Ana səhifə / Dünya / “Vaqif Bəhmənlinin nazirə yazdığı şeir matəm himni, faciə idi” – Səbuhi Zaman

“Vaqif Bəhmənlinin nazirə yazdığı şeir matəm himni, faciə idi” – Səbuhi Zaman

Aktyor, şair Səbuhi Zamanın “Qafqazinfo”ya müsahibəsi

– Hazırda İstanbulda yaşayırsız. Ora köçməyinizin səbəbi nədir?

– Bir sənət adamı və eyni zamanda bir yazar kimi İstanbul şəhərini seçməyim anidən verdiyim qərar deyil. İllərlə bu barədə götür-qoy edib imkanlarımı, gücümü, iradəmi gözdən keçirmişəm. Ətrafımda həyati məsələlərdə hər zaman məsləhətləşdiyim dostlarım var, onlarla danışmışam. Sonra İstanbula köçməkdən öncə burda yaşam şərtlərini yaxşı araşdırmışam. Çünki İstanbul başqa şəhərlərə bənzəməz. Burda yaşam şərtləri maddi baxımdan olduqca çətindi, amma mənim hədəflərim var. Bu hədəfləri dəqiq nişan almaq üçün illərlə etibarlı səngər və geniş savaş meydanına ehtiyacım olub. Və hazırda meydanda olduğumu deyə bilərəm.

– Türkiyədə nə işlə məşğulsuz?

– Türkiyədə məşğuliyyətim Azərbaycandakı məşğuliyyətimin davamıdır. Fərqli bir işim yoxdu. Qiraət sənəti ilə məşğulam. Tədbirlər, konsertlərdə sənətçi kimi səhnə alıram. Vətənim Azərbaycanı təmsil edirəm. Yaxın zamanda kitabım çıxacaq, hazırda onunla bağlı çalışmalardayam. Eyni zamanda televiziyalarda spiker kimi işləyirəm. Sənədli filmlər, reklam səsləndirmələri, dublyaj işləri görürəm.

Texniki işləri də yaxşı bilirəm. Montaj və səs proqramlarını əlimdən gəldiyi qədər öyrənirəm ki, bütöv olum. Natamam olmağı sevmirəm.

– Bir müddətdir ki, Türkiyədə yaşayırsız. Fikrimcə, müşahidə aparmağa vaxtınız olub. Azərbaycan və Türkiyə mədəniyyətləri arasında nə kimi fərqlər var?

– Bəli, bir müddət dediyiniz aşağı-yuxarı beş ildir. Bu, ümumilikdə Türkiyə içində yaşadığım müddətdir. Daha öncə paytaxt Ankara, Samsun, Mərsin kimi şəhərlərdə yaşamışam. Bu, böyük coğrafiyanın demək olar ki, çox yerindən xəbərim var. Qaldı ki, Azərbaycan-Türkiyə arasında mədəniyət sahəsindəki fərqlərə… Mövzu bu bir cümləylə ifadə olunacaq mövzu deyil. Eyni qandan, eyni candan olan iki qardaşın kültürü fərqli olmamalıdır. Amma məsələ burasındadır ki, bu qardaşlar eyni candan olsalar da, eyni taleləri yaşamayıblar. Bəli, müəyyən tarixdən sonra bizim qardaşlarımızdan fərqli olaraq, onlar kimi özgür ola bilməmişik. Bu səbəbdən onlardan geridə və irəlidə olduğumuz tərəflərimiz var.

– Azərbaycanda niyə daha çox komediya janrında filmlər çəkilir? Bunun səbəbi nədir?

– Açığını desəm, mən Azərbaycanda film sektorunda nələr baş verir, hansı janrda filmlər çəkilir, hansı janrlara marağın olduğu barədə danışmıram. Çünki mən hələ Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində tələbə olduğum zamanlarda filmlərdə aktyor kimi rol almağa çox çalışdım. Bir- iki dəfə serial çəkimlərində də oldum. İçimdəki enerjiyə, istedada heyfim gəldi. Rəhmətlik Zəlimxan Yaqubun bir sözü var . Deyir, “İçərimdə yatan qüvvə dayan, hələ baş qaldırma. Dağ qaldıra bilirsənsə, əbəs yerə daş qaldırma…”

Təxmini bu düşüncədə idim. İçimdəki aktyorluq nüvəsini atacağım meydanın orası olmadığını yaxşı bilirdim. Bu arada mənim televiziyalarda qonaq kimi dəvət aldığım və səhnələrdə sərgilədiyim özüməməxsus performanslarım o nüvənin qığılcımlarıdır. Amma sosial şəbəkələrdə ara-sıra paylaşımlarda rastıma çıxır. “Bozbash Pictures” deyilən qısametrajlı komediya filmi var. Bir-iki dəfə göz atmışam. Həqiqətən də “Bozbaş”dır. Bizim toplum düşünməyi sevən toplum deyil. Bu da tənbəllikdən doğan xüsusiyyətdir. Çünki düşünməyin özü də ərdəm tələb edir. Sözüm odur ki, düşündürücü filmərə ona görə ağırlıq verilmir, rejisorlar ona görə yüngülündən yapışırlar. Bəlkə də rejissorların bacardığı budur. Hər şeyə də tələb-ərz məsələsi donu geyindirmək olmaz..

– Şair Vaqif Bəhmənlinin Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə yazdığı şeir mətbuatda kifayət qədər səs-küy doğurdu. Sizcə, həmin şeir niyə daha çox tənqid olundu? Siz də bu şeiri ifa etmisiz. Fikrinizcə, Vaqif Bəhmənli şeiri özü də belə formada oxuyardı?

– Vaqif Bəhmənlini yaxından tanımırdım. Onunla bağlı mənfi fikirlərim də olmayıb. Əksinə, Mədəniyyət və Turizm Nazirliyində işləyən yaxın adamlar mənə V.Bəhmənli haqda həmişə müsbət danışıblar. Yaradıcılığı ilə də tanışam, hesab edirəm ki, oxucunu müsbət enerjiyə yükləyən şairlərdəndir. Onun şeirini səsləndirməyim isə gözlənilmədən, ani oldu. Bilirsiz, gözləmədiyin bir xəbər adamda qeyri-adi təsir qoyur. Əslində mən nazirə yazılmış o şeiri səsləndirməmişdən öncə çox pis olmuşdum. Açığı, gözləmirdim ki, Vaqif Bəhmənli belə bir şeir yazsın. O şeirin səslənməsi bir matəm himni idi sanki. Bədii qiraətimdə bir zahiri ironiya olsa da, əslində Azərbaycan ziyalısının faciəsini bir aktyor kimi oynadım. Siyasi proseslərin mənəviyyat adamlarına bu cür təsirini heç vaxt həzm edə bilməmişəm.Ümumiyətlə, o ifamın mətbuatda bu qədər sürətlə yayılacağını gözləmirdim. Bir də xəbər tutdum ki, bir gün ərzində yüz minə yaxın insan izləyib..

– Yəqin ki, məlumatınız var. Türkiyədə aktrisa kimi fəaliyyət göstərən Məlahət Abbasova İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini təyin edilib. Sözügedən teatrla heç əməkdaşlıq etmək fikriniz var? Fəaliyyətinizi orada davam etdirmək istəyirsiz?

– “Azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini təyin edilib”. Çox gözəl səslənir və çox da qürurvericidir. Çünki mən bu gün hansı əziyyətlərlə hansı şərtlər altında həqiqi sənətçi adını qazanmaq üçün nələrə qatlanıramsa, zamanında Məlahət xanım da mütləq bu bədəlləri ödəyibdir. Və bu gün o alın tərinin, iradəsinin, əzminin, mükafatını almış hesab olunur. İnşallah ki, daha böyük yerlərdə qərar tutar. Mən İsntanbula gəldiyimdə burda bir neçə sənət adamlarına zəng vurdum, müəyyən mənada məsləhət almaq üçün, imkan daxilində dəstəklənmək üçün onlarla görüşməyə çalışdım. Amma faydasız oldu. Məni əməlli başlı yola verdilər. Sənət camiyəsində qısqanc adamlar çoxdu. Hətta deyərəm ki, bəzi tanınmış sənət, söz adamları var ki, onlar istedadlı gənc görəndə diksinirlər. Məlahət xanıma müraciət etməmişəm. Çünki bu zamanda insanın özündən başqa kimsədən gözləntisi olmamalıdır. Zamanında Azərbaycanda xəyal qırıqlıqlarını doya-doya yaşamışam. Qarnım toxdur. Mən aşırı dərəcədə duyğusal adamam, buna həm də şairlik halı deyə bilərəm. Ən xəfif bir olay, bir kəlimə mənə toxuna bilir. Bu səbəbdən Allahdan başqa kimsədən umacağım yoxdur. İşlərim də yaxşıdır şükürlər olsun.

– Azərbaycan teatrlarında çalışan aktyorlar aldıqları qonorarın azlığından şikayət edirlər…

-Maaşlarla bağlı giley-güzar təkcə mədəniyyət sahəsində deyil. Müəllim, həkim maaşlarının azlığından şikayətlənənlər də var. Məncə balansı qorumaq lazımdı (gülür).

– Azərbaycanın mədəniyyət sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?

-Azərbaycanda yaşadığım zamanlarda mədəniyyətin təbliği ilə bağlı layihələrimi həyata keçirmək üçün tam 3 il qurumların qapılarını döydüm. Layihələrimi həyata keçirmək üçün maliyyə lazım idi. Bu səbəbdən istədim ki, “Azərbaycan mədəniyyətinin təbliği” adlı ictimai birliyi yaradım, qeydiyyatdan keçirim. Çox əlləşdim, vuruşdum. Sonra dedilər ki, adamın olmalıdır, boşuna özünü yorma. Həqiqətən də illərimi boş-boşuna itirdim. İndi şükürlər olsun ki, Azərbaycan üçün burada mədəni xidmətimi davam edirəm. Bu dediklərimlə Azərbaycanda mədəniyyət sahəsindəki vəziyyəti ifadə etmiş oluram.

– Bu vaxta qədər hansısa filmə çəkilmisinizmi?

-Türkiyəyə ilk gəldiyim vaxtlarda ehtiyac səbəbindən seriallarda bölüm oyuncusu olaraq agentliklərdən gələn təkilifləri qəbul etdim. Oynamaq məcburiyyətində qaldım, iki dəfə belə hal baş verdi. Daha sonra çəkilişlərə getmədim. Hazırda bir-iki layihə var, davamlı oynamaq üçün yapım şirkəti ilə anlaşmaq istəyirəm. Əgər mümkün olsa, potensialımı sərgiləmək üçün fürsəti dəyərləndirirəm.

Elvin Elxan

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın