XİN rəhbəri bildirib ki, Türkiyə suveren dövlətdir və sərhədlərinin qorunması üçün müvafiq tədbirlər görməlidir.
“Biz 10 ildir ki, oxşar sistemləri ABŞ-dan almaq istəyirdik. Lakin bu cəhdlərimiz uğurla nəticələnmədi. Türkiyə NATO üzrə digər müttəfiqlərinə də müraciət etdi, amma uğursuz oldu. Ona görə də biz Rusiyanın təklifini qəbul etdik”, – deyə Çavuşoğlu bildirib.
Nazir vurğulayıb ki, əgər Ankaranın “S-400” almasına görə NATO üzrə müttəfiqlərindən kimlərsə sanksiyalar tətbiq etmək qərarına gəlsə, Türkiyə onların addımına cavab verəcək.
Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə “S-400” zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın “S-400” sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.
Lakin ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan “S-400” raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. Vaşinqton hesab edir ki, “S-400” sistemlərinin alınması Türkiyəyə “F-35” qırıcılarının verilməsinə mənfi təsir edə bilər.
ABŞ Konqresinin 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində vurğulanır ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz. Buna baxmayaraq, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.
AzVision.az