal var ki, onların tədqiqatlarına görə, hələlik neft aşkar olunmayıb, lakin minimum risklər var”, – deyə Tatişvili vurğulayıb.

Gürcüstanın Neft və Qaz Korporasiyası rəhbərinin sözlərinə görə, ölkənin 23 bölgəsində neft ehtiyatlarının hasilatı ilə bağlı müqavilə imzalanıb və rəsmiləşdirilib. Lakin neft emalı üçün lisenziya üç şirkətə verilib. 2017-ci ildə Gürcüstan 40 min ton neft hasil edib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda ildə təxminən 2,5 milyard kubmetr qaz, 1,2 milyon ton neft məhsulları istehlak olunur. Gürcüstana karbohidrogenlər (neft və qaz) əsasən Azərbaycan, Rusiya, Rumıniya və Bolqarıstandan gətirilir.(“Report”)

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …