Vaqif Məmişov Peterburqda nüfuzunu itirir
06 Avqust 2019
Azərbaycanlı miyarderin adı Rusiya Federasiyası İstintaq Komitəsinin araşdırmaları ilə əlaqədar hallandırılır
Bu
gün xarici dövlətlərdə yaşayıb bizneslə, bəzən isə həmçinin siyasi
fəaliyyətlə məşğul olan həmyerlilərimizin sayı kifayət qədərdir. Lakin
təəssüflər olsun ki, onlardan heç də hamısının fəaliyyətinin ölkəmizə,
xalqımıza başucalığı gətirdiyini söyləyə bilmirik. Son vaxtlar
fəaliyyətinə dair daha çox neqativ rəylərin səsləndirildiyi belə
şəxslərdən biri də “Konrad” Şirkətlər Qrupunun prezidenti, Rusiyanın
Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin
vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni
Muxtariyyətinin sədri Vaqif Məmişovdur.
Rusiya mətbuatında yayımlanan
məlumatlara görə «Деловой Петербург» (“İşgüzar Peterburq”) nəşrinin
tərtib etdiyi “Milliarderlər siyahısı”nda Vaqif Məmişov 33 milyard rubl
məbləğində dəyərləndirilən sərvətilə 29-cu mövqeydə qərarlaşmışdı.
Məmişovun əsas aktivləri olaraq isə həmin vaxt Mexaniki zavod,
«Петровский строитель» (“Petrovsk inşaatçısı”), “ЛК «Ликострой»”
(“Likostroy” lizinq Kompaniyası) və «Автоарматура» (“Avtoarmatura” ASC)
müəssisələri qeyd edilmişdi. Yeri gəlmişkən, həmyerlimizin adının
hallandığı son illərin ən böyük qalmaqallarından biri də məhz “ЛК
«Ликострой»”-un keçmiş Farforovskiy qəbirstanlığının ərazisində inşaat
işləri aparmaq cəhdləri ilə bağlı olmuşdu.
Lakin ehtimal etmək
olar ki, Vaqif Məmişovun bu gün üstü açılan “iqtisadi-siyasi
maxinasiyaları” həmyerlimiz üçün daha təsirli nəticələrə gətirib çıxara
bilər. Məsələ bundadır ki, Peterburqun qubernatoru vəzifəsini Qeorqiy
Poltavçenkonun daşıdığı illərdə Vaqif Məmişov da milli məsələlər üzrə
qubernatorun müşaviri kimi, Smolnıda (Sankt-Peterburq hökumətinin və
qubernatorun iqamətgahının yerləşdiyi bina) böyük nüfuza və təsir gücünə
malik idi. Bu təsirin gücü isə V.Məmişovun qubernatorun aparat rəhbəri
David Adamiya ilə yaxın münasibətlərindən qaynaqlanırdı. Öz növbəsində
Adamiya da Smolnının kadr məsələləri üzrə “boz kardinal”ı kimi
tanınırdı. Vaqif Məmişov isə bu əlaqələrindən məharətlə yararlanaraq bir
çox aparıcı postlara öz yaxın adamlarını, hətta qohumlarını təyin
etdirə bilmişdi. Məsələn, bu yaxınlara qədər Millətlərarası münasibətlər
və miqrasiya siyasətinin reallaşdırılması üzrə Komitənin sədri
vəzifəsini tutan Oleq Maxno, Peterburqun inşaatda dövlət nəzarəti və
ekspertiza Xidmətinin keçmiş rəhbəri Yevgeniy Kim birbaşa Vaqif
Məmişovun himayədarlıq göstərdiyi insanlar kimi təqdim edilirlər.
Gənclər siyasəti və ictimai təşkilatlarla qarşılıqlı əlaqələr
Komitəsinin sədr müavini Nizami Məmişov isə Vaqif Məmişovun qardaşı
oğludur. Diqqət etdinizsə, Oleq Maxno Yevgeniy Kimin vəzifə təqdimatları
artıq keçmiş zaman formasında verildi. Səbəb isə budur ki, hər iki
məmur artıq bir neçə aydır öz vəzifələrindən azad olunublar və onlara
qarşı cinayət işi açılma ehtimalı var. Ən azından prokurorluq tərəfindən
artıq bir neçə dəfə İstintaq Komitəsinə bu barədə təqdimat göndərilib.
Lakin
bizə maraqlı olan məqamlar bütün bu işlərdə Vaqif Məmişovun iştirakı
ilə bağlıdır. Belə ki, Peterburqun yeni qubernatoru (vəzifəni müvəqqəti
icra edən) Aleksandr Beqlov bu vəzifəyə gələndən dərhal sonra birinci
olaraq David Adamiya özü işdən çıxdı. Bundan sonra arxasız qalan Vaqif
Məmişov da Smolnıda yerini itirmiş oldu.
Lakin Məmişovun səyləri
nəticəsində yüksək dövlət vəzifələrinə təyin olunmuş kadrların dəqiq
sayı hələ müəyyən edilməyib. Hesab olunur ki, hətta bəzi rayon
administrasiya (icra hakimiyyəti) rəhbərləri də azərbaycanlı milyarderin
“adamı” ola bilərlər. Buna misal kimi, hazırda barəsində vəzifəyə
uyğunluğu ilə əlaqədar araşdırma aparılan, Moskva rayonu üzrə
administrasiya rəhbərinin müavini Nikita Aleksandrovun adı
hallandırılır.
Şəxsən Vaqif Məmişova gəlincə isə, Peterburqun
hüquq-mühafizə orqanları tərəfindən onun himayəsində sayılan məmurlara
qarşı külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi xüsusunda
araşdırma və cinayət işinin açılması, son nəticədə həmyerlimizə də yaxşı
heç nə vəd etmir.