Şənbə , May 25 2019
Ana səhifə / Dünya / “Var-dövlətim, mal-mülküm yoxdu axı” – Anar

“Var-dövlətim, mal-mülküm yoxdu axı” – Anar

“ Azinforum.az ” Kulis-ə istinadən Xalq yazıçısı Anarlın “Naşir” jurnalında yayımlanan müsahibəni ixtisarla təqdim edir.

– Fikrət Qoca müsahibələrinin birində qeyd edib ki, Anarın yaxşı keyfiyyətlərindən biri güvənilir olmasıdır. Amma onun kiməsə bütünlüklə güvəndiyini görmədim, olmadı. Doğrudanmı sizin üçün güvənmək çətindir?

 – Fikrət Qoca elə özü mənim güvəndiyim insanlardan biridir. Mənə də güvənənlər çox olub. Heç vaxt heç bir dostumun arxasından qaçmadım. Amma mənə xəyanət edənlər çox oldu. Bəlkə, “heç kimə bu baxımdan güvənmir” deyib.

– Xəyanətlə qarşılaşanda nə etmisiniz?

– Nə edə bilərdim, heyifsilənmişəm, eyvah demişəm. Özü də yamanlığı, dönüklüyü həmişə yaxşılıq etdiklərimdən görmüşəm. Yadıma gəlmir ki, kiməsə pislik edim. Bəzən imkanım olmayıb, yaxşılıq edə bilməmişəm. Amma imkanım daxilində əlimdən gəldiyi qədər yaxşılıq etməyə çalışmışam. Yaxşılıq etdiklərimdən nankorluq görəndə bu məni həmişə incidib.

– Fidan xanım haqqınızda danışanda vurğulayıb ki, əslində, qardaşımın çox səmimi olub hər kəsə inanması insanları çox sevməsindən irəli gəlir.

 – Bilirsiniz, ağlıma gətirə bilmirdim ki, yaxşılıq etdiklərimdən pislik görə bilərəm. Və ya mənə kimlərinsə pislik arzuladığına inana bilmirdim. Sonra gördüm ki, hər hansı səbəbdənsə belə də olur. Bəzən dostlarım deyirdilər ki, paxıllıqdan edirlər. Mənsə düşünürdüm, nəyimə paxıllıq edirlər ki? Dövlətli adamları, məşhur müğənniləri qoyub mənə niyə paxıllıq etsinlər? Var-dövlətim, mal-mülküm yoxdu axı. Dövlət maşınım, 3 otaqlı mənzilim və bankda da mükafat alandan alana qoyduğum puldu. Yəni səbəb tapa bilmirdim.

– Bəzən naşükürlüklə də qarşılaşırsınız, münasibətiniz necə olur?

– Bilmirəm, bəlkə, başqa sahələrdə də belədir, amma mən bu sahədə olduğum üçün deyə bilərəm ki, yazıçılar, şairlər bir az fərqli düşünürlər. İndi xüsusən cavanlarda iddia çox böyükdür. İstedadları və yazdıqları ilə iddiaları üst-üstə düşmür. Çox zaman kəskin münasibətlərin və ciddi ədəbiyyatın yaranmamasının məğzində bax bu boşluq durur. Bir-iki babat şeir yazıb səhəri gün dahilik iddiasına düşürlər. Və özlərindən yaşlı nəsli kəsib atırlar, qəbul etmirlər.

– 60-cı illərdə necə idi, o zamanın gəncliyi necə düşünürdü?

– O zamanın gəncləri olan biz bizdən əvvəlki nəslin bir qismini estetik baxımdan qəbul etmirdik. Amma hörmətsizlik edib heç birinə demirdik ki, siz yazıçı deyilsiniz, ədəbiyyat bizdən başlayıb. Biz deyirdik ki, siz o cür yazmısınız, biz də belə yazırıq. İndi ümumiləşdirmək istəmirəm, amma boş iddiası olan gənclik çoxdur. Düzdür, sağlam gənclik də var, hansı ki, biz də onların yanında olmağa çalışırıq. Məni ən çox incidənsə bəzilərinin ədəbiyyata vicdansız yanaşmalarıdır. Yəni vicdanı olan adam ədəbiyyatın hansısa böyük dəyərlərini belə insafsızcasına dana bilməz. Zərrə qədər vicdanı olan hər kəs öz yerini bilər, təhqiredici münasibətdən uzaq olar. İçlərində zəhər, çirkab olan adamların az-çox dəyərli əsər yarada biləcəklərinə inanmıram. Zəhər istedadı məhv edir. Belələri sanki faşist proqramı əsasında münasibət tənzimləyirlər. Özlərinin bəyənmədiyini və təhqir etdiyini kimsə bəyənsə, o adamı da zəhərləmək mövqeyinə keçirlər, beləcə ətrafa nifrətlərini yoluxdurmağa çalışırlar.

– Qeyd etdiyiniz faşist mövqeyinin təməlində, sizcə, nə durur?

– Hikkə. Hikkə o deməkdir ki, iddian böyükdür, diqqət mərkəzində olmaq, tanınmaq istəyirsən, bunu yaradıcılığın və istedadınla bacarmırsan, tanınmış bir adamı qaralayaraq tanınmaq istəyirsən.

– İnanclarınız varmı?

– Allaha inanıram. Başqa heç bir dini ayinlərə, rituallara əməl etmirəm. Məşhəddə və Kərbəlada olmuşam. Anam Allaha bağlı insan idi. Həmişə deyərdi ki, ürəyinizi Allaha bağlayın, əməliniz düz, işləriniz yaxşı olacaq.

– Yuxu görürsünüzmü heç, yuxuya inanırsınız?

– Tez-tez yuxu görürəm. Bəzən dəhşətlisi də olur. Çox zaman yuxularım çin çıxır. Binəqədi rayonunda bina yanmamışdan bir neçə gün öncə qarışıq bir yuxu gördüm. Gördüm ki, evimin üstünə doqquzmərtəbəli bir bina gəlir. Sanki zəlzələ baş verir, yuxuda da hiss edirəm ki, artıq dünyanın sonudur.

Həmçinin oxuyun

Nazarbayev Türk Şurasının Fəxri prezidenti oldu

Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüş zamanı …

Bir cavab yazın