Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Xərçəngə tutulan Sultan, Ecevitin xanımı və Kobenin faciəvi ölümü – FOTOLAR

Xərçəngə tutulan Sultan, Ecevitin xanımı və Kobenin faciəvi ölümü – FOTOLAR

2020-ci ilin yanvar ayı başa çatdı. İlin ilk ayı bir çox hadisələrlə yadda qaldı. Həmçinin, yeni ilin birinci ayında bir neçə tanınmış şəxs dünyasını dəyişdi.

Yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım SüleymaniABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. Bundan sonra İranla ABŞ arasında münasibətlər gərginləşib.

Yanvarın 10-da 49 il Omana rəhbərlik edən Sultan Qabus bin Səid uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib. Onun ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib. Qabus bin Səid 2015-ci ildən xərçəng xəstəlindən əziyyət çəkirdi.

Tanınmış sovet rejissoru Konstantin Bromberq yanvarın 13-də 80 yaşında ABŞ-da dünyasını dəyişib. Bromberq daha çox “Elektronikanın macəraları”, “”Çarodeylər” sovet filmləri ilə yaddaşlarda qalıb. Onun kinoda debüti “Kolka Pavlyukovun uzun günü”ndə olub, həmçinin “Yeralaş”ın bir neçə buraxılışını da çəkib. Mərhum rejissor “Elektronikanın macəraları”na görə SSRİ Dövlət mükafatına layiq görülüb. Rusiya Federasiyasının əməkdar incəsənət xadimi olub.

Yanvarın 14-də Məşhur “Aşk-ı Memnu” serialının “Hilmi”si, aktyor-müğənni Recep Aktuğ həyatını itirib. R.Aktuğ ötən il xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun ağciyərinə su yığıldığını, belində iki sümüyün sındığını açıqlamışdı.

Türkiyənin keçmiş Baş Naziri Bülənt Ecevitin həyat yoldaşı Rahşan Ecevit yanvarın 17-də 97 yaşında dünyasını dəyişib. Gülhanə Hərbi Tibb Akademiyasında müalicə alan xanım Ecevit böyrək və ağciyər çatışmazlığından vəfat edib.

R.Ecevit 1923-cü ildə Bursada anadan olub. Demokratik Sol Partiya ilə Demokratik Sol Xalq Partiyasının qurucusu və ilk rəhbəri olub. 1946-cı ildə Bülənt Ecevitlə ailə qurub.

Yanvarın 22-də Gürcüstanın keçmiş Baş Naziri Tenqiz Siqua 85 yaşında vəfat edib. O, 90-cı illərdə Gürcüstanın ən ağır dönəmində ölkənin Baş Naziri vəzifəsində çalışıb. T.Siqua 1990-cı ilin 15 noyabr tarixindən 1991-ci ilin 18 avqustuna kimi Gürcüstanın Nazirlər Şurasının sədri olub. Qamsaxurdiya devrildikdən sonra müvəqqəti olaraq Baş Nazir vəzifəsini icra edən Siqua 1992-ci ildə parlament tərəfindən bu posta təsdiqlənib. 6 avqust 1993-cü ildə parlamentin hökumətin təqdim etdiyi büdcəni rədd etməsindən sonra istefa verib.

BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) icraçı direktoru Piter Salama yanvarın 24-də həyatını itirib. Həkim-epidemioloq P. Salama ÜST-də 2016-cı ildən işləməyə başlayıb. Bundan əvvəl isə YUNİSEF-də çalışıb.

Yanvarın 26-da məşhur amerikalı basketbolçu Kobe Brayant helikopter qəzasında həlak olub. Hadisə Kaliforniyada baş verib. Brayanta məxsus helikopterin yerə çırpılması nəticəsində onunla yanaşı 13 yaşlı qızı da ölüb. Qəzada həyatını itirən iki qat olimpiya və beş qat NBA çempionu, “Black Mamba” ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu. Brayantın qəzada həlak olan 13 yaşlı qızı Ciannadan başqa 3 övladı yadigar qalıb. Azvision.az

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …