Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Ukraynanın yeni prezidentindən inqilabi çağırışlar

Ukraynanın yeni prezidentindən inqilabi çağırışlar

Vladimir Zelenskinin andiçmə mərasimi keçirildi; parlament buraxılır, nazirlər istefa verir…

Dünən Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib. O, Ali Radada and içib və ardınca Konstitusiya Məhkəməsinin rəhbəri onun dövlət başçısı kimi vəzifəsinin icrasına başladığını elan edib.

Zelenski rəsmən səlahiyyətlərinin icrasına başlayıb. O, Ukrayna Konstitusiyasına və “İncil”ə and içib…. “Mən Ukrayna Konstitusiyası və qanunları əsasında səlahiyyətlərimin icrası zamanı Ukrayna vətəndaşlarının mənafeyindən çıxış edəcəyimə and içirəm”- deyən Zelenskinin nitqində xeyli ilginc məqamlar yer alıb.

“Yeni Müsavat” Rusiya mediasına istinadən xəbər verir ki, Zelenski çıxışında Avropa yolunu seçdiklərini, amma Avropanın uzaqda yox, beyinlərdə olduğunu deyib: “Avropa bizim beynimizdə olanda Ukraynada da olacaq. Biz futbolda İslandiya, texnologiyada yapon, doğma vətəni qorumaqda israillilər, xoşbəxt yaşamaq məsələsində isveçrəlilər kimi olmalıyıq. Bizim birinci tapşırığımız Donbasda ocağın söndürülməsidir. Krım və Donbas Ukrayna torpaqlarıdır. Biz orda təkcə torpaqları yox, insanları da itirmişik. Bu illər ərzində hakimiyyət heç nə etməyib ki, onlar özlərini ukraynalı kimi hiss etsinlər. Onlar yad deyillər, onlar ukraynalılardır”.

42 yaşlı prezident eyni zamanda bütün yüksək vəzifəli şəxslərdən onun portretini kabinetlərinə asmamağı tələb edib. Zelenski and içərək xalqa bütün məsuliyyəti ilə, vicdanla xidmət edəcəyini bildirib.  Yeni prezidentin çıxışındakı diqqət çəkən məqamlardan biri də onun Ali Radanı buraxması və ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlaması olub.

BBC rusca V.Zelenskinin çıxışındakı diqqətçəkən məqamları təhlil edib. “Yeni Müsavat” yazır ki, yeni prezidentin çıxışı 20 dəqiqədən artıq davam edib.

Vladimir Zelenskinin andiçmə mərasimi ile ilgili görsel sonucu

Parlamentin buraxılması ilə bağlı dedikləri isə Zelenskinin inauqurasiya çıxışının ən gözlənilən məqamı idi. Hazırda fəaliyyət göstərən Rada beş il bundan öncə seçilib. Həmin vaxt Zelenski ümumiyyətlə, siyasət barədə düşünmürdü.

BBC-nin Ukrayna bürosunun əldə etdiyi məlumata görə, parlamentin buraxılması barədə qərar 21 mayda dərc ediləcək.

Bu halda növbədənkənar seçkilər 14 iyulda baş tutacaq. Seçkilər hazırkı qaydalar əsasında keçiriləcək. Parlamentin yarısı mojaritar üsulla, digər yarısı isə partiyaların siyahısı əsasında seçiləcək. Sonuncu kateqoriyada 5 faizlik seçici baryeri əsas götürüləcək.

Bundan başqa, Zelenski Ali Radanı milli təhlükəsizlik naziri, müdafiə naziri və baş prokuroru istefaya göndərməyə çağırıb. Ukrayna qanunvericiliyinə görə, məhz prezident bu vəzifələrə namizədlərini parlamentə təqdim edir.

İlk iki nazir yeni prezidentin raportundan dərhal sonra istefaya gedəcəklərini açıqlayıb. Amma baş prokuror Yuriy Lusenko bildirib ki, könüllü şəkildə istefa verməyə hazırlaşmır.

İnauqurasiya zamanı Vladimir Zelenskiy bir neçə dəfə rus dilində danışığa keçid edib. Xüsusən də Donbasda və Krımda yaşayan insanların milli şüurunun qaytarılması üçün Ukraynanın hərəkətə keçməli olduğunu deyəndə rus dilinin imkanlarından istifadə edib.

Vladimir Zelenskinin andiçmə mərasimi ile ilgili görsel sonucu

“Onlar Ukrayna dilində başa düşürlər” – yeni prezidentin rusca danışmasına yerindən deputat Oleq Lyaşko etiraz edib.

“Çox sağ olun ki, siz insanları bölməyə davam edirsiz, cənab Lyaşko” – ona tribunadan yeni prezident belə cavab verib.

Zelenski inauqurasiya nitqinə başlayanda ilk olaraq deyib ki, o, 6 yaşlı oğlu da daxil olmaqla, hər bir Ukrayna vətəndaşının prezidenti olacaq: “Hazırda andiçmə mərasimində mən deyilən. Bizim hər birimiz əlimizi Ukrayna Konstitusiyasının üzərinə qoyduq və Ukraynaya sadiqlik üçün and içdik”. 

Bu məqama yeni seçilən prezident bir də nitqinin sonunda qayıdıb: “Mən çox istəyirəm ki, sizin kabinetlərinizdə mənim şəklim olmasın. Çünki mən prezidentəm – bu, ikona və idol deyil. Prezident portret deyil. Ora öz uşaqlarınızın şəkillərini asın və hər bir qərardan öncə onların gözlərinə baxın”.

Zelenski bildirib ki, onun ilk vəzifələrindən biri Donbasda atəşkəsə nail olmaq olacaq: “Bu həqiqətdir ki, tarix ədalətli deyil. Bu müharibəni biz başlamadıq, lakin biz bu müharibəni bitirəcəyik. Biz dialoqa hazırıq. Lakin mən əminəm ki, dialoqa başlamaq üçün ilk addım atılmalı və bütün ukraynalı əsirlər geri qaytarılmalıdır”.

Yeni prezident Donbasda sülhə nail olmaq üçün öz postundan gedə biləcəyini qeyd edib: “Artıq bizim qəhrəmanlarımız ölməyəcək, mən hər şeyə hazıram. Mən zəif qərarlar verməyəcəyəm və əgər lazım olarsa, öz populyarlığımı itirməyə hazıram. Əgər sülh bərpa olunarsa, mən öz postumdan getmək üçün tərəddüd etməyəcəyəm. Biz hamımız ukraynalıyıq. Böyük və ya kiçik, həqiqi və ya yanlış ukraynalı yoxdur. Biz birləşməliyik, çünki bundan sonra biz güclü ola bilərik”.

Xatırladaq ki, inauqurasiya mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri, Türkiyənin vitse-prezidenti, Belarus, Rumıniya, Slovakiya və Bolqarıstanın baş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri iştirak edib. Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …